Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Voskanyan Qaqik Aşotoviç 18 il müddətinə azadlıqdan məhrum edilib.
***
Saat: 15:30
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edərək verilən ittihamların məhkəmə istintaqında öz təsdiqini tapdığını qeyd edib.
Prokuror Voskanyan Qaqik Aşotoviçin 18 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Qeyd olunub ki, o, cəzasının 5 ilini qapalı, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasını çəkib başa çatandan sonra Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmalıdır.
İş üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə ömürlük cəza tələb ediblər.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxış edərək müvəkkili barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş edib.
Voskanyan Qaqik Aşotoviç məhkəmədə son sözlə çıxış edərək, özünü ittihamlar üzrə təqsirli bilməyib və məhkəmədən ədalətli qərar çıxarılmasını ilə bağlı xahiş edib.
Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.
***
11:05
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə hakim təqsirləndirilən şəxslərə yenidən hüquqlarını izah edib.
Məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktını elan edib.
İttihama görə, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu İstisu kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədi pozulub.
Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri tərəfindən kəşfiyyat-diversiya üzvü Voskanyan Qaqik Aşoti ələ keçirilib.
Saxlanılan zaman onun üzərində xeyli sayda silah-sursat aşkarlanıb. O, tərksilah olunan zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşlarına silahlı müqavimət göstərərək onları öldürməyə cəhd edib.
Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 29.120(qəsdən adam öldürməyə cəhd),228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ittiham verilib.
O, ittiham üzrə özünü təqsirli bilməyib.
Hakim elan edib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar üzrə bir maddə üzrə ömürlük, digər maddələr üzrə isə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Proses davam edir.
***
Saat: 10:33
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edəcək.
Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşoti Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.