RU

Azərbaycan gəncinin idman siyasətinə olan münasibəti

“Bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır – vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci.”  Bu fikirləri cənab Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında səsləndirib.  Ölkə başçısı nitqində Müstəqil Azərbaycanın idman tarixinin səhifələrini vərəqləyərək onun keçmişinə, bu gününə və gələcəyinə nəzər salmış, idmanımız üçün dönüş nöqtəsi olan 1996-cı ili belə xatırlamışdır: “Əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, bu məqsədi daşıyırdı ki, biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir. “Doğrudan da, danılmaz bir faktdır ki, qalib ölkənin qalib xalqı kimi dünyamiqyaslı tədbirlərdə və müsabiqələrdə təmsil olunduğumuz 2024-cü il Azərbaycanda idman sahəsi üçün uğurlu olmuşdur. Milli komandalarımız  ilin ən mühüm idman yarışı olan Yay Olimpiya Oyunlarında fenomenal nəticə göstərərək Vətənimizi 200 iştirakçı ölkədən ilk 30-cu və 60-dan çox müsəlman ölkəsi arasından 3-cü pillədə qərarlaşdırmış, il ərzində keçirilən müxtəlif beynəlxalq yarışlarda 1700-dən çox medal qazanaraq bayrağımızı dalğalandırmışlar. Beləliklə, müstəqil Azərbaycanımızın yetişdirdiyi gənc idmançılarımız ötən illərdəki uğurlarını dəfələrlə artıraraq nəinki idman ənənəsinin Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu bir daha sübut etdi, eyni zamanda ölkəmizin idman şöhrətini yüksəklərə qaldırdı.

İdmandakı bugünkü uğurlarımız ölkəmizin bu sahədəki gələcəyinin nə qədər parlaq olduğunun, ölkəmizdə daha minlərlə, on minlərlə potensial dünya çempionların kəşf olunmağı gözlədiyinin göstəricisidir. Sözsüz ki, idmanın inkişafı insan kapitalının mövcudluğu ilə bu  sahəyə öz əksini müxtəlif formalarda tapan dövlət qayğısının vəhdətinin nəticəsidir. Müstəqil Azərbaycanda idman qurumlarının, federasiyaların, klubların, və müvafiq dövlət strukturlarının qarşılıqlı əməkdaşlıq çərçivəsində mərkəzləşdirilmiş fəaliyyəti, müxtəlif bölgələrimizdə fəaliyyət göstərən 44 Olimpiya İdman Kompleksi və idman infrastrukturları şəbəkəsi, idman xadimlərinə verilən dövlət dəyəri, o cümlədən paytaxtımızın  Avropa və İslam Həmrəylik oyunları kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi göstərir ki, bu cür genişmiqyaslı, hərtərəfli və ardıcıl nailiyyətlər təsadüfi deyil. Onlar uzun zaman ərzində həyata keçirilən məqsədyönlü strategiyanın birbaşa məhsuludur. Azərbaycan öz müvəffəqiyyətli idman siyasəti ilə dünyaya nümayiş etdirdi ki, idman uğurları bu sahəyə olan dövlət qayğısı ilə düz mütənasibdir.

Dövlət rəhbəri nitqinə ölkəmizdə qətiyyətlə davam etdirilən idman siyasətinin istiqaməti və gələcək perspektivləri haqqında məlumat verərək davam edib. Belə ki, növbəti il Azərbaycanda keçirilməsi planlaşdırılan Üçüncü MDB Oyunlarının təşkili məqsədilə Gəncə şəhərində yeni infrastruktur inşa edilərək əsaslı  yenidənqurma işləri aparılır. 7000-dən çox idmançının iştirakının gözləndiyi tədbirin keçiriləcəyi yeni istifadəyə verilmiş Olimpiya İdman Kompleksi ən müasir standartlara cavab verir, hətta funksionallıq baxımdan paytaxt Bakdakı idman infrastrukturunu da keçir. Şübhəsiz, Gəncə şəhəri öz tarixi, mədəniyyəti və təbiəti ilə qonaqları təəccübləndirməyə hazırlaşdığı kimi, Azərbaycan idmançıları da 2025-ci il MDB Oyunları üçün ölkəmizi layiqincə təmsil etməyə dayanmadan hazırlaşır. Sözügedən tədbirdən əlavə işğaldan azad edilmiş ərazilərimizdə baş tutan idman infrastrukturlarının inşası burada salınan yaşayış məskənləri ilə birgə şəhərsalma planında önəmli rol oynayır. İdman obyektlərinin həm rəmzi, həm də funksional əhəmiyyətini vurğulayan cənab Prezident İlham Əliyev Ağdamda İmarət stadionun inşasının strateji mahiyyətini nümunə gətirib. Hazırda bu ərazilərdə Füzuli Olimpiya İdman Kompleksinin təməli qoyulub, Xankəndidə futbol stadionun inşası davam edir və artıq Şuşada bir neçə növ idman oyunları keçirilib.

Bir Azərbaycan gənci və həvəskar idmançısı kimi doğma Vətənimin idman sahəsində keçdiyi tarixi inkişaf yolunu izləmək, bu barədə öyrənmək, hətta yazmaq tərif edilməyəcək qədər qürurvericidir. Artıq bir neçə ildir ki, üzvü olduğum, fəaliyyətində yaxından iştirak etdiyim Azərbaycan Kapoeyra Federasiyası timsalında ölkəmizdə tamamilə ədalət prinsiplərinə əsaslanan idman siyasətinin məqsədyönlülüyünə, birmənalılığına canlı şahid olmaq və bu strategiyanın bir parçası olduğunu duymaq isə bu fərəh hissini qatbaqat artırır. Mənim simamda Vətən gəncinin qarşısında yeganə amal dayanır: Fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci kimi ölkəmizi idman və onunla məhdudlaşmayan digər sahələrdə, ölkə hüdudlarından kənarda və ümumiyyətlə, bütün zaman-məkan anlayışından və parametrlərdən asılı olmayaraq layiqincə təmsil etmək və bundan fəxarət hissi duymaq.

Gülnur Ağakişiyeva

Corc Vaşinqton Universitenin bakalavr tələbəsi,

Nəsimi rayon gənci

Избранный
5
3
heftelik.az

4Источники