RU

Fövqəladə Hallar Nazirliyi 64 milyon manata gəmi alır

Qanunu pozan və metodların tətbiq edilmədiyi "müəmmalı tender əməliyyatı” 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki Təchizat İdarəsi "Daşınan SONAR sistemi ilə təchiz edilmiş 1(bir) ədəd xüsusi təyinatlı SPA 5009 gəmi”nin satın alınması tenderinin nəticələrini elan edib.

Satınalma portalının məlumatına görə, tenderin qalibi "Bakı Gəmiqayırma Zavodu” MMC (VÖEN: 1701212051) olub. 

Qalib şirkətlə ümumilikdə 63 milyon 911 min 160 manat məbləğində müqavilə imzalanıb.

Kommersiya qurumlarının hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən "Bakı Gəmiqayırma Zavodu” MMC şirkəti 2011-ci ildə yaradılıb, hazırda nizamnamə kapitalı 446.97 milyon dollar təşkil edir. 

Şirkətin hazırki qanuni təmsilçisi isə Nuruyev Elşad Nuru oğludur.

Elşad Nuriyev 2022-ci ildə "Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri təyin edilib. 

Bundan əvvəl isə o, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, "Synergy Group” ASC-nin İdarə Heyətinin üzvü, "PMD Group”a yaxın şirkət olan "Agrarco” MMC-nin Direktorlar Şurasının sədri vəzifələrində çalışıb. 

Elşad Nuriyev "BP Azərbaycan”da, "Azpetrol”da və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinqlərində rəhbər vəzifələrdə işləyib.

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsinin rəisi isə İmanov Elnar Qəhrəman oğludur. 

O, 2023-cu ilin sentyabr ayında FHN rəhbəri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə təyin edilib.

Kapitalının 70.21%-i SOCAR-a məxsus olan "Bakı Gəmiqayırma Zavodu” MMC ilə FHN arasında olan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib(yəni elektron satınalma deyil).

Lakin "Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisna olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilməlidir. 

Bundan əlavə, "Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində həmçinin qeyd olunur ki, tender keçirilən zaman ehtimal olunan qiymət 100 000 manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. 

Ehtimal olunan qiymət 100 000 manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. 

Meydan TV-nin araşdırmasında adıkeçən qalib şirkətlə isə birdəfəyə 64 milyon manata yaxın məbləğdə müqavilə imzalanıb. Bu da qanun pozuntusu deməkdir.
Избранный
15
arqument.az

1Источники