RU

Asanlıqla yayılan və ciddi fəsadlar yaradan infeksiya -Qızılca

Mütəxəssislər bildirirlər ki, xəstəliyin qarşısının alınmasının yeganə yolu kütləvi peyvəndləmənin aparılmasıdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verir ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalmışdır. Bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18 %, ölüm halları isə 43 % artmışdır.  ÜST və ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesablamasına görə, bu vəziyyət çoxluq uşaqlar təşkil etməklə təxmin edilən qızılcaya yoluxma hallarının 9 milyona, ölüm hallarının isə 136 minə çatması deməkdir. Qızılcaya yoluxma halları peyvəndlənmənin əhatə dairəsinin zəif olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır.

Bu xəstəliyə yoluxanda nə baş verir?

Qızılca - kəskin infeksion virus mənşəli xəstəlikdir, temperaturun artması, intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnəməsi və ləkəli-papulyoz səpkilərlə səciyyələnir. Həmin xəstəliyə yalnız insanlarda rast gəlinir. Qızılca burun axması, halsızlıq, quru öskürək, yüksək hərarət, ağız boşluğunun selikli qişasında və yanaqların daxili səthində kiçik boz rəngli ləkələr kimi əlamətlərlə müşayiət olunur. Xəstəlik, həmçinin gözlərin qızarmasına və işığa qarşı həssaslığın artmasına səbəb ola bilər. Ardıcıl olaraq yayılan, öncə qulaqların arxasında, burunun üstündə, sonra isə tədricən bütün üzü, boyun dərisini, gövdə, qollar və ayaqları tamamilə örtən səpgilər əmələ gəlir. Bu proses əsasən 4 gün davam edir. Sağalma başlayanda səpgilər həmin ardıcıllıqla solur, piqmentləşir və bəzən yerlərində kəpəkvari qabıqlanma olur.

Səpgilər solduqca uşaqlarda qızdırma da enir. Öskürək təxminən 10 gün davam edir. Yüksək qızdırma (38-40 °C) xəstəliyin 4-8 günlərində olur. Böyüklərdə isə səpgilər uşaqlara nisbətən daha az olur. Qızılca ilə xəstələnən uşaqlar təxminən 1 həftə ərzində sağalmağa başlayır. Lakin bəzi hallarda daha uzun müddət tələb olunur.

Xəstələnmə bütün yaşlarda və ilin soyuq vaxtlarında baş verir. Yoluxan şəxslər əgər xəstəlik yüngül keçirsə ev şəraitində müalicə olunurlar. Bu zaman çoxlu maye qəbul olunması, istirahət rejimi, selikli qişalara qulluq edilməsi, vitamin preparatlarının qəbulu tövsiyə olunur. Meyvə, tərəvəz, sulu yeməklər qəbul etmək məqsədəuyğundur.

Qızılca immun sistemini müvəqqəti olaraq zəiflədir, bu da uşaqları başqa infeksiyalara qarşı daha həssas edir və xəstəliyi ağırlaşdıra bilən ikincili bakterial infeksiyalara səbəb olur.Qızılca uşaqlarda sətəlcəm, meningit, boyun limfa düyünlərinin şişməsi, orta qulaq infeksiyaları və ensefalit kimi müxtəlif fəsadlara səbəb ola bilər. Həmin xəstəlik zəif qidalanan uşaqlarda A vitaminin azalmasına səbəb olur. Bu isə digər fəsadların artması riskinə gətirib çıxarır və göz sağlamlığına təsir göstərir. Əgər uşaqlarda qızılcanın digər fəsadları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır.

Qızılca infeksiyası vərəm infeksiyasının yenidən aktivləşməsinə, pnevmoniyaya, boyundakı limfa düyünlərinin iltihabına, orta qulaq infeksiyasına (otit mediasına) və beyinin iltihabına səbəb ola bilər.Bu problemlər nadir müşahidə edilsə də, körpələr və immuniteti zəif olan insanlar risk altında sayılır.

Peyvənd olunmasaq nə olar?

Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq, yoluxma hava-damcı yolu ilə baş verir. Xəstəliyi keçirməyən və peyvənd olunmayan şəxslərin qızılcaya yoluxma ehtimalı 95-96 faiz təşkil edirsə, bunun əksi olaraq 2 doza peyvənd alanlarda orqanizmdə yaranmış anticisimlər uzun müddət virusa qarşı qoruyuculuğu təmin edir.

Qızılcaya qarşı peyvəndlənmə əhatəsinin 95 %-dən aşağı olduğu ölkələrdə xəstəliyin geniş yayılma riski meydana çıxır.  Qızılcaya yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasında peyvəndin rolu əvəzsizdir. Təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın bu xəstəlikdən həyatını itirməsinin qarşısını almışdır.

ÜST bütün ölkələri qızılca və digər xəstəliklərə qarşı hər bir uşağın peyvənd olunması istiqamətində səyləri artırmağa çağırır. Bundan əlavə, epidemiyaların qarşısının alınmasına kömək etmək üçün qlobal, regional, milli və yerli səviyyələrdə bütün səhiyyə tərəfdaşları güclü nəzarət sistemləri tətbiq etməklə epidemiyaya cavab tədbirlərinin gücləndirilməsinə çalışmalıdır.

Qızılcanın qarşısını peyvənd olunaraq almaq olar. Bu gün hər ölkədə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi peyvənd təqvimi var. Milli peyvənd təqviminə əsasən, uşaqlar konkret yaşlarda peyvənd olunmalıdırlar. Ölkəmizdə isə təəssüflər olsun ki, çox vaxt valideynlər uşaqları vaksinasiyalardan yayındırırlar. Bu, neqativ haldır və qarşısı alınmasa acı nəticələrə gətirib çıxarır. Ona görə də uşaqları həmin yoluxucu xəstəlikdən qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan peyvənd cədvəlinə riayət etmək vacibdir. Həmin vaksin qızılca, parotit və məxmərək xəstəlikləri ilə mübarizədə effektivdir.

Mütəxəssislər tövsiyə edirlər ki, valideynlər obyektiv əks göstəriş olmadan ölkədə mövcud olan peyvəndlər təqvimindən yayınma hallarına yol verməsinlər. Bu təqvimə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və ya məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar təcili olaraq bu dozanı almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar. Qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Qeyd edək ki, 11-40 yaşlı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə peyvənd olunması kifayət edir və peyvəndləmə prosesi könüllülük əsasında aparılacaq. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində immunizasiya tədbirlərinin aparılması üçün hazırda müvafiq təlimatın hazırlanması həyata keçirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
648
7
ikisahil.az

10Источники