RU

Naxçıvan Muxtar Respublikası – 100 Zəngəzur dəhlizi Naxçıvanın blokadasını yaracaq –TƏHLİL

1988-1993-cü illərdə Ermənistan Azərbaycana qarşı tamah dişini qıcayanda və bir-birinin ardınca torpaqlarımızı işğal edəndə Naxçıvan üçün də olmazın çətinlikləri yarandı. Çünki Naxçıvanın işğalı da düşmənin baş planında əsas yer alırdı. Başlanğıc olaraq artıq 88-89-cu illərdə Bakı-Naxçıvan qatarlarında hər gün yeni-yeni hadisələr törədilirdi. Qatarlar əvvəlcə daş yağışına tutulur, daha sonra isə gülləbaran edilirdi. Vaqonlar, pəncərələri deşik-deşik idi, yaxud da pəncərə şüşələri tamamilə qırılıb tökülmüşdü, yerinə nazik taxta lövhələr vurulmuşdu. Maşinistlər iki gündən bir döyülüb, təhqir edilirdi. Sərnişinlərin taleyi təhlükə altında idi və bu, ozamankı Azərbaycan rəhbərliyini əsla narahat etmirdi. Lakin naxçıvanlılar yenə də qatarlardan istifadə etmək məcburiyyətində idilər. Çünki paytaxt Bakıya bu nəqliyyat vasitəsi ilə gedib-gəlmək ucuz başa gəlirdi və odövrkü iqtisadiyyatı tənəzzülə uğramış ölkənin unudulmuş regionu olan Naxçıvanın əhalisi çox kasıb vəziyyətdə yaşadığı üçün həyatları təhlükə altında olsa da, bu nəqliyyatdan istifadə edirdilər.Ermənistan ərazisindən Naxçıvana gələn elektrik enerjisi mütəmadi kəsilir, qaz kəməri partladılırdı. Nəticədə isə bu yerin əhalisi həftələrlə, aylarla işıqsız, qazsız qalır, qış aylarında Naxçıvanın sərt kontinental iqlimində soyuqdan donurdular. Elektrik enerjisinin kəsilməsi zavod, fabriklərin fəaliyyətinin dayanmasına, iş yerlərinin bağlanmasına, əhalinin aclıq, səfalətlə üzləşməsinə, xüsusilə isə informasiya blokadasına salınmasına səbəb olmuşdu. Əhali ölkədə olan hadisələrdən bixəbər yaşayırdı.Prezident İlham Əliyev həmin günləri belə xatırlayır: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq.Ulu Öndərin gəlişi ilə təklənmiş adaya bənzəyən Naxçıvan nicat yoluna çıxdı Ozamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlasaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gəlir. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrildi, hamı Onun timsalında böyük xilaskarını tapdı.22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı, eyni zamanda naxçıvanlıların xilası tarixi kimi daxil oldu. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, Ulu Öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinq də yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın sonsuz məhəbbət və inamının təntənəsi idi.Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev deyir: Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.İllər ötdükcə, blokada Naxçıvanı düşmənə meydan oxudu. Məhv olma­ması, yaşaması ilə onların gözdağına çevrildi. Blokada Naxçıvanı informasiya blokadasını yarıb səsini dünyaya yaydı. Mənsub olduğu ölkə­nin rəhbərliyinin cəsarət edib toxuna bilmədiyi məsələlərə toxundu. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar imzalandı. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı.Azərbaycanın müstəqilliyinə gedən yol Naxçıvandan başlandı. Bu yolun bələdçisi isə Ulu Öndərimiz Heydər Əliyev idi. 1991-ci ildə qazandığımız və 1920-ci ildəki kimi itirilmək təhlükəsi qarşısında olan müstəqilliyimiz məhz Ümummilli Liderimizin sayəsində xalqa bəxş olundu.Ulu Öndərin hər çıxışı, söhbəti bu günün bir tarix dərsidir Ulu öndər Heydər Əliyevin blokada Naxçıvanında yaşadığı, fəaliyyət göstərdiyi dövr iki ilədək olsa da, Azərbaycan tarixinin böyük bir hissəsini əhatə edir. Böyük şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarındakı çıxışlarını, Naxçıvana gələn qonaqlarla söhbətlərini, ayrı-ayrı sahələrdəki vəziyyətlə bağlı fikirlərini, müsahibələrini oxuduqca çox məqamlar açıqlanır. Bunlardan birincisi, Ulu Öndərə baxmayaraq ki, Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi vaxtlar da ölkə rəhbərliyi tərəfindən təzyiqlər var idi, lakin onun Azərbaycan rəhbərliyinə həmişə böyük hörmət hissi ilə yanaşması dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyətinin, insanlığının, alicənablığının nəticəsi