RU

Soy-kökünün tanınmış nümayəndəsi- Ruslan Rəfizadə

Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. Jurnalistikanın dördüncü hakimiyyət adlandırılması da təsadüf deyil. Jurnalistika maraqlı sahə olduğu kimi, eyni zamanda, çox çətindir. “Jurnalistika etikasında altı prinsip çox önəmlidir: doğru olmaq, həqiqi olmaq, ədalətli olmaq, obyektiv olmaq, bitərəf olmaq, müstəqil olmaq. Bunlar jurnalistikanın həm legitimlik, həm də oxucu qazanmasının əsas şərtləridir.
Belə jurnalistlərdən biri də bu günlərdə 70 yaşı tamam olan “Xalq qəzeti”nin tanınmış jurnalisti, “Tərəqqi” medalına layiq görülmüş Ruslan Rəfizadədir.Elə şəxslər var ki, onların yaşadığı həyat, sadəcə bir insanın ömrüdür. Hər kəs öz həyatını yaşayır, illəri öz yaşında ard-arda sıralayır. Lakin elə insanlar da var ki, ömürləri məşğul olduqları sahənin tarixinə çevrilir. Yaş üstünə yaş gəldikcə bu tarix yeni nailiyyətlərlə daha da zənginləşir. Dekabrın 31-də anadan olmasının 70-ci ildönümünü qeyd edən jurnalist, dostum Ruslan Rəfizadənin keçdiyi yola da bu prizmadan baxıram.
İnsanı xarakterizə edən müdriklər onu üç cəhətə – idrak fəallığına-intellektuallığına, ictimai fəallığına və motivasiyaya görə qiymətləndirirlər.Haqqında yazdığımız şəxs hər üç cəhətə görə fərqlənir.
Ruslan müəllimi mən 46 ildən artıqdır ki, tanıyıram. Onun həm idrakına, həm ictimai fəallığına, həm də motivasiyasına bələdəm.
Bəzən deyirlər ki, hər hansı bir şəxs haqqında yazmaq, söz demək həm asan, həm də çətindir. Ruslan müəllim haqqında söz demək və yazmaq çox asandır. Ona görə ki, əsil insana xas olan bütün müsbət keyfiyyətlər “Peşəkar jurnalist” Ruslan müəllimdə cəmləşib.
Ruslan müəllimlə ilk tanışlığımdan (1978) onu dinamik enerjiyə malik, daim hərəkətdə, axtarışda olan, əli qələmli, səmimi, istiqanlı və eyni zamanda, öz nəfsini qorumağı bacaran, bunun üçün hər şeyi göz altına alan, ölümün gözünə dik baxmağı bacaran bir vətənpərvər və jurnalist kimi tanımışam.
Ruslan müəllim böyük hərflərlə yazılmış həqiqi vətəndaşdır. Vətənimizin təlatümlü günlərində onu hər zaman ən qaynar nöqtələrdə görürəm. O, doğma Vətənimizi canını Vətən yolunda qurban verən oğullarını ürəkdən sevir. İgid, yenilməz oğullar barədə yazmaqdan, söhbət açmaqdan yorulmur.
İnsanlar ulduzlar kimi müxtəlif olurlar. İnsanlar var xeyirxahdır, ləyaqətlidir, sözündə bütövdür, mərddir, mübarizdir. İnsanlar var illərlə bir yerdə işləyirsən, görüşürsən, lakin onlardan ayrılandan sonra səndə onlara aid bir xatirə qalmır. İnsanlar da var ki, bir-iki saat həmsöhbət olursan, ayrılanda nurlu simaları, göz önündə canlanır, kəlamları, hikmətləri ömürlük əqlinə həkk olunur, özlərinin zəngin biliyi, dərin intellekti, zəngin mənəviyyatı ilə yadda qalırlar.Belə yaradıcı insanlardan biri də Ruslan müəllimdir.
