RU

ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı- Azərbaycan qalib gəlir

Image

Nikol Paşinyanın 1994-cü ildən bəri Bakı ilə danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması məsələsi üzərində aparıldığı barədə bəyanatı ATƏT-in Minsk qrupunun buraxılması üçün zəmin hazırlayır. Bunu erməni politoloq Qriqor Balasanyan deyib.

“95% əminəm ki, bu bəyanatlarla Paşinyan Minsk qrupunun buraxılması üçün hazırlıqlara başlayır. Bu, həm də prezident İlham Əliyevə Ermənistanın onun növbəti tələbini təmin etməyə hazır olduğuna işarədir”.

Balasanyanın fikrincə, Qarabağ münaqişəsinin əslində aşkar həlli yox idi: “Ermənistan və Qarabağdakı rejim Azərbaycanın ərazi bütövlüyünü əsas götürməkdən imtina edirdi, Azərbaycan isə Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu tanımağa razı olmurdu. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi isə münaqişənin uzunmüddətli dondurulması idi”. Qeyd edək ki, Paşinyan sosial şəbəkə səhifəsində 1994-cü ildən atəşkəs sazişi bağlanandan sonra danışıqlar prosesinin yalnız Qarabağın Azərbaycana geri qaytarılması ətrafında getdiyini yazıb. Ermənistan baş nazirinin sözlərinə görə, danışıqların başqa məzmunu olmayıb və bütün digər proseslər yalnız daxili siyasi məqsədlər üçün istifadə edilib. Onu da xatırladaq ki, bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında iştirakı zamanı prezident İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun görüşü olub. Azərbaycan prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Bununla yanaşı, prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bir daha bu mövzuya toxunub: “Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.

Qeyd edək ki, ki, Minsk qrupu işğalçı Ermənistana təzyiqlər göstərmək əvəzinə təcavüzkarla təcavüzə məruz qalan ölkəyə bərabər münasibət sərgiləyirdi: “Həmsədrlər problemin həlli üçün heç bir addım atmır, əksinə, status-kvonu qoruyub saxlamağa çalışırdılar. Bu da Ermənistanın maraqlarına uyğun idi.Azərbaycanın Vətən müharibəsində qələbəsi ATƏT-in Minsk qrupunu tarixin arxivinə yolladı: “44 günlük müharibədən sonra bu təsisata heç bir ehtiyac yoxdur. Lakin hələ də ATƏT-in Minsk qrupu rəsmi olaraq ləğv edilməyib. Bu təsisatın hələ də saxlanması üçün heç bir səbəb və buna lüzum yoxdur. İndilikdə İrəvan sülh müqaviləsi imzalanana qədər Minsk qrupunun buraxılmasını təxirə salmaq niyyətindədir. Bu mövqe, aydın məsələdir ki, sülh danışıqları prosesinin gedişatını ləngidir. İlk baxışda bu təsisatın ləğvi ilə Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesi arasında birbaşa əlaqə yoxdur. Amma Ermənistanın bu məsələdə gözləmə mövqeyinə keçməsi, Azərbaycanın təklifinə müsbət yanaşmaması onun başqa niyyətdə olmasından xəbər verir. Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Armen Xaçatryan bildirib ki, Minsk qrupu yalnız sülh müqaviləsi imzalandıqdan sonra buraxılmalıdır: “Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh yarananda, bütün məsələlər həllini tapanda və sülh sazişi imzalananda ATƏT-in Minsk qrupu buraxıla bilər. Yalnız bunlar baş verəndən sonra biz bu məsələni müzakirə edə bilərik. Amma indiki vəziyyətdə  onun müzakirəsi qətiyyən yolverilməzdir”. Halbuki, Minsk qrupunun saxlanılması özü sülh prosesinə zərbədir. Bunu İrəvanda da yaxşı bilirlər.

Samirə SƏFƏROVA





Избранный
17
baki-xeber.com

1Источники