RU

Elimizin toy kimi bir adəti vardı... - KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı Toylarımız insanların bəhsə-bəhs yerinə, öz imkanlarını başqalarına nümayiş etdirmə məkanına çevrilib Xalqımızın qədim adət-ənənələri arasında toylar özünəməхsus yer tutur. Milli toylarımızın özüməxsus gözəllikləri, zəngin ənənələri, mənəvi keyfiyyətləri var. Bunlardan biri də yemək-içmək süfrəsidir. Budəfəki mövzumuz da elə toylarımızdakı yemək mədəniyyəti ilə bağlıdır.Qədim toylarımızda da qonaqlara müxtəlif növ milli yeməklər təklif olunub. Lakin süfrə heç də toyun əsas atributu sayılmayıb. Hazırda isə toylarda əsas məsələ yemək-içməkdir. Süfrələrin üstündə lap nağıllarda deyildiyi kimi quş südü, can dərmanı- hər şey var. Məşhur filmdə deyildiyi kimi, süfrəni elə doldururlar ki, barmaq basmağa yer qalmır...Bu yemək ki var- bu, bizim yaralı yerimizdir. İctimai müzakirələrdə hamı Avropa ölkələrini, Rusiyanı, Yaponiyanı... misal gətirir, “onlar bizdən ağıllıdır, toyda çox sadə süfrə açırlar, bizim kimi 30-40 cür yemək vermirlər” deyir, lakin həmin adamların təşkil etdikləri toya gedəndə görürsən ki, özü başqalarından daha böyük həngamə çıxarıb.Hər kəs bir-birinin bəhsinə girib daha “ağır” stol açmaq istəyir. Masalarda planetimizin Antraktida istisna olmaqla bütün materiklərindən gətirilmiş saysız-hesabsız nemətlər düzülür. Bununla fəxr edən toy sahibi heç düşünmür ki, bu həngaməni öz gücünə yox, qonaqların puluna həyata keçirir.Yəni, masanın qiyməti haqda qabaqcadan informasiya sızdırılır və qonaqlar da məcbur olub həmin qiymətdən bir az da artıq pul yazdırırlar ki, bəylə-gəlinə bir kömək olsun. Lakin deyir, sən saydığını say, gör şadlıq evinin sahibi, qadın salonunun sahibi, musiqi qrupu, video və foto-operatorlar... nə sayır.Daha bir problem isə ondan ibarətdir ki, “stolun üstünə nə düzülübdürsə, hamısından təam edilməlidir” prinsipi ilə yaşayanlar çoxdur. Toya gələrkən bəziləri sanki birinci dəfədir yemək görürlərmiş kimi, o qədər yeyirlər ki, nəfəs ala bilmirlər. Axı atalar yaxşı deyib: “Saman sənin deyil, samanlıq ki, sənindir”.Təəssüf ki, bunu anlayanlara az rast gəlirik- masanın üstünə çox növdə yemək düzülübsə, bu o demək deyil ki, hər kəs bunların hamısından yeməlidir. Bu ona görədir ki, kim daha çox nəyi sevirsə ondan yesin və ya kiməsə həkim hansısa qidaları qadağan edibsə, o yeməyə bir şey tapa bilsin.Əksər restoranlarda 10-15 çeşiddə yemək, 30-40 çeşiddə çərəz, şirniyyat və salat təklif olunur. Burada bir neçə paket olur- toy sahibinin paketlərdəki yeməkləri dəyişdirmək, menyudan çıxarmaq hüququ yoxdur, lap çıxartsa da pulunu ödəməlidir. Həm də minimum menyu və yer sayı var ki, ondan aşağı olmaz.İş o yerə gəlib ki, indi toya çağrılan adamın qanı it qanına dönür. Orta statistik vətəndaşımız ayda 2-3 toya gedərsə aylıq maaşının azı yarısından keçməlidir. Bəs yarım ay necə dolanacaq? Özü də bu işgəncə kiminsə lovğalanması üçün baş verir.Toya gələn qonaqların siyahıya yazdırdığı məbləğ, əslində, yeni evlənənlərə çatmalıdır. Bu pulla yeni ailə quranlar heç olmasa öz evləri üçün çatışmayan nələrisə ala bilər. Amma bu pullar şadlıq sarayının sahibinə və digər təminatçılara çatır.Hətta bəzən, heç toya yazılmış pullar şadlıq sarayının xərcini ödəməyə belə çatmır. Və toy sahini borca düşür. Hətta elə hallar olub ki, şadlıq sarayının pulunu ödəyə bilmədiyi üçün bəy girov saхlanılıb.Müasir toylar özünüreklam yarışına döndərilib. Kasıbından tutmuş, ta varlısına qədər hamı öz övladının toyunda yarışa girirmiş kimi süfrələrə saysız hesabsız yemək, salat, çərəz və içkilər, ekzotik nemətlər qoydurur.Bunların da 80 faizi istifadə olunmur. Bu israfçılıq nəyə lazımdır? Olmaz ki, onun əvəzinə xərclənən vəsaiti daha məntiqli məsələlərə yönəldək? Məsələn, toyda 2-3 cür yemək verib, qalan pulları onların hansısa problemlərini həll etməsi üçün özlərinə saxlayaq?Toylarda problem təkcə yemək-içmək deyil. Sarsıdıcı səs terrorundan tutmuş, çoxnövlü pul tələlərinə kimi hər şey toy sahibinin və qonaqların zərərinə işləyir. Burada ictimai qınaq mexanizmi işləməyəcək. Çünki bunu edən elə həmin ictimaiyyətdir, öz-özlərini qınayası deyillər ha. Yalnız inzibati metodlarla bu biabırçılığın miqyasını heç olmasa azaltmaq olar.

Избранный
534
sesqazeti.az

1Источники