Müdriklər deyiblər ki, bəşəriyyət yaxşı adamların çiyinlərində dayanır, din isə pak adamların əqidəsi ilə möhkəmlənir. Zəmanəmizin görkəmli adamları xoşbəxtliyini xalqa xidmətdə görüblər. Dahilərin arzusu həmişə yalnız özünü yaşatmaq deyil, kimlərisə yaşatmaq olmuşdur. Mən, Ruslan müəllimlə tanışlığımdan bu vaxta qədər onun fəaliyyətində, mənəviyyatında, əməllərində yuxarıda söylənilən mötəbər cəhətləri görmüşəm. Ruslan müəllim dostluqda sədaqətli, yoldaşlıqda etibarlı, həyatda mübariz, lazımi məqamda öz sözünü deyə bilən kamil bir insandır.
Peyğəmbərimiz həzrəti Məhəmməd (s.ə.s.) hamıya məsləhət görürdü: “Sevin ətrafınızı, sevsinlər Sizi. Ətrafınızı elə sevin ki, qoy Sizi görməyəndə darıxsınlar”.Mən deyərdim ki, bu nəsihət Ruslan müəllimin qəlbindən gəlir. Mənim zənnimcə, Ruslan müəllimi həmkarlarından fərqləndirən ən mühüm cəhət onun sadəliyi, səmimiliyi, qayğıkeşliyi, zəhmətkeşliyi və vətənpərvərliyidir. O, çalışdığı “Xalq qəzeti”ndə vətənpərvərliklə bağlı yazılar, keçirdiyi görüşlərdə çıxışlarla kifayətlənmir, özü vətənpərvərlik nümunəsi göstərir.
Ruslan müəllimin əvvəlcədən qəlbində ölkənin mərkəzi mətbuatında işləmək arzusu olub. Zəhmətsevərliyi, öz üzərində çalışması, məqsədinə doğru inamla irəliləməsi onu bu arzusuna da qovuşdurdu. Ruslan müəllim 1980-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinatla “Kommunist” (1991-ci ildən “Xalq qəzeti”) qəzetinə göndərilib və 44 illik taleyini birdəfəlik bu nüfuzlu redaksiya ilə bağlayıb.
Jurnalistikanın “əlifba”sını əvvəlindən mənimsəyən – çoxtirajlıda püxtələşən, sonra ölkənin rəsmi dövlət “Xalq qəzeti”ndə özünü təsdiqləyən Ruslan Rəfizadənin zəngin həyat müşahidələri var. Bu gün qəzetin oxucuları Ruslan müəllimin reklam mətnlərinin hazırlanmasına, sosial, iqtisadi mövzuda yazdığı məqalələrə, icmal və şərhlərə tez-tez rast gəlirlər.
Tələbəlik illərində təcrübə keçdiyi, bir çoxunu əvvəlcədən tanıdığı kollektivə isinişməyi, qaynayıb-qarışmağı o qədər də çox çəkməmişdir. Universitetin jurnalistika fakültəsində olduğu kimi, Azərbaycanın bir nömrəli qəzetində də intizamı, bacarığı, çalışqanlığı, səmimiliyi və mehribanlığı ilə qısa müddətdə hamının hörmət və ehtiramını qazanmışdı.
Ruslan müəllim 1980-ci ildə “Xalq qəzeti”nin “Sənaye və tikinti şöbəsi”ndə müxbir, sonrakı illərdə “Sosial problemlər şöbəsi” yaradılanda yeni şöbəyə keçirilib.
Redaksiyaya gəldiyi ildən həmkarlar ittifaqı fəalı kimi yerli təşkilatın işinə yardımçı olur. Uzun illərdir ki, həmkarlar ittifaqı komitəsinin sədri və reklam şöbəsinə rəhbərlik edir.