idi. İkincisi, Ulu Öndərin qonaqlara, xarici ölkələrdən gələn nümayəndələrə Naxçıvanın Azərbaycanın qədim ərazisi olduğunu tarixi faktlarla izahının şahidi olursan. Üçüncüsü, Onun ölkədəki, eləcə də muxtar respublikadakı ictimai-siyasi hadisələrin siyasi təhlilinin və təcavüzkar Ermənistanın, onun havadarlarının uzaq gələcəyə hazırlanmış planlarını nə qədər dəqiqliklə analiz etdiyini görürsən. Ümumilikdə isə Ulu Öndərin hər bir çıxışı, söhbəti bu günün bir tarix dərsidir ki, gələcək nəslin Naxçıvan blokadası haqqında məlumat almaları üçün bundan güclü ikinci bir mənbə yoxdur.Naxçıvan blokadasının canlı şahidi-100 yaşlı “Şərq qapısı” qəzetiMuxtar respublika 30 ildən artıqdır ki, blokada şəraitində yaşayır. Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin səhifələri blokada Naxçıvanının canlı şahididir. Blokadanın ilk illəri insanların tək ümidi “Şərq qapısı” qəzeti idi. Gündəlik çıxan bu qəzet muxtar respublikanın rayonlarına vaxtında çatdırıla bilmirdi. Yanacaq qıtlığı olduğuna görə nəqliyyat işləmirdi. “Şərq qapısı” Naxçıvanda, onun sərhədlərində, dəmiryolunda, həmçinin digər sahələrdə olan hadisələrdən bəhs edən çoxsaylı yazıları dərc edən, Naxçıvana qarşı erməni təxribatlarını tam təfsilatı ilə ortaya qoyan, sakinlərə informasiya verən yeganə mətbu orqan, insanların əlinin çatdığı, oxuya bildiyi, məlumat aldığı yeganə mənbə idi.1988-ci ildən başlayaraq qəzetin nömrələrini vərəqləyərkən blokadanın ilk illərinin ağırlığı, aclıq-səfaləti hopmuş bu səhifələr sanki dil açıb danışır. Danışdıqca da tarixi ədalətsizliyin, hadisələrin necə düşünülüb həyata keçirildiyindən söhbət açır.“Kommunist” qəzetinin müxbiri Piri Məmmədovun “Şərq qapısı” qəzetinin 20 fevral 1990-cı il tarixli sayında dərc olunan “Həyat yolu: Bu yerlərdə qatarlar nə şərqdən qərbə gedir, nə də qərbdən şərqə...” adlı yazısında neçə-neçə müəssisələrə, insanlara üz tutulur, müsahibələr alınır, təhlillər aparılır. Yazının sonunda müəllif belə yazır: ...Coğrafiyada hər şey Qrinviçdən ölçüldüyü kimi, bu yerlərin də bütün məsafələri dəmir yolu ilə müəyyən edilir. Dəmir yolu muxtar respublika üçün hər şeydir. İqtisadiyyatından tutmuş siyasi, sosial və mənəvi həyatınadək hamısı onun ahəngdar işləməsindən asılıdır. Dəmir yolu-respublikanın həyat yoludur. Onsuz əslində Naxçıvan da yoxdur. Bu mənada dəmir yolu nəyin hesabına olur-olsun işləməli, qatarlar gecə-gündüz qərbdən şərqə, şərqdən qərbə getməlidir. Kimin kimdə acığı, hayıfı varsa, qisas almaq istəyirsə, qoy başqa yol seçsin, muxtar respublikanın, onun 300 minlik əhalisinin həyat yoluna toxunmasın. Əks təqdirdə daha böyük bəlalar, daha dəhşətli faciələr nəsibimiz olar...Digər maraqlı və ədalətli yazıya nəzər salaq. Qəzetin 21 fevral 1990-cı il tarixli nömrəsində “Oqonyok” jurnalının icmalçısı Georgi Rojnev “Nəhayətsiz yol” məqaləsində yazır: Azərbaycan torpağında kiminlə görüşdümsə, hər bir müsahibim özünün açıq inamsızlığını gizlətmirdi: “Əgər felən bütün mərkəzi qəzetlər və jurnallar, radio və televiziya bizi narahat edən problemlər barədə susur, ya utanmadan yalan danışırlarsa, sizin səfərinizin nə faydası!”. Heç bir gün keçməmişdi, mən inandım ki, adamlar haqlıdırlar. Həlli yubanmış millətlərarası münaqişələrdə nə baş verirsə versin, oxucuya və dinləyiciyə eyni şaiyələr təqdim olunurdu: “Azərbaycan az qala qəddar təcavüzkardır, onun qonşuları isə günahsız qurbanlardır”....Öz vədimdə mən kələk gəlmirdim. Moskvaya qayıdıb mütləq həqiqəti danışacaqdım. Bəs sonra? İki aydan çox keçsə də, mən Azərbaycana və Ermənistana səfər barədə bircə sətir də çap etdirməmişəm. Heç bir Moskva qəzeti, heç bir jurnal mənə öz səhifələrində yer vermək istəmir. İzahı sadədir: mənim danışdığım həqiqət aylardan bəri oxucuların və dinləyicilərin beyninə yeridənlərə qətiyyən bənzəmir.