Türkiyə Super Liqasının 14-cü turunda “Pendikspor”u 2:0 hesabı ilə məğlub edən “Qalatasaray” tarixinin ən yaxşı mövsüm startına imza atıb.
Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın 2023/2024 mövsümünün geridə qalan hissəsində 12 qələbə qazanıb.
Qalan iki oyundan da biri heç-heçə, digəri isə məğlubiyyətlə bitib. Nəticədə 37 xal toplamış “sarı-qırmızılı” komanda 14 matçlıq dövrlər nəzərə alınmaqla tarixinin ən yaxşı çıxışını nümayiş etdirib.
Baş məşqçi Okan Burukun rəhbərlik etdiyi komanda mövsümün geridə qalan hissəsində “Trabzonspor”, “Qaziantep”, “Samsunspor”, “Başakşəhər”, “İstanbulspor”, “Ankaragücü”, “Antalyaspor”, “Beşiktaş”, “Rizəspor”, “Kasımpaşa”, “Alanyaspor” və “Pendikspor”la oyunlardan qalib ayrılıb. “Kayserispor”la bərabərə qalan İstanbul nəhəngi, yeganə məğlubiyyətini “Hatayspor”dan alıb. Hansı ki, Türkiyə millisinin sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı Hatay təmsilçisində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da çıxış edir.
Xatırladaq ki, ötən mövsümün qalibi olmuş “Qalatasaray” cari mövsümdə də 37 xalla vahid liderdir. Lakin bir oyun az keçirmiş “Fənərbaxça” bu gün “Sivasspor”la oyundan qalib ayrılmaqla əzəli rəqibinə çata bilər.
Bahar Rüstəmzadə