Ruslan müəllim bildirir ki, mən çox məmnunam ki, 44 il çalışdığım, böyük sayda, çox hörmətli “Xalq qəzeti”nin baş redaktorları Rəşid Mahmudov (1980–1987), Ramiz Əhmədov (1987–1988), Cəmil Əlibəyov (1988–1990), Tofiq Rüstəmov (1990–1995-ci illərdə “Kommunist” qəzetinin redaktoru, “Xalq qəzeti”nin baş redaktoru), Mahal İsmayıloğlu (1995–2002), Həsən Həsənov (2002-2022), Əflatun Amaşovun (2022) rəhbərlik etdikləri dövrlərə təsadüf edir.
Böyük vətənpərvər, obyektiv və ədalətli olması, eyni zamanda, ciddilik, tələbkarlıq, insanların müsbət keyfiyyətlərinin qiymətləndirilmək bacarığı kimi xüsusiyyətləri onun xasiyyətinin vəhdətini təşkil edir. Azərbaycanın milli mətbuatımızın 130 illik yubileyində, təmiz ad-sanı ilə tanınan Ruslan müəllim jurnalistikanın inkişafındakı xidmətlərinə görə Ulu öndərimiz Heydər Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
Ruslan müəllim bəlkə də ölkə mətbuatında barmaqla sayıla biləcək jurnalistlərdəndir ki, onun hazırladığı reportajlar geniş oxucu kütləsi qazanır. Ruslan Rəfizadə imzası tanınır və sevilir.
Ruslan müəllim deyir: – Jurnalistika asan peşə deyil. Bu elə bir peşədir ki, burada yalnız savad-bilik önəm kəsb etmir. Bu peşəni sevmədən, çox həvəsli olmadan jurnalist ola bilməzsən. Çünki jurnalistikanın çətinlikləri az deyil, jurnalistika həm də yaradıcı işdir. Bu sahədə azdan-çoxdan istedadın olmasa çətin olar. Jurnalist hər gün dünyada baş verən bütün yeniliklərdən xəbərdar olmalıdır”. Jurnalistika, qəzetçilik dünyanın ən gözəl peşələrindəndir. “Ağır, məsuliyyətli olsa da, bu peşədə olduğum üçün çox xoşbəxtəm”.-Jurnalist peşəsini seçməyimdə, şübhəsiz, Azərbaycanın ilk ali təhsilli jurnalistlərindən olan əməkdar jurnalist – dayım Kərim Rəfizadənin təsiri, bu peşəyə ailəmizdən gələn maraq əsas rol oynayıb. “Xalq” qəzeti kimi əlçatmaz görünən bir nəşrdə işə qəbul olunmağımı da taleyin hədiyyəsi kimi dəyərləndirirəm. Ömrümü birdəfəlik bu redaksiyaya bağlamışam.Arzu edirəm ki, gənc jurnalistlər reklam mətnlərini daim oxumalı, öyrənməli, ölkənin həyatında və dünyada baş verən hadisələri izləməli və onları şərh etməyi bacarsınlar.
Ruslan müəllim son dərəcə saf, xeyirxah, son tikəsini bölən, yaxşılıqdan başqa yol tanımayan, yüksək mədəniyyətli, kübar təbiətli bir insan, fədakar ailə başçısı, sədaqətli dostdur.
Zənnimcə, bu ali keyfiyyətlər Ruslan müəllimə saf ana südündən, müqəddəs ailə tərbiyəsindən, əsilli-nəsilli soy-kökündən gəlir. Arı bal yığan kimi Ruslan müəllim də ömrü boyu nəcib insani əməlləri zərrə-zərrə toplayıb. Hesab edirəm ki, bu cür müdrik insanlar xalqımızın əsil milli sərvəti sayıla bilər. Bu cür insanlar zaman və məkan daxilində insanşünaslıq qanununu təkmilləşdirən, onu saflaşdıran və bununla da cəmiyyətə sağlam mənəviyyatı yaşadan şəxsiyyətlərdəndir. Belə bir insani ali rütbə dövlətin qanunu, hökumətin qərarı ilə verilmir, bu ali mərtəbəni həyatda gərək özün qazana biləsən.Ruslan müəllim xalqını, vətənini sevən, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəni irsimizi, adət ənənəmizi və qəhrəmanlıq tariximizi daimi aşılayan xalqımızın vətənpərvər oğludur.
