RU

Xalq artistinə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçi özünü təqsirli BİLMƏDİ

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktına münasibət bildirən Nurəddin Cəlilov özünü təqsirli bilməyib.

Zərərçəkmiş Ağadadaş Ağayevin vəkili Asim Abbasov müvəkkilinin səhhəti ilə əlaqəli prosesdə iştirak etmədiyini əsas gətirərək məhkəmənin təxirə salınmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib və proses davam edib. Şahid qismində ifadə verən hospitalın xadiməsi Nəzakət Paşayeva bunları deyib: “Həmin gün işləyirdim, səs-küy gəldi. Baxdım, bir nəfər gəlir, əlində balta var. Fikir vermədim və işimin arxasıca getdim. Sonra səs-küy artdı. Ağadadaş Ağayev əlində balta ilə gəldi. Mən baxanda artıq şlaqbaumu keçmişdi. Mühafizəçi qapıya çıxdı. Mən də öz işimlə məşğul idim. Bu zaman ayağımda zərbə hiss etdim, baltanın sapı ayağıma dəymişdi. Baltanı qıraq bir yerə qoydum ki, heç kəs götürüb hücum etməsin. Bu zaman mühafizəçi burnu qanayaraq gəldi. Baltanı atanın Ağadadaş Ağayev olduğunu görənlər onun yanına yığışdılar. Ağadadaş Ağayev baltayla gəldi sonra qayıtdı. İkinci dəfə gələndə onu pəncərədən gördüm".

Nəzakət Paşayeva qeyd edib ki, Ağadadaş Ağayev baltanı atandan sonra Nurəddin Cəlilov onun üstünə gedib: "Mən baltanı alıb kənara qoyandan sonra gördüm ki, dalaşırlar, Ağadadaş yıxıldı. Ağadadaş Ağayev içəri gələndə söyüş söyürdü. Nalayiq söyüşlər söyürdü. İçəridə olanlarla birgə çox qorxu keçirdim".

Daha sonra hospitalda baş tibb bacısı vəzifəsində çalışan Nəzakət Zülfüqarlı ifadə verib: "Ağadadaş Ağayev həyətdə çox pis söyüşlər söyürdü. Nurəddin də ona cavab verirdi. Ağadadaşla Nurəddini dalaşdığı anda gördüm. Ağadadaş Ağayev söyüş söydüyü üçün Nurəddin üstünə getdi. Ağadadaş baltanı atanda Nurəddin başını çəkməsə, başına deyəcəkdi. Nurəddinin əlində simə oxşar nəsə var idi. Amma o simlə Ağdadaşa zərər verdiyini görməmişəm”.

Proses yanvarın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və N.Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib. A.Ağayevin ittiham olunduğu cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.

Bundan başqa, Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.

"Cebheinfo.az"

Избранный
8
25
cebheinfo.az

10Источники