RU

“Təyyarə çöndü, camaat başıaşağı dayanmışdı" - VİDEO

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan ekipaj üzvü Zülfüqar Əsadov hadisənin baş vermə anından danışıb.

Hazırda xəstəxanada olan Z.Əsadov 1988-ci ildən bəri təyyarə bələdçisi olaraq çalışdığını söyləyib.

O bildirib ki, təyyarə üç dəfə Qroznıda eniş etməyə cəhd etsə də, havada qatı duman olduğu üçün alınmayıb: “Pilot gördü ki, eniş etmək üçün yer görünmür. Buna görə də yenidən havaya qalxdı. Havada dövr etdikdən sonra yenidən enişə cəhd etdi, amma alınmadı. Yenidən havaya qalxıb enişə cəhd etdi. Lakin 3 dəfə enişə cəhd edilsə də, alınmadı. Bundan sonra o məcbur olub havaya qalxdı və başqa istiqamətə yol aldı. Biz geriyə qayıdan zaman çöl hissədən qəribə, zərbəyəbənzər səs gəldi. Mən və Aydan xanım tez salona çıxdıq, insanları sakitləşdirməyə çalışdıq. Mən qabağa getmək istəyəndə qolumdan zərbə dəydi. Elə bil kimsə balta ilə qolumdan vurmuşdu. Qolumda dərin kəsik var idi. Daha sonra isə üçüncü zərbə səsi eşidildi. Biz insanlara təlimat verdik ki, suya eniş edəcəyik və hazır olsunlar, jiletlərini geyinsinlər”.

Zülfüqar Əsadovun sözlərinə görə, daha sonra ekipaj komandiri onlara zəng edərək suya yox, quruya eniş etmələri ilə bağlı məlumat verib: “Fikrimcə, suya eniş etsəydik, sağ qalan olmayacaqdı. Çünki bizim təyyarənin mühərrikinə təsir göstərilmişdi və o, suya sərt eniş etsəydi, bu, daşa dəyməkdən də daha möhkəm olacaqdı. Nəticədə təyyarə parça-parça olacaqdı. Biz məlumatı eşidib sərnişinləri təlimatlandırdıq. Bütün sərnişinlər təlimata uyğun hərəkət etdi.

Pilotlar çox çalışdılar ki, təyyarəni havada saxlayıb təyinat nöqtəsinə qədər enişi edə bilsinlər. Onlar bunun üçün çox cəhd etdilər. İlk olaraq da yerə ön təkərləri vurdular. Çünki bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan insan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa”.

Təyyarə bələdçisi qeyd edib ki, qəzadan sonra sərnişinlərə kəmərlərini açaraq çölə çıxmaq təlimatını veriblər: “Təyyarə yerə dəyəndən sonra ön hissəsi ayrıldı. Arxa hissəsi də sürətlə bir qədər getdikdən sonra dayandı və yan çöndü. Camaat başıaşağı qalmışdı. Mənim huşum özümdə idi. Qan itkisi olsa da, çalışırdım, özümü saxlayım ki, nəyəsə kömək lazım olduqda edim. İçəridə hava sıxlığı var idi və mən qapını açdım ki, içəri hava gəlsin. Aydan xanımla birlikdə kəmərlərimizi açdıq. Sərnişinlərə də bildirdik ki, hamı kəmərini açıb çıxsın”.

Избранный
15
15
sportinfo.az

10Источники