Ruslan müəllim ötən əsrin əvvəllərində istiqlal mübarizəsində, erməni faşistləri torpaqlarımıza hücum etdiyi dövrdə tez-tez döyüşçülərimizin yanında olmuş, qələbəyə ruhlandıran yazılarla çıxış etmiş, erməni soyqırımlarına və xalqımıza yönəlmiş digər qəsdlərə qarşı mübarizədə öndə getmişdir.
O, Rəfibəylilər nəslinə mənsub ailədə doğulub, tərbiyə alıb. Onun bir çox üstün keyfiyyətləri məhz bu nəslin xalq işinə sədaqətindən, insanlara xeyirxah münasibətindən qaynaqlanır.
“Həyatda çətinliyim çox olsa da, özümü xoşbəxt insanlardan sayıram”, – deyir Ruslan müəllim. “Qayğıkeş valideynlərim olub, milli-mənəvi dəyərlərə söykənən ailəm var. Tarix özü bu nəslə çox acılar yaşadıb. Bütün nəslimizi repressiyaya məruz qoyublar, pərən-pərən salıblar. Hələ də qohumlarımızın çoxu qürbətdə yaşayır. Nənəm, anam sürgün taleyi yaşayıb. Atam-anam ömrü boyu qorxu, nisgil içində yaşadılar. Bütün bunlara baxmayaraq, Vətəndə qalan qohum-əqrəbam hər sahədə namusla çalışıb, xalqa gərəkli olub. Mən nəslimlə öyünməkdən çox, onun adına layiq olmağa çalışmışam. Hər addımımda, hər hərəkətimdə çalışmışam ki, soy-kökümüzün tanınmış nümayəndələrimizdən ərməğan qalan təmiz adı qoruyum və sonra da övladlarım, nəvələrim bundan qürur duysunlar”.
Soy-kökümüzün tanınmış nümayəndələrimizdən:Hacı Həsən Rəfiyev — Gəncə Şəhər Dumasının üzvü, maarifçi ziyalı, xeyriyyəçi. Mikayıl Rəfilinin atası və Gəncə üsyanının (1920) iştirakçısı.Hacı Məmmədhüseyn Rəfiyev — Gəncə Şəhər Dumasının üzvü, maarifçi ziyalı, xeyriyyəçi. Musa bəy Rəfiyevin atasıdır. 
Mirzə bəy Rəfibəyli – Gəncə Şəhər Dumasının üzvü, ictimai və siyasi xadim. Mirzə Kərim bəy Rəfibəyovun oğlu.Xudadat bəy Rəfibəyli —Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Gəncədə mərkəzi xəstəxananın baş həkimi, həkim, 1 iyun 1920-ci ildə güllələnmişdir.
Əyyub bəy Rəfibəyov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şəki qəzasının rəisi, ictimai-siyasi xadim.
Abuzər bəy Rzayev — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Müsavat və bitərəflər fraksiyasının üzvü.Səməd bəy Rəfibəyli — Səməd Sayqun, ADR zabiti, Atatürkün silahdaşı, paşaƏləkbər bəy Rəfibəyli — Difai Partiyasının yaradıcılarından biri, Gəncə Şəhər Dumasının üzvü, maarifçi.Cavad bəy Rəfibəyli — maarif xadimi.Musa bəy Rəfiyev — II Xoyski hökumətində əvvəlcə portfelsiz nazir, daha sonra himayədarlıq və dini etiqad naziri, II Yusifbəyli hökumətində ictimai təminat və səhiyyə naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Müsavat və bitərəflər fraksiyasının üzvü.Nigar Rəfibəyli — şairə, tərcüməçi, 1934-cü ildən AYİ-nın üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), Azərbaycanın Xalq şairi (1981).Akif Rəfiyev — əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı, Azərbaycan SSR daxili işlər nazirinin müavini (1989-1991), Azərbaycan Respublikası ədliyyə nazirinin müavini (1991-2002) və b. göstərmək olar.
