RU

Hərbi cinayətkar Vardanyanın oğlu və züy tutanları nə sayıqlayırlar?..

Hərbi cinayətkar Ruben Vardanyanın cinayət işi məhkəməyə göndərilib. Məlumata görə, toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə 15 nəfər  - Qukasyan (Ğukasyan) Arkadi Arşavir (Arşaviroviç), Harutyunyan Arayik Vladimir (Vladimiroviç), Sahakyan Bako Sahak, İşxanyan Davit Ruben, Babayan Davit Klim (Klimoviç), Mnatsakanyan Lyova Henrix, Manukyan Davit Azati Martirosyan Qarik Qriqor, Paşayan Melikset Vladimir, Allahverdiyan Davit Nelson, Stepanyan Qurqen Homeros, Balayan Levon Romik, Babayan Madat Arakel (Arakeloviç), Beqlaryan Vasili İvan və Qazaryan Erik Robert məhkəmə qarşısında cavab verəcəklər.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

Dünən Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydıqları məlumatında deyilir ki, Cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bir neçə gün öncə "Hraparak" nəşri Vardanyanın ailəsinin beynəlxalq hüquq müşaviri Jared Genserə istinadən yazıb ki, ona qarşı 20 maddə üzrə cinayət işi aparılır.  Bildirilir ki, ittiham aktı 100 cild və 25 min səhifədən ibarətdir. Hətta Vardanyanı ömürlük həbs cəzası gözlədiyi də qeyd edilir. Üstəlik, bu üzdəniraq vəkil qeyd edib ki, guya bu ittihamlar Azərbaycanın üzərinə götürdüyü beynəlxalq hüquqi öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Ruben Vardanyanın oğlu David isə bütün bunları erməni xalqına qarşı bir təhdid kimi təqdim etməyə çalışıb. Amma o hələ də dərk etmir ki, Ruben Vardanyanın işi xalqa mənsubluğu  ilə deyil, onun fəaliyyəti ilə bağlıdır.  Hətta o utanıb-qızarmadan deyib: “Atama qarşı bu son ittihamlar ədalətə istehza və COP29-un uğursuzluqlarına görə qisasdır”.  Halbuki, Ermənistandan fərqli olaraq Azərbaycan heç bir zaman ədalətə istehza ilə yanaşmayıb. Hətta 44 günlük müharibədə, həmçinin birgünlük lokal antiterror əməliyatında belə  beynəlxalq normalar çərçivəsində hərəkət edib. COP29-a gəldikdə, Cənubi Qafqazda Ermənistanın əli ilə möhkəmlənməyə çalışan, təcavüzkarı durmadan silahlandıran, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan Qərbin bütün cəhdlərinə baxmayaraq bu mötəbər tədbir yüksək səviyyədə keçirildi. Bununla da Azərbaycan bir daha istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi, mötəbər tədbirlərin təşkilində məsuliyyətini nümayiş etdirdi.

Yeri gəlmişkən qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən günlərdə maliyyə resurslarından və şəxsi əlaqələrindən maksimum istifadə edərək öz həmkarları ilə birgə ölkəmizə qarşı hibrid hücumların təşkilatçılarından biri də elə Ruben Vardanyanın oğlu olub. Hətta o, bu məqsədlə yaratdıqları saytda inandırıcı görünməsi üçün Azərbaycan da daxil olmaqla, guya 109 ölkədən Ruben Vardanyan kampaniyasına dəstək verildiyi görüntüsünü yaradıb. 

Üzdəniraq vəkil Cared Genser də  Vardanyanlar ailəsinin hüquq məsləhətçisi kimi apardığı anti-Azərbaycan fəaliyyətlə yanaşı, yaradıcısı olduğu “Freedom Now” beynəlxalq insan hüquqları QHT-si vasitəsilə ölkəmizə qarşı geniş kampaniya aparır.

Bəli, onlar bu adi həqiqətləri dərk etmək istəmirlər. Odur ki, Vardanyanın və digər hərbi cinayətkarların  havadarları yenə öz işlərindədirlər. Amma onlar unutmasınlar ki, Azərbaycan hər zaman olduğu kimi yenə də ədalət prinsiplərinə sadiqliyini nümayiş etdirəcək və məsələyə beynəlxalq normalar çərçivəsində yanaşacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
20
ikisahil.az

1Источники