RU

Bişkekdə “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimatı olub

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 25-də Jusup Balasaq adına Qırğızıstan Milli Universitinində yaradılmış Türk mədəniyyəti və irsi mərkəzinin və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi alim, şair, publisist Salman Mümtazın 140  illiyinə həsr olunmuş “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimatı keçirilib.

Hafta.az-ın yazdığına görə, bu barədə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov məlumat verib.

Tədbiri giriş sözü ilə Türk mədəniyyəti və irsi mərkəzinin direktoru, Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri Kayrat Osmonaliyev açıb. 

Təqdimat mərasimində universitetin türkologiya və tərcüməşünaslıq mərkəzinin müdüri Buril Elebesova, mərkəzinin baş müəllimi Farizat Kuramoyeva, eləcə də mərkəzinin birinci kurs tələbələri Mirzat Suusarbekova və Ayana Sokuçiyeva “Salman Mümtazın irsinə Bişkekdən baxış” mövzusunda çıxışlar ediblər.

Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Xansıvar Baxşaliyevin çıxışındakı “belə parlaq şəxsiyyətlərin türk dünyasında tanıdılmasına diasporlar öz töhfəsini verməlidir” fikri alqışlarla qarşılanıb.

Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun oğlu, Qırğızıstanın  keçmiş xarici işlər naziri Askar Aytmatov Salman Mümtazın taleyinin babası Toroqul Aytmatovun taleyi ilə oxşarlığından danışıb.

Qeyd edək ki, kitabının müəllifi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətlidir.

Kitabda müəllifin Salman Mümtazın elmi, ədəbi, əlyazma irsi ilə əlaqədar apardığı tədqiqatların nəticəsində aşkar etdiyi dəyərli faktlardan, xüsusilə repressiya illərində itmiş və nəhayət, arxivlərdən tapdığı və tədqiqata cəlb etdiyi “100 şair” təzkirəsindən və bu günədək məlum olmayan, dil tarixi baxımından dəyərli “Ədəbi lüğət”indən bəhs olunur. Həmin əsərlərdən bir hissə transfoneliterasiya edilərək ixtisarla ilk dəfə oxuculara təqdim edilir.

Türk dünyasına misilsiz xidmətləri ilə seçilən fədakar bir şəxsiyyətin - repressiya qurbanı olmuş Salman Mümtazın yaradıcılığına həsr olunan bu kitabın qardaş Qırğızıstanda “Uluu Toolor” nəşriyyatında çap edilməsi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir.

Təqdimat zamanı  kitabın qırğız və türk dillərinə tərcümə edilməsi də qərara alınıb.

Qeyd edək ki, “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimatı eyni zamanda Bakıda AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutunda keçirilən tədbirlə parallel təçkil olunub.

Избранный
8
6
hafta.az

7Источники