Ruslan müəllim bildirdi ki, 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubiley təntənəsindən sonra ümummilli lider Heydər Əliyev cümhuriyyət liderlərinin varislərini ayrıca qəbul edəndə onların arasında mən də var idim. Ümummilli lider itirilmiş dövlətçiliyimizi bərpa edən, milli haqlarımıza sahib çıxan o böyük insanlar haqqında dərin ehtiram və qədirbilənliklə söz açanda ömrümdə ilk dəfə çox qəribə hisslər keçirtdim – əvvəl kövrəldim, sonra isə ürəkdolusu qürurlandım: bəli, mən də rəfibəylilərdənəm. Və həmin andan soy-kökümlə bağlı daşıdığım məsuliyyət hissinin də çəkisi, ölçüsü artdı.
Bu günlərdə 70 illik yubileyini qeyd etdiyimiz Ruslan müəllimi qiymətləndirmək istəyərkən yadıma bir əhvalat düşdü. M.S.Ordubadinin “Qılınc və qələm” romanında belə bir epizod var. Dünya xalqlarının əvəzsiz şairi Nizami Gəncəvi adəti üzrə çay qırağında söyüd kötüyü üstündə oturub şeir yazırdı. Bu zaman Əmir İnsanın qızı Qətibə xanım çoxdan arzusunda olduğu İlyasla görüşür. Qətibə Nizamiyə belə bir sual verir: “Sən burada nə işlə məşğulsan?” Nizami cavabında deyir: “Mən yaradıram”. Qətibə: “Sən peyğəmbərsən?” Nizami deyir: “Xeyr, peyğəmbər yaranmışdı, mən isə yaradıram”. Qətibə: “Onda Allahsan?” Nizami: “Allah da deyiləm. Varlığından uca düşünən insanları deyil, hər şeydən yüksəkdə duran sənət yaradıram”.
Mən Ruslan müəllimi sənət yaradan həmin zirvədə görürəm, o, bədii yaradıcılıqla məşğul olur. Onun bir neçə elmi-pedaqoji və publisistik qəzet məqalələri bu deyilənlərə parlaq nümunədir.
Yaxşılıq etmək onun həyat devizidir. Ruslan müəllim özü üçün etməyə üzü gəlməyən işləri başqaları üçün görməyə həmişə hazırdır.
Mübaliğəsiz demək olar ki, Ruslan müəllim müstəqil Azərbaycanın jurnalist, elm və mədəniyyət biliciləri arasında xüsusi nüfuza malik olan dəyərli bir insan, əsil “Peşəkar jurnalist”dir. Ruslan müəllimdəki yüksək məsuliyyət hissi, onun çox ciddi tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, kollektiv üzvləri arasında bir-birinə qarşılıqlı hörmət hissi aşılaya bilmək məharəti məni həmişə heyran edir.Ruslan müəllimin 70 illik şərəfli ömrü bir kollektivdə çalışmağının 44 illik zirvəsindən yıxılıb dura-dura keçib gəldiyi yollara boylanır. Jurnalistika sahəsində ali təhsil almaq, bu şərəfli sahədə namusla, qeyrətlə, həm də vicdani məsuliyyətlə xalqa, Vətənə xidmət etmək, yurd-yuva sahibi olmaq, ailə həyatı qurmaq, onu qorumaq və s. kimi qarşıda həyata keçirilməsi vacib olan vəzifələr bu illərin payına düşür.
Ruslan müəllim, Sizi 70 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm!!! Arzu edirəm ki, kədər Sizdən uzaq olsun və gələcək günlər daim Sizə yaxşı əhval-ruhiyyə bəxş etsin! Bu əziz gündə Sizə uğur, sevgi və xoşbəxtlik arzu edir, yeni yaşınızda gözəl bir ömür diləyirəm.
Dilqəm Quliyev,Prezident təqaüdçüsü,pedaqogika üzrə elmlər doktoru, professor(Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü).

Избранный
265
50
xalqqazeti.az

10Источники