RU

Əfrasiyab Bədəlbəylinin anım günüdür

Bu gün Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar, dirijor Əfrasiyab Bədəlbəylinin anım günüdür.

Tehsol.biz xəbər verir ki, Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanım ailəsində anadan olub.

1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olub və 1916-cı ildə, tədris olunan bütün fənlərdən “əla” qiymətlərlə məktəbi başa vurub.

1917-1924-cü illər ərzində o, Bakıdakı 1-ci realnı məktəbində təhsil alıb. 1923-cü ildən 1926-cı ilə kimi Ə.Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan teatr məktəbinin dinləyicisi olub və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edib.

Əfrasiyab Bədəlbəyli mükəmməl bilik əldə etmək arzusu ilə 1924-cü ildə Azərbaycan Dövlət Türk (Azərbaycan - İ.Q.) Musiqi Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət Universiteti şərq fakültəsinin lisaniyyət (dilçilik - İ.Q.) şöbəsinə daxil olub.

XX əsrin 20-ci illərində Azərbaycan opera və operettalarının səhnədən götürülməsi nəzərdə tutulmuşdu. 17 yaşlı Əfrasiyab Bədəlbəyli “Kommunist” qəzetində dərc etdirdiyi məqaləsində “Operalarımızın islahatı işində tələsməyə heç bir ehtiyac yoxdur” - deyə, buna qəti etirazını bildirib.

Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim S.L.Bretanitskinin sinfində violino ixtisası üzrə təhsil alıb. İstedadlı gənc tez bir zamanda səlis ifa bacarığına nail olur və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulmuş “Arşın mal alan” operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edib.

Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olmuş Əfrasiyab Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edib.

1928-ci il yanvar ayının birindən Əfrasiyab Bədəlbəyli “Kommunist” qəzetində tərcüməçi vəzifəsində çalışmağa başlayıb.

1928-ci il fevralın 16-da, musiqisi Ə.Bədəlbəyliyə məxsus C.Cabbarlının “Od gəlini” əsərinin premyerası oldu.

“Od gəlini” musiqisinin müvəffəqiyyətinə sevinən C.Cabbarlı bundan sonra yazdığı “Sevil” pyesinə də musiqi bəstələməyi Əfrasiyab Bədəlbəyliyə tapşırıb.

1929-cu ildə xalqımızın ulu musiqi aləti olan tarı köhnəlik əlaməti sayaraq muzeyə göndərmək, konservatoriyanın tədris proqramından çıxarmaq kimi cəfəng fikirlərə etiraz edən Əfrasiyab Bədəlbəyli “Tar üzərinə mühakimə münasibətilə” başlığı altında məqalə ilə çıxış edib.

1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli türk operalarına dirijorluq etmək üçün M.F.Axundov adına Dövlət Böyük teatrına işə qəbul olunub.

1931-cu ildə bəstəkar C.Cabbarlının “Almaz”, daha sonra isə “1905-ci ildə” və “Yaşar” pyeslərinə, 1933-cü ildə A.Afinogenovun “Qorxu”, 1934-cü ildə M.F.Axundovun “Hacı Qara”, 1935-ci ildə isə “Müsyo Jordan” əsərlərinə musiqi bəstələyib.

Əfrasiyab Bədəlbəyli peşəkar musiqi təhsili almaq məqsədi ilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültəsində oxumağa yola düşüb. Professor K.Saracevin sinfində təhsil alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnib.

Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita, iki violino, alt və violonçel üçün kvartet bəstələyib.

Lakin bir ildən sonra sənətkar Moskvadakı təhsilini dayandırıb Bakıya qayıdır və R.Qlierin “Şahsənəm” operasının yeni quruluşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanmasında iştirak edib.

1934-cü ilin payızında Ə.Bədəlbəyli Leninqrad (indiki Sankt-Peterburq -İ.Q.) şəhərinə yola düşüb. Burada o, N.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə (B.Zeydmanın sinfinə) daxil olub və eyni zamanda Leninqrad opera və balet teatrının baş dirijoru V.Dranişnikovun rəhbərliyi altında dirijor assistenti kimi işləməyə başlayıb.

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Opera və Balet teatrında dirijоr işləyib. 

8 aprel 1940-cı il tarixi Azərbaycan musiqi mədəniyyəti tarixinə milli balet sənətinin təməl daşının qoyulduğu gün kimi daxil olub. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin premyerası M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində işıq üzü görüb. 

1940-cı il 23 aprel tarixində Əfrasiyab Bədəlbəyliyə İncəsənət sahəsində görkəmli fəaliyyətinə görə Respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

1941-ci ildə Əfrasiyab Bədəlbəyli bəstəkar dostu B.Zeydmanla birlikdə bir pərdəli “Xalq qəzəbi” operasını (libretto müəllifləri İ.Oratovski və Ə.Məmmədxanlı) yaradıb.

1941-ci ildə bəstəkar Səməd Vurğunun “Fərhad və Şirin” əsərinə musiqi bəstələyib. Bundan bir il əvvəl isə Ə.Bədəlbəyli görkəmli ədibin “Xanlar” pyesinə musiqi yazmışdı. Onu da qeyd edək ki, bəstəkar hər iki əsərin premyerasına dirijorluq edib.

Müharibə illərində Əfrasiyab Bədəlbəyli bəstəkarlıq-dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri kimi məsul vəzifələrlə əlaqələndirib, M.S.Ordubadi ilə birlikdə dahi İtalyan bəstəkarı C.Rossininin “Sevilya bərbəri” operasını Azərbaycan dilinə tərcümə edib və Minkusun “Don Kixot” baletinin yeni redaksiyası üçün libretto yazıb.

O dövrdə Azərbaycanda musiqi terminləri ancaq rus və ya başqa əcnəbi dillərdə işlədilirdi. Əfrasiyab Bədəlbəyli 1956-cı ildə “Musiqi terminləri lüğəti” kitabçasını çap etdirməklə azərbaycandilli əhalinin musiqi terminlərini daha aydın anlamağa və doğma dilimizin daha da zənginləşməsinə şərait yaradıb.

1957-ci ildə sənətkar Boris Zeydmanın “Qızıl açar” baletinə libretto yazıb.

1960-cı ildə bəstəkarın həyatında əlamətdar hadisə baş verib. Həmin il, may ayının 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əfrasiyab Bədəlbəyli Azərbaycanın “Xalq artisti” fəxri adına layiq görülüb.

1964-1965-ci illərdə sənətkar gənclərin bədii özfəaliyyətinin XVIII və XIX respublika olimpiadasının təşkilatçılarından biri və münsiflər heyətinin sədri seçilib.

1964-cü ildə Azərbaycanın şəhər və kənd texniki-peşə məktəbləri bədii özfəaliyyətinin XXIII respublika baxışında isə münsiflər heyətinin üzvü seçilib. Bəstəkar “Muğam-68” müsabiqə-festivalının keçirilməsinə böyük əmək sərf edib.

1965-ci ildə Ə.Bədəlbəyli Q.Almazzadə ilə birlikdə, S.S.Axundovun eyni adlı povesti əsasında bəstəkar Əşrəf Abbasovun “Qaraca qız” baletinə, daha sonra, 1968-ci ildə qardaşı Turqud ilə birlikdə C.Cabbarlının eyniadlı pyesi əsasında R.Mustafayevin bəstələdiyi “Aydın” operasına librettolar yazıb.

1969-cu ildə “Elm” nəşriyyatı Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” kitabını çap etdirib.

Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.

Избранный
568
tehsil.biz

1Источники