Qardaş ölkənin inkişaf edən hərbi sənaye kompleksi həm də bütün türk dünyasının təhlükəsizliyinin qarantıdır
Son bir neçə ildə qardaş Türkiyənin hərbi sənayedə kompleksinin qazandığı ciddi uğurlar dünyanı heyrətləndirməkdə davam edir. Xüsusilə İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Türkiyə istehsalı olan PUA-lardan məharətlə istifadə edərək işğalçı Ermənistan silahlı birləşmələrini darmadağın etməsi hərb tarixinə qızıl hərflərlə yazıldı. Həmin uçuş aparatlarının döyüş tapşırıqlarını dəqiq və vaxtında icra etməsindən sonra dünyanın bir çox ölkələri qardaş Türkiyədən bu aparatlardan almaq üçün sırasını gözləməli oldular. Bu gün Rusiya- Ukrayna müharibəsində Ukrayna ordusu Türkiyədən alınan PUA-larla dünyanın ən güclü ordularından birinə qarşı məharətlə döyüşür. Hazırda həmin PUA-lar dünyanın 10-dan çox ölkəsinə ixrac olunur. Son 4 ildə Türkiyə yalnız PUA-ların ixracatından təxminən 8 milyard dollardan çox gəlir əldə edib. Qardaş ölkə bu uğurlarını davamlı etdirmək üçün hərbi büdcəsini durmadan artırır. Tüpkiyə 2024-cü ildə bu sahəyə 26 milyard dollar ayrımışdı ki, bu da ötən ildəkindən 500 milyon çoxdur.
Həmçinin, Türkiyənin ötən il dünyanın ilk hərbi PUA gəmisi – «TCG Anadolu»nu istifadəyə verməsi digər sevindirici xəbər oldu. Gəmi orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə Dəniz Qüvvələri Komandanlığına (DQK) təhvil verilib. Amfibiya hücum gəmisinin layihəsi DQK-nin ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanılıb və 2022-ci ildə onun sınaqları həyata keçirilib. Gəminin uzunluğu 231, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.
2024-cü ilin may ayında isə qardaş Türkiyə özünün «Kaan» milli döyüş təyyarəsini təkmilləşdirərək ilk uçuş sınaqlarını keçirməklə dünyanın diqqət mərkəzinə düşdü. «Kaan» Türkiyənin ilk milli döyüş təyyarəsi olmaqla həm də yeni nəsil hərbi təyyarədir. Qardaş ölkə bu təyyarələri ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Sözügedən təyyarə radarlardan itmə xüsusiyyətinə və səsdən iti sürətinə görə digərlərindən ciddi şəkildə fərqlənir. Artıq Rusiya «Kaan»ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq da təklif edib Həmçinin Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu təyyarənin çox mühüm üstünlükləri barədə belə deyib: «Elə bir uçuş düşünün ki, düşmənə görünmədən yuvasına girəcək. Getdiyi kimi də, etdiyi kimi də geri dönəcək. Bu təyyarəni ölkənin öz mühəndisləri və pilotları idarə edəcək. «Kaan» öz radar və missiya kompüteri ilə təchiz olunacaq. Bir neçə ildən sonra biz bütün sınaqları tamamlayıb inventarlaşdıracağıq. Dünyada bu növü istehsal edə bilən 5 ölkədən biri olacağıq. Türkiyə olaraq haradan gəldiyimizi və hara getdiyimizi görməliyik. Çoxlu gizli hücumları belə başa düşməliyik. Hazırda bir çox ölkələrin təyyarə və helikopterləri üçün proqram təminatı istehsal edirik. THY-nin bir çox təyyarəsində ölkəmizin imzası var. Silahlı Qüvvələrimizin radar təyyarələrini, kəşfiyyat və müşahidə təyyarələrini həmişə yerli və milli sistemlərlə təchiz etmişik.»
Belə bir məşhur atalar sözü var: «Borcluyam düşmənə, qoymur məni düşməyə». Yəni, mənası odur ki, düşmənlə mübarizədə ona ciddi müqavimət üçün fərd olaraq hər bir insan, cəm olaraq hər bir ölkə inkişaf etməyə, heç kimdən asılı olmamağa çalışır və buna məcburdur. Bu mənada qardaş Türkiyə ötən onilliklərdə ona tətbiq edilən ədalətsiz sanksiyalara qarşı özü ayaqda durmağa çalışdı və bacardı. Son illərdə ABŞ-ın Türkiyəyə «F-16» döyüş təyyarələri satışını dayandırması, Türkiyənin Rusiyadan «S-400» zenit-raket komplekslərini (ZRK) almasından sonra ABŞ-ın Türkiyəni «F-35» qırıcılarının istehsalı proqramından çıxarması və bu kimi bəhanələrlə hərbi sanksiyaların tətbiqi qardaş ölkənin hərbi sənaye sahəsinə ciddi yatırımlar etməsinə və nəticədə uğurlar qazanmasına səbəb oldu. Pilotsuz uçuş aparatları (İHA) və silahlı pilotsuz uçuş aparatlarının (SİHA) istehsalı ilə Türkiyə dünyada yüksələn bir gücə çevrildi. Müdafiə sənayesi sahəsində «Akıncı», «Hürkuş», «Singur», «Aksungur» kimi adlar adətən dünyada bir marka olaraq tanınmağa başlandı.
Eyni zamanda, «Meltem-3» layihəsi çərçivəsində hazırlanan sonuncu (6-cı) P-72 dəniz patrul təyyarəsi də Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə təqdim olunacaq. Dəniz platformalarına gəldikdə burada «İstif» sinifinə aid «İstanbul» adlı freqat, «Derya» təminat gəmisi, habelə yeni tipli sualtı qayıq olan «Piri Reis» Türkiyəyə aktiv şəkildə xidmət göstərməyə başlayacaq. Həmçinin embarqolar ilə üzləşməsi səbəbindən xaricdən alınan bəzi alt sistemləri də qardaş ölkə özü istehsal edəcək. Bununla da «Altay» tankının ilk seriyalı istehsalı tamamlanacaq. Bunlara əlavə olaraq yaxın gələcəkdə «Şimşək» hədəf dronunun, uzun mənzilli «Siper» hava hücumundan müdafiə (HHM) sisteminin, «hava-hava» tipli «Bozdoğan» və «Gökdoğan» raketlərinin, habelə tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksinin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Eləcə də bu il «Gökdeniz» yaxın məsafəli raketlərinin döyüş gəmilərinə inteqrasiya edilməsinə və sualtı qayıqlar üçün hazırlanan AKYA torpedosunun istehsalına başlanılacaq.
Təbii ki, qardaş Türkiyənin hərbi sənayesinin qlobal gücə çevrilməsi təkcə özünün deyil, bütün türk dünyasının əmin- əmanlığının qarantıdır. Xüsusilə indiki gərgin mərhələdə Azərbaycan Ordusunun NATO-nun ən güclü ordusu hesab edilən Türkiyə Silahlı Qüvvələrinə uyğun modernləşdirilməsi önəmli hadisədir və hərbi gücümüzə güc qatacaq amildir. Bir fransız jurnalisti ötən il Türkiyə haqqındakı məqaləsində Avropanı qınayaraq yazmışdı ki, siz Türkiyənin üzərinə getdikcə, ona basqılar etdikcə bu ölkə daha da böyüyür, gücləninr. Düz sözə nə deyəsən?..
Elçin Zaman, «İki sahil»