RU

ABŞ səfirliyi qərəzli fəaliyyətini “intensivləşdirib”

İkili standartlara əsaslanan siyasi mövqe ciddi qəbul olunmur

Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və bunun nəticəsində beynəlxalq müstəvidə mövqelərinin güclənməsi müəyyən xarici dairələri ciddi narahat edir. Xüsusilə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması beynəlxalq gücləri narahat edir. Məlumdur ki, hegemon dövlətlər digər xalqlara münasibətdə  öz maraqları baxımından yanaşırlar. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların geosiyasi ambisiyalara söykənən maraqları da dünyada ciddi təhdidlər yaradır. Həmin dairələrin yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqedir. Bu baxımdan, bəzi Qərb dövlətləri, xüsusilə ABŞ “öndə” gedir.

Qeyd edək ki, COP29-un ölkəmizdə keçirilməsi ərəfəsindən başlayaraq  ölkəmizə qarşı təzyiq cəhdləri artıb. Qərbdəki dairələr “ənənəvi” olaraq Azərbaycana yönəlik təzyiq cəhdlərində insan hüquqları amilindən istifadə edir. Son vaxtlar isə ABŞ-ın ölkəmizdəki səfirliyi bu yöndə fəaliyyətini “intensivləşdirib”. Həm rəsmi, həm də vətəndaş cəmiyyəti səviyyəsində səfirliyin bu yöndəki fəaliyyəti qınanılsa da, qarşı tərəf yalan və qərəz xarakterli addımlarını davam etdirir. Belə ki, növbəti dəfə səfirliyin sosial şəbəkə hesablarında  Azərbaycanda “siyasi məhbusların” olduğu iddia edilir.

XİN: ABŞ-ın indiki administrasiyası münasibətlərimizə xələl gətirmək məqsədini güdür

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür. Onun sözlərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur. “Görünür, ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır”, - deyə A.Hacızadə əlavə edib.

İcma: ABŞ səfirliyinin bəyanatı məzmun baxımından əsassız, manipulyativ və həqiqətdən uzaqdır

Qərbi Azərbaycan İcması da ABŞ-ın Azərbaycandakı səfirliyinin insan hüquqlarını müdafiəsi adı altında ölkəmizin daxili işlərinə qarışan növbəti bəyanatını qınayıb. Bununla bağlı İcma tərəfindən qeyd edilib ki, ABŞ səfirliyinin bəyanatı məzmun baxımından əsassız, manipulyativ və həqiqətdən uzaqdır. Mövcud ABŞ administrasiyasının insan hüquqlarının təşviqi adı altında fəaliyyəti tamamilə zərərlidir və hüquq anlayışı ilə bir araya sığmır.

Bəyanatda vurğulanıb ki, ABŞ administrasiyası Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının pozulması kimi kütləvi insan hüququ problemini gözardı etmiş və faktiki olaraq onlara qarşı etnik və dini əsasda ayrı-seçkiliyə yol verib. Bu ayrı-seçkilik insan hüquqları ideyasına vurulan ən böyük zərbədir.

Qərbi Azərbaycan İcması hazırkı ABŞ administrasiyasını, heç olmasa, son günlərində insan hüquqlarını siyasi məqsədləri üçün alət etməkdən çəkinməyə çağırıb və Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması kimi əsl insan hüquqları məsələsini müdafiə etməyə və bu haqq işinə dəstək verməyə səsləyib.

1 milyon azərbaycanlının pozulmuş hüquqlarına susan ABŞ...

Həqiqətən də, ABŞ administrasiyası insan hüquqları məsələsində  spekulyasiya edir. Əgər belə olmasaydı, Ermənistanın 30 illik işğalı dövründə doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiə edərdi. 30 ildə üzləşdiyimiz ikili sdandartlar, qərəzli mövqe isə bu gün başqa təzahürlərlə özünü göstərir. Erməni faşizmi Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə şəhər və qəsəbələrimizi, kəndlərimizi darmadağın edərək talayanda, maddi-mənəvi sərvərtlərimizi oğuralayanda, tarixi irsimizi məhv edərək tarixdə görünməmiş vandallıq aktı törədəndə ABŞ və Qərb ölkələri bu acı gerçəkliyi heç vaxt görmək istəmədi, Ermənistanın insanlıq əleyhinə cinayətlərinə göz yumdu.

Nəzərə almaq lazımdır ki, ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan dövləti Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu amil, həm də dövlətimizin beynəlxalq münasibətlər sistemində nüfuzunu və mövqelərini gücləndirir. Təəssüf doğuran hal odur ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir. Əslində, suverenliyimizin tam bərpa edilməsi beynəlxalq hüququn, o cümlədən insan hüquqlarının təmin olunmasıdır. Bütün bunları görməzdən gəlmək isə Qərbin qərəzinin göstəricisidir.

Nardar BAYRAMLI

Избранный
7
yeniazerbaycan.com

1Источники