RU

“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır- 2 min cərimə...

Image

İlqar Hüseynli: “Böyük bazarlarda çalışan sahibkarların vergi ödənişindən kənarda qalması ədalətli deyil”

Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. 

Bu, Milli Məclisin müzakirəsinə çıxarılacaq Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. 

Layihə bazarlarda, o cümlədən ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək. Ancaq kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olanların istisna təşkil edəcəyi gözlənir.

O da məlumdur ki, bazarlarda bir sıra məhsulların qiyməti dükanlarla müqayisədə nisbətən aşağıdır. Tikinti materiallarından tutmuş, geyim məhsullarına qədər bir sıra məhsullar bazarlarda daha sərfəli qiymətə olduğu üçün əhali ora gedir. Xüsusən “Sədərək”, “Binə” və digər böyük bazarlarda sahibkarların çoxu vergi vermir. O baxımdan yeni qərar bazarlarda qiymətlərin artmasına necə təsir edəcək?

“Ümumilikdə, yeni qərar bazarlarda qiymətlərin artmasına təsirsiz ötüşməyəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh ekspert İlqar Hüseynlinin fikrincə, nəinki böyük bazarlarda, digər iri satış mərkəzlərində də vergidən yayınma halları çoxdur: “Hətta leqal sahibkarlıqla məşğul olanlar da vergidən yayınır. Kifayət qədər vergidən yayınma halları var. Məsələn, ticarət müəssisələri var ki, orada tekstil, məişət texnikası alveri ilə məşğul olan insanlar var. Onlar vergi bəyannaməsini müəyyən gecikdirmələrlə edirlər. Həmin sahibkarlar çox cüzi miqdarda vergi yükünə sahibdirlər. Yaxud da ümumiyyətlə vergi ödəmirlər. Sadəcə, elə bazarlar var ki, onları bazar himayə edir. Həmçinin, kiçik təmir sexləri və digər sahibkarlıq subyektləri var ki, onlar da vergi ödəməkdən yayınırlar. Üstəlik, böyük bazar müdirləri var ki, icarə müqavilələrini vergidən qismən gizlədirlər. Yəni icarə müqavilələri üzərində olan rəqəmlərlə, sahibkarların ödədiyi rəqəmlər arasında böyük fərq var. Ona görə də bundan istifadə edən ticarətçilər, bazar sahibləri həm də vergilərin ödənilməsində sui-istifadə hallarına yol verirlər. Dünyanın hər yerində dövlət büdcəsi sahibkarlardan toplanan vergilər hesabına formalaşır. O üzdən, Azərbaycanda da bütün sahibkarlar dövlətin vergisini ödəməlidir. Böyük bazarlarda çalışan sahibkarların vergi ödənişindən kənarda qalması ədalətli deyil. O cümlədən, yaxşı olardı ki, qəbul edilən Rəqabət Məcəlləsi praktiki olaraq işləsin. Yaxşı olardı ki, vəzifəli şəxslər illik gəlir bəyannamələri versinlər. Deməyim odur ki, bütün bunlar kompleks yanaşma tələb edir. Yoxsa yetim-yesirə sanksiya tətbiq etməklə olmaz. Ümumilikdə, yeni qərar bazarlarda qiymətlərin artmasına təsirsiz ötüşməyəcək”.

Vidadi ORDAHALLI





Избранный
20
baki-xeber.com

1Источники