RU

“Qrip, qızılca kimi infeksiyalardan qorxmaq lazım deyil” – “Uşaq ildə 12-14 dəfə virusa yoluxa bilər”

“Azərbaycanda virus infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur. Bəzi əcnəbi mütəxəssislər bu infeksiyanın “Tridemiya” etiologiyalı olduğunu iddia edir. Yəni yoluxmaya səbəb, insanın eyni zamanda üç fərqli virusun - Covid-19, qrip və KRVİ-nin birgə hücumuna məruz qalmasıdır. Əslində, bu tamamilə yanlış fikir və səhv yanaşmadır”.“AzPolitika.info” xəbər verir ki, bunları Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyev yazıb. Professor qeyd edir ki, viruslar obliqat parazitdir: ““Sahibin hüceyrəsindən kənar” virusda canlılıq əlaməti yoxdur və özünü biopolimer kimi aparır. Yalnız düşdüyü canlı hüceyrənin daxilində artıb çoxala bilir. Bu səbəbdən patogen viruslara kəskin antaqonistlik xasdır. Yəni virus yoluxdurub, sahibləndiyi hüceyrəyə digər patogen virusu heç bir halda buraxmır. Odur ki, konkret şəraitdə yoluxmanı yalnız ən aktiv və ən güclü virus ştammı törədir. Bu səbəbdən, hazırkı infeksiya “Tridemiya” etiologiyalı ola bilməz. Bu aksiomadır. Digər tərəfdən, tibbdə rəsmən qəbul olunmuş “Tridemiya” termini ümumiyyətlə yoxdur və bu ifadə unudulmalıdır”. M.Qəniyev xatırladır ki, yoluxmada kəskin artım bütün yaş qruplarında müşahidə olunsa da, kütləvilik daha çox məktəbəqədər yaş qrupundan olan uşaqlar arasındadır. Onun sözlərinə görə, bu yaş qrupunda xəstəliyə səbəb Kəskin Respirator Virus İnfeksiyasıdır. “Hazırda dominant adenovirusdır”, - o əlavə edib. Yoluxmanın məktəbəqədər yaş qrupunda yüksək olmasının səbəbi haqqında danışan professor qeyd edir ki, uşaq anadan olduqdan sonra, ilk 6 ayda passiv, yəni anadan alınmış immunitetə sahib olduğundan adenovirus infeksiyasına yoluxmur. “Anadangəlmə immunitet itəndən sonra, uşaqlar 7 yaşa kimi adenovirusun demək olar ki, bütün aktiv serotiplərinə dövrü olaraq yoluxaraq immunitet qazanır. Odur ki, məktəbəqədərki yaş qrupunda olan uşaqlar ildə 3-4 dəfə, hərgah bağça və ya hazırlığa gedirsə, 12-14 dəfə virus infeksiyasına tutula bilər. Yəni bu yaş qrupundan olan uşaqlar arasında virus infeksiyasının daha çox yayılması tamamilə qanunauyğundur”, - tibb elmləri doktoru vurğulayıb.


Yoluxmaya səbəb olan adenovirusun tipinə gəlincə, Musa Qəniyev bildirir ki, adenovirusun insanda xəstəlik törədə bilən 7 tipi və 88 serotipi var: “Klinik əlamətlərin izlənməsi infeksiyanın daha çox hallarda mədə-bağırsaq pozğunluğu ilə müşahidə olunduğu, bəzən sarılıq (hepatit) kimi nozoloji vahiq olaraq fərqli yanaşma tələb etdiyini də subut edir. Elə buna görədir ki, son vaxtlar sarılıq xəstəliyinin kəskin artması ilə bağlı valideynlər arasında xüsusi narahatlıq və qorxu yaşanır. Əvvəla, bildirirəm ki, yüngül hepatit əlamətləri, uşaqlarda müxtəlif virus infeksiyalarından sonra geniş yayılmış adi bir haldır və qorxulu deyil. Qarında ağrı, qusma, diareya kimi əlamətlər, o cümlədən nadir hallarda da olsa, hətta kəskin hepatit törətmə, yalnız Ad 41 adenovirus serotipinə xasdır. Odur ki, hazırda adenoviruslar ailəsinin Ad 41 serotipin fəallığının yüksək olduğu öz təsdiqini tapır. Müşahidə olunan sarılıq adenovirus mənşəlidir. Ən effektiv vasitə gigiyenik şərtlər daxilində uşaqların qorunmasıdır”. Professor bir faktı xüsusilə vurğulayıb ki, məlum yaş qrupunda olan uşaqlar kök, apelsin, xurma və sair kimi karotin tərkibli meyvələri çox yedikdə, onların dərisi sarı-çəhrayi rəng ala bilər. Onun sözlərinə görə, çox vaxt bunu əsl sarılıqla qarışdırırlar. “Buna “karotin sarılığı” deyilir. Həmin meyvələrin qəbulu azaldılan kimi aradan qalxacaq. Həkimə müraciət olunmamalı, uşaq xəstəxanaya aparılmamalı və heç bir müalicə təyin olunmamalıdır”, - o əlavə edib.
Professor gənc analara xatırladır ki, yeni doğulmuş uşaqların 50%-də, vaxtından əvvəl doğulmuş uşaqların 80%-də doğuşdan 2-3 gün sonra, sarılıq əlaməti meydana çıxa bilər:
“Bu fizioloji sarılıq adlanır. Xəstəlik deyil, adaptasiya müddətində olan vəziyyətdir, yəni müalicə tələb etmir, normal bir haldır və öz-özünə keçib gedəcək”. M.Qəniyev deyir ki, fəsli infeksiyaların kütləvi yayılma tarixi, sivil insan cəmiyyətinin yaranma tarixi qədərdir: “Yəni qrip, qızılca və sair kimi infeksiyalar həmişə olub və olacaq. Buna görə qorxmaq lazım deyil. Sadəcə uşaqlar arasında “peyvənd təqviminə” uyğun, ardıcıl olaraq peyvəndləmə aparılmalıdır. Bir daha bildirirəm: hazırda körpə balaların həyatı üçün xüsusi narahatlıq doğuran heç bir təhlükə yoxdur”. Professorun sözlərinə görə, yetkin yaşlılar arasında yoluxmanın səbəbi isə, KRVİ ilə yanaşı, fəsli infeksiyaya çevrilmiş Covid-19-un BA.2.86 subtipindən əmələ gəlmiş mutant və qripin А(H3N2) ştammı serotipidir. “İstər covid, istərsə də qripin törədicisinin nuklein ardıcıllığında bazal genom dəyişikliyi olmadığından, bunlar qorxulu heç bir şey vəd etmir. Odur ki, xəstəlik qayğısından azad olub, gündəlik normal həyatınızı yaşayın”, - Musa Qəniyev tövsiyə edib.Rasim Əliyev“AzPolitika.info”

Избранный
356
azpolitika.info

1Источники