“Şərq qapısı”nın səhifələrində “Qatar gəlir, qatar gedir”, “Sərhəddəki alov nəyi işıqlandırdı”, “Çörək növbəsi”, “Şəhərə... çörək dalınca”, Həqiqətlər və müəmmalar, “Sədərək hadisələri”, “90-ların acısı: Bacı toyu qardaş yasına döndü” kimi yüzlərlə yazılarda Naxçıvan blokadasının çətinliklərindən, Sədərəkdə və muxtar respublikanın Ermənistanla sərhəd digər rayonlarında törətdikləri münaqişələrdən, Naxçıvanın son dərəcə çətin bir şəraitdə yaşamasından, iqtisadiyyatının dağılaraq tamamilə iflic vəziyyətə düşməsindən, əhalinin maddi durumunun son dərəcə çətinləşməsindən söhbət açılır.Yüz il sonra da “Şərq qapısı” qəzeti Naxçıvan blokadasının ağır günlərini və ümumilikdə blokada dövrünü səhifələrində yaşadan mənbə kimi istinadgahımız olacaq.Qarabağın işğalı ilə yaşıd Naxçıvan blokadasıBiz 3 il əvvələ kimi 30 ilin torpaq həsrətliləri, həm də 30 ilin blokada Naxçıvanının insanları idik. 1990-cı illərin alın yazısına çevrilən bu iki acının da düyünü çözülüb artıq. Ölkə Prezidentinin həm hərb meydanında, həm siyasi müstəvidə bütün dünyaya nəyə qadir olduğumuzu göstərməsi ilə, dəmir yumruq ətrafında birləşməyimizlə, övladımızı itirib “Vətən sağ olsun!” deməyimizlə, dağılan, viranə qalan evlərimizə alın belə qırışdırmamağımızla, uçuq-söküklər altından yalnız bayrağımızı xilas edib köksümüzə sıxmağımızla bütün dünyaya milli mənliyin, torpaq sevgisinin nə olduğunu bəyan etdik. İndi illərlə acılarımıza susan dünya ölkələrinə həm hərbimizlə, həm də mənəvi dəyərlərimizlə örnəyik.Qarabağla yaşıd olan Naxçıvan blokadasının da 30 illik düyünü açılmaqdadır. Qarabağ torpaqlarının işğalı ilə başlanan Naxçıvan blokadası torpaqların azad olunması ilə də aradan qaldırılır. Artıq Naxçıvan da Qarabağ torpaqları kimi, həsrət qaldığı anası Azərbaycanın qoynuna sığına biləcək, həsrəti sona yetəcək. Buna düşünülmüş siyasətin bəhrəsi olan 10 noyabr Bəyanatı ilə nail olmaqdayıq. Ölkə Prezidentinin xalqımıza müraciətindən: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir”.Zəngəzur dəhlizi Naxçıvanın blokadasını yaracaq2020-ci ilin payızında, 44-cü gündə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Vətən müharibəsi qələbə ilə nəticələndi. 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları Bəyanat isə ondan bir gün öncəki qələbənin üzərinə bir qələbə də əlavə etdi. Ermənistan kapitulyasiya aktını imzalamaqla təslim olduğunu bildirdi. Beləliklə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, itkisiz Azərbaycana qaytarıldı. Bəyanatın 9-cu bəndi isə Naxçıvanın blokadadan çıxması üçün cənab İlham Əliyevin təkidi ilə bir maddə olaraq sənədə salındı.Baxmayaraq ki, Ermənistan bəyannamədə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən hələ də boyun qaçırır, lakin buna baxmayaraq Naxçıvanı ölkə ilə birləşdirəcək dəhlizin açılması üçün xeyli vaxtdır ki, tədbirlər görülür. Ya Ermənistan, ya da İran İslam Respublikası üzərindən Zəngəzur dəhlizinin açılacağı sözsüzdür.2022-ci ildə Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması bu sahədə əldə edilən növbəti diplomatik qələbədir.Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin etməklə yanaşı, həm də bütün Orta Dəhliz ölkələri üçün mühüm əhəmiyyətə malik olacaqdır. Bu çərçivədə həyata keçiriləcək Qars-Naxçıvan dəmir yolu layihəsi Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcək.Həm nəqliyyat, həm də elektrik enerjisi üçün nəzərdə tutulmuş bu dəhlizdən Ermənistan ağılsızlığı ucbatından kənarda qala bilər. Kimlərinsə dəstəyi olmadan var olmadığı ötən illər ərzində sübuta yetən işğalçı dövlətin dəhlizdən də özünü məhrum edərsə, tarixi bir peşmanlıq yaşayacağı sözsüzdür.Hələlik isə bu, bir reallıqdır ki, Zəngəzur dəhlizi Naxçıvan blokadasını yaracaqdır. İllərlə bu blokadanın yarılmaması üçün can-başla çalışan ermənilərin əllərindən gələni etmələrinə rəğmən dəhliz açılacaq. Dövlətimizin başçısının dediyi kimi, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq.Bu il Naxçıvan muxtariyyətinin 100 illiyini qeyd edir. Ölkə vətəndaşlarının hər birinin böyük arzusudur ki, bu yubiley ilində Zəngəzur dəhlizi ilə Naxçıvana səfər etsin. Və ümidvarıq ki, o gün yaxındadır...Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
441
sesqazeti.az

1Источники