RU

"Bu, oğurluqdur..." - “Azercell”dən ŞİKAYƏTLƏR ARTIR

“Azercell” 1 Fevral 2025-ci il tarixindən etibarən aylıq 2 manatlıq limit tətbiq edəcək. Yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 manat vəsait yükləməlidirlər. Əgər 2 manatdan az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə 2 AZN xidmət haqqı tətbiq ediləcək və “Azercell” abunəçinin balansından 2 AZN siləcək. Bu isə oğurluqdur”.

Bu sözləri İlkin Məmmədkərimov Bakıvaxtı.az-ın redaksiyasına göndərdiyi şikayətdə bildirib.

Şikayətçi qeyd edib ki, digər mobil operatorlar da bu ilin fevral və may ayından bunu tətbiq etsələr də, onlarda balansdan silinən 2 manat müqabilində şəbəkədaxili 60 dəqiqə və 1,2 GB internet paketi verilir. “Azercell”də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir, balansdan sadəcə 2 manat silinir:

“Həmçinin abunəçi balansını kredit vasitəsi ilə və ya Paycell vasitəsi ilə, yəni digər nömrədən balansa vəsait yükləsə belə bu, aylıq sərfiyyat limiti kimi hesablanılmır. Yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir”.

Vətəndaşın digər bir şikayəti isə danışıq kartının istifadə müddəti ilə bağlıdır. Onun bildirdiyən görə, belə ki, əvvəllər istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün, yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı və balansa vəsait yüklənilməsə, nömrə ləğv edilirdi. İndi isə bu müddət 90 günə yəni 3 aya endiriləcək.

“Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur. Bu, yalnız Azərbaycanda var. Xatırladım ki, “Azercell” bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış, bu ay isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. “Azercell” qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desədə xidmət səviyyəsi əksinə daha da azalıb”.

Məsələ ilə bağlı “Azercell”-in mövqeyini öyrəndik.

“Azercell”-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq “Azercell” mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir və bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər.

Qeyd olunub ki, telekommunikasiya şəbəkəsinin keyfiyyətinin artırılması və şəbəkənin daha da genişləndirilməsi üzrə işlər planlı şəkildə davam etdirilir və hədəf abunəçilərə ən yüksək xidmət və ən son texnologiyaları təqdim etməkdir.

Vurğulanıb ki, abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər “Azercell” tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən, dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu müqavilədə müəyyən edilmiş qaydada abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər.

“Bildiririk ki, müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilib. Dəyişikliyə dair elan 21.12.2024-cü il tarixində "Azərbaycan" qəzetində dərc edilməklə abunəçilər məlumatlandırlıb.

Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər”,- deyə məlumatda qeyd edilib.

Mina Mikayılova

Избранный
11
bakivaxti.az

1Источники