RU

5 Mart- Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür İdman siyasəti: sağlam nəsil, vətənpərvər gənclik -TƏHLİL

Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən 5 mart ölkəmizdə hər il Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. İdmanın inkişafının ildən-ilə vüsət alması ilə Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.Ölkəmizdə olimpiya hərəkatının başlanmasına və onun fəaliyyətinə bu günün prizmasından nəzər saldıqda gözlərimiz önündə bir qərinəyədək dövrün uğur və nailiyyətlərlə dolu mənzərəsi açılır. Bəlkə də 30 ilin əvvəlində idmanın inkişafı ilə bu nöqtəyə gəlib çıxmağın mümkünlüyü heç ağıla da gəlməzdi. Çünki həmin dövr o dövr idi ki, ölkə iqtisadi cəhətdən tənəzzülə uğramışdı. Sovet imperiyasının buxovlarından yenicə azad olan xalq olmazın çətinlikləri ilə üz-üzə qalmışdı. Bu, həyat tərzi olaraq gənclərimizdən də təsirsiz ötmürdü. Milli Ordumuzun yenicə təkmilləşdiyi o illərdə gənc oğlanlar 4-5 il əsgəri xidmət keçir, qayıdanlar işləmək üçün iş yeri tapmırdı. Gənc qızların da sosial həyatı çox passiv şəkildə idi, onların asudə vaxtlarının səmərəli təşkili üçün əsaslı bir ünvan yox idi. Belə bir dövrdə gənclərin üzünə onların maraqlarını təmin edə biləcək qapıların açılması təbii ki, 30 ilin sonunda bu uğurların sadalanması ilə nəticələnəcəkdi. Bu qapı idmanın inkişafı, ölkəmizdə Olimpiya Hərəkatının başlanması idi. Bu, həm də ölkənin gələcək inkişafına istiqamətlənmiş siyasətