RU

Paşinyanın “debat şousu” təşəbbüsü

“Qarabağ kartı” və 2026-cı il seçkilərinə hazırlıq

Paşinyanın “debat şousu” təşəbbüsü “Qarabağ kartı” və 2026-cı il seçkilərinə hazırlıq Ermənistanın baş naziri Nikol Paşinyan indidən ölkədə 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşır. Necə hazırlaşır? Çox sadə. Nikolun seçdiyi ənənəvi yol var. O, bir qayda olaraq, özündən əvvəlki iqtidar üzərinə köklənir. Daha doğrusu, həmin iqtidarın tənqidinə. Tənqiddə isə başlıca mövzu Qarabağdır. Paşinyan hər vəchlə sübut etməyə çalışır ki, Qarabağ itkisinə görə günahkar özü yox, ekslərdir.

Əlbəttə, Ermənistanın keçmiş liderləri də, necə deyərlər, borclu qalmır, öz arqumentlərini səsləndirir və Qarabağın əldən getməsində hazırkı iqtidarı ittiham edirlər. Bu, hər bir halda, çox asandır. Çünki Nikolun “Qarabağ Ermənistandır və nöqtə” deyərək, Azərbaycanla danışıqlar prosesini dalana dirəməsi və durumu gərginləşdirməsi reallığı var. O reallıq ki, 44 günlük müharibənin başlanmasında başlıca rol oynamışdı.

N.Paşinyan da durumun fərqindədir və 2019-cu ildə Xankəndinin mərkəzi meydanında səsləndirdiyi bəyanatın nəyə gətirib çıxardığını gözəl bilir. Amma eksləri günahlandırmaq üçün başqa tutarlı nə isə tapa bilmir. Mövcud situasiyada diqqətçəkən bir məqam da var. Söhbət Qarabağ mövzusunun Ermənistanda hələ də başlıca diskussiya predmeti olaraq qalmasından gedir. Həm müxalifət, həm də iqtidar cəbhəsi məsələyə eyni dərəcədə önəm verirlər. Daha dəqiq desək, hər iki cinah Qarabağ itkisinə görə “günah keçisi” axtarır, beynəlxalq hüquq prinsipləri isə yada düşmür. Bu, onu göstərir ki, bütövlükdə, erməni cəmiyyəti və siyasi istebleşmenti xəstəlikdən qurtula bilmir.

Xülasə, N.Paşinyan Qarabağla bağlı dediklərinə görə Ermənistanın eks-prezidentlər tərəfindən tənqid olunub və nəticədə Nikol onları debata çağırıb. Əslində, Nikolun seçkiyə hazırlaşması da elə budur. Paşinyan düşünür ki, debatda üstünlük əldə edəcək və 2026-cı ildə Qarabağla əlaqədar hansısa ittihamla üzləşməyəcək, yaxud ittihamların kəsəri zəif olacaq. Beləliklə, Nikol bildirib: “Yaxşı ki, keçmiş prezidentlər Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı yazıma öz nümayəndələri vasitəsilə cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm. Məncə, onların da gizlənməməsi düzgün olardı. Bu gün vəzifəmə etiraz edən prezidentlərin reaksiyasını gözləyirəm”.

Buna cavab olaraq, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan bildirib ki, Paşinyanın yalan danışmaq üzrə mütləq çempion olduğu çoxdan bəllidir. B.Mikoyan hökumət rəhbərinin 1994-cü ildən Qarabağla bağlı danışıqlar prosesinin bölgəni Azərbaycana qaytarmaq ətrafında getdiyinə dair fikrinə növbəti aşağılayıcı replika ilə də münasibət bildirib: “O (Paşinyan – red.), eyni zamanda, deyə bilər ki, Qarabağ hərəkatının əvvəlindən biz (köhnə komanda) Ermənistanın Qərbi Azərbaycan elan edilməsi üçün mübarizə aparmışıq. Görəsən, dünyada bu yalana inanan nə qədər sadəlövh erməni qalıb?”

Göründüyü kimi, M.Mikoyan manipulyasiyaya yol verir. Əlbəttə, o, bu baxımdan tək deyil. Məsələyə diqqət yetirəcəyik. Hələlik onu deyək ki, beynəlxalq birlik heç vaxt Qarabağın Ermənistana məxsusluğunu bildirməyib, eyni zamanda, bölgədəki artıq canını tapşırmış separatçı erməni rejimini tanımayıb. Amma fakt budur ki, həmin beynəlxalq birlik Qarabağın Ermənistan olması üçün çox çalışıb, müxtəlif üsul və vasitələrə əl atıb ki, bölgənin erməni torpağı olmasına dair təsəvvür yaransın və belə bir sərsəm düşüncə leqallıq qazansın. Danışıqlar prosesi məhz buna görə davamlı xarakter alıb və Ermənistanın keçmiş rəhbərlərinin ən böyük “xidməti” prosesi uzatmaq olub.

N.Paşinyan isə bunu bacarmadı. Həm də ona görə bacarmadı ki, özünü, bir növ, demokratiyanın qladiatoru obrazında görmüş, hesab etmişdi ki, onu hakimiyyətə gətirən Qərb dairələri Qarabağ məsələsinin İrəvanın mənafeyinə uyğun həllinə kömək göstərəcəklər. Hələ Nikola dəstək vədi də verilmişdi. Ortada təxminən belə bir plan var idi: “Demokratik Ermənistan” “avtoritar Azərbaycanı” məğlubiyyətə uğradacaq və bundan Qərb öz payını götürəcək. Yəni, Azərbaycanda hakimiyyət dəyişikliyi olacaq, ölkədə Qərbmeyilli marionet hökumət qurulacaq.

