RU

Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib


Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirilib.

APA xəbər verir ki, bu barədə NK-dan bildirilib.

Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirdi.

Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirdi. Həmin şəxslərə Qazaxıstan tərəfi ilə birlikdə tibbi yardım göstərilməsi üçün səhiyyə naziri Teymur Musayevə müvafiq tapşırıqlar verildi.

Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlərin aparıldığı qeyd olundu. Xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verildi.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış “Qaynar​ xətt”​ vasitəsilə qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərildiyi qeyd edildi.

Azərbaycan Respublikası Baş Prokurorluğunun qazaxıstanlı həmkarlarla birlikdə hadisənin baş vermə səbəblərini araşdırdığı və cinayət işi üzrə istintaq apardığı bildirildi. İstintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verildi.

Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında ölkəmizə evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirildi.

Xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmasların və birgə səylərin həyata keçirildiyi vurğulandı. Komissiya üzvlərinə səlahiyyətləri üzrə müvafiq işlərin aparılması ilə bağlı tapşırıqlar verildi.

Избранный
20
47
apa.az

10Источники