RU

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə qərara alıram:

1. 2024-cü il dekabrın 25-də baş vermiş təyyarə qəzasının səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Dövlət Komissiyasının sədri

Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri

Dövlət Komissiyasının üzvləri:

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Arif Məmmədov – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.

2. Dövlət Komissiyası:

2.1. baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsini təmin etsin;

2.3. qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etsin;

2.4. Dövlət Komissiyasının fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumat versin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 dekabr 2024-cü il

Избранный
22
xalqqazeti.az

1Источники