RU

Tehran İsrailin gələcək planlarından əndişələnir - ŞƏRH


Yaxın Şərqdə beynəlxalq təşkilatın yaradılması təklifi ölkənin təhlükəsizliyi ilə bağlıdır

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif Yaxın Şərqdə sabitliyin bərqərar olması və regional oyunçular arasında əməkdaşlığın gücləndirilməsi üçün regionda Müsəlman Qərbi Asiya Dialoqu Assosiasiyası (MWADA) adlı yeni qurumun yaradılmasını təklif edib.
Bu barədə C.Zərif Böyük Britaniyanın “The Economist” jurnalındakı məqaləsində yazıb. İranlı siyasətçinin fikrincə, yeni təşəbbüs Yaxın Şərqdəki bütün müsəlman ölkələrini - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, BƏƏ və Yəməni ümumi din, kollektiv təhlükəsizlik və qarışmama prinsipinə əsaslanan vahid platformada birləşdirməlidir. O qeyd edib ki, MWADA-nın əsas prioritetləri Qəzza zolağı, Livan, Suriya və Yəməndəki bütün mövcud böhranların həlli və qeyri-regional oyunçuların müdaxiləsinə qarşı mübarizə olmalıdır: "MWADA nəqliyyat sahəsindən başlayaraq boru kəmərləri və telekommunikasiya şəbəkələrinə qədər infrastruktur layihələri üçün əlverişli zəmin yaradacaq. Bundan başqa, qurum həmçinin mədəni mübadilələrə, su resurslarının idarə edilməsi sahəsində əməkdaşlığa, terrorla mübarizəyə və harmoniya içində birgəyaşayışın təşviqinə yönəlmiş media kampaniyalarına diqqət ayıracaq".

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Şərq”ə açıqlamasına görə, İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin Yaxın Şərqdə “sabitliyin yaradılması və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi” üçün Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası adlı yeni təşkilatın yaradılması ideyası İsrailin gələcək planları ilə bağlıdır: 

“İranın mühafizəkar dairələri 3 müttəfiqini – “Həmas”, “Hizbullah” və Əsəd rejimini itirdikdən sonra növbəti hədəfin onlar olacağını proqnozlaşdırırlar. Tehranda və Qumda qərar verənlər bu baş verməsin deyə Yaxın Şərqdəki bütün müsəlman ölkələri - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, BƏƏ və Yəməni birləşdirmək istəyirlər. Nə qədər ki “Həmas”, “Hizbullah” və Əsəd var idi, müsəlman ölkələrin birliyi Tehranın ağlına gəlmirdi, elə ki müttəfiqlər zəiflədildi və İsrailin Baş naziri Benyamin Netanyahu “növbəti hədəfimiz İrandır” söylədi, vəziyyət qəlizləşdi. İslam Əməkdaşlıq Təşkilatı varkən, müsəlman ölkələrin yeni birliyinə nə ehtiyac var? Tehran yeni birlik formatı ilə bölgədə anti-İsrail bloku formalaşdırmaq istəyir ki, təhlükə İrana çatdıqda “birlik” üzvləri ona kömək etsin. Ancaq Cavad Zərifinin birlikdə görmək istədiyi ölkələrin maraqları İranın maraqları ilə üst-üstə düşmür, bəzilərinin İsraillə dialoqu da var və bu səbəbdən onların yeni formata ehtiyacları yoxdur”.

Избранный
3
1
sherg.az

5Источники