RU

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzi fevralın 11-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirəcək.

Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

Qeyd olunan dəyişikliklə əlaqədar imtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq.

İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın.

Bir daha xatırladırıq ki, kartı zədələmək vә cırmaq olmaz. İmtahan nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 15‑dən 29-dək aparılıb. İmtahanda iştirak etmək üçün 19725 bakalavr ərizə təqdim edib. Onlardan 18205 nəfər Azərbaycan bölməsi, 1520 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12713-si cari ilin, 7012-si isə əvvəlki illərin məzunlarıdır, 46 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 55, Sumqayıtda 5, Abşeronda 5, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 14331, Naxçıvanda 497, Gəncədə 1361, Sumqayıtda 1367, Abşeronda 1145, Mingəçevirdə 615, Lənkəranda 409 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 5-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 10-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Избранный
973
10
tehsil.biz

10Источники