Sözümüz ondadır ki, Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını heç də elə-belədən səsləndirməmişdi. Lakin məlum olduğu kimi, Ermənistanın istəyi gerçəkləşmədi. Ölkə 44 günlük müharibədə acınacaqlı duruma düşdü. Bundan sonra Qarabağ mövzusu kabus kimi Paşinyan iqtidarının üzərinə çökdü və bu gün də həmin kabusdan qurtula bilmir. B.Mikoyan isə deyir ki, prezident Koçaryan uzun müddətdir baş nazirin qocalıq qeydlərini oxumur. Onun sözlərinə görə, (debatda) müzakirə üçün mübahisəli mövzu olmalıdır, Qarabağın və Ermənistanın suveren ərazilərinin təhvil verilməsinin indiki baş nazirin şəxsi “xidməti” olması isə danılmaz tarixi faktdır və bütün düşüncə sahibləri üçün aydındır. Ona görə də “heç kim TikTok-un komik personajları ilə ciddi mövzuları müzakirə etməyəcək”.

Qeyd edək ki, N.Paşinyanın debat təklifinə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın komandası da reaksiya verib. Amma bu da reaksiya yox, daha çox Nikolu ələ salmaqdır. Ter-Petrosyanın mətbuat katibi Arman Munisyan özünün “Facebook” hesabında yazıb ki, debatlar dövlət və cəmiyyət üçün son dərəcə faydalı olardı. Ancaq: “Nəticədə mübahisənin hər iki tərəfi bir-birini yalançı adlandıracaq. Üstəlik, Nikol Paşinyan – Nikol Paşinyan debatı təkcə Qarabağ məsələsində deyil, istənilən başqa mövzuda da son dərəcə faydalıdır. Məsələn, Amulsar, səfirlərin təyinatının siyasiləşdirilməsi, dövlət büdcəsinin israfçılığı, məhkəmə sisteminin müstəqilliyinin məhv edilməsi və sair mövzularda”.

Bu arada onu da deyək ki, N.Paşinyan Ermənistanın eks-prezidentləri ilə Qarabağ mövzusunda debat təklifinə verilən reaksiyalara da münasibət bildirib və növbəti dəfə mövqeyini təkrarlarıb. Baş nazir özünün “Facebook” hesabında yazıb: “Mən keçmiş prezidentləri bir daha düşünməyə və üzbəüz müzakirə üçün fürsətdən istifadə etməyə, üçüncü respublikanın tarixində baş verənlər haqqında müzakirə aparmağa çağırıram. Bu, media üçün üz-üzə görüşmək və üzbəüz debatla məsafəli müzakirəni yekunlaşdırmaq üçün unikal imkandır. Bu, təkcə keçmişlə bağlı söhbət deyil, həm də gələcək strategiyalarda oriyentasiya üçün əsas hadisədir. Problem təkcə mübahisədə deyil, həm də tarixi xalqa təqdim etməkdə, öz tarixini dərk etməkdədir. Keçmiş prezidentlər debatdan uzaqlaşıblar. Lakin mən onları yenidən düşünməyə çağırıram. Çünki gec-tez nəticələr çıxarılacaq. Mən vicdanlı yolu – üz-üzə dayanıb keçmiş prezidentlərlə görüşü seçirəm. Təklifimi qəbul etmələrini istəyirəm. Əks-halda, nəticələr xalqda qalacaq və mən xalqa bu nəticələrin çıxarılmasında kömək edəcəm”.

Paşinyanın bu mövqeyindən sonra əvvəldə səsləndirdiyimiz bir fikrə qayıdaq. Göründüyü kimi, baş nazir israrlıdır və o, indidən 2026-cı ilin parlament seçkiləri üçün ehtimal edilən və özünə qarşı istifadə olunacağı şübhə doğurmayan Qarabağ ritorikasına son qoymaq istəyir. Çünki haqlı olduğunu düşünür. Əks tərəf də Paşinyanın, belə demək mümkünsə, tutarlı arqumentlərlə silahlandığından xəbərdardır. Paşinyan onu da yaxşı anlayır ki, məhz Qarabağ mövzusu rəhbərlik etdiyi iqtidarın nüfuzu baxımından təhlükədir. Ona görə bu mövzudakı debatı seçkiyə bir ildən artıq müddətin qaldığı zamanda gerçəkləşdirmək istəyir. Əgər qalib gəlsə, müxalifətin ona qarşı çıxardığı Qarabağ kartı zəifləyəcək. Əksinə, debatda məğlubiyyətlə üzləşsə, o zaman reytinqi bərpa etmək üçün qarşıda müəyyən vaxt qalacaq. Yəni, bu səbəbdən Nikol debatda israrlıdır və şantajından qalmır. O, anons edir ki, əgər ekslər debat təklifi ilə razılaşmasalar, xalqa Qarabağ mövzusunda öz həqiqətlərini təbliğ edəcək. Bir sözlə, Paşinyan 2026-cı il üçün hər cür həyasızlığa əl atacağının anonsunu verir.

Ə.CAHANGİROĞLU
XQ

Избранный
12
xalqqazeti.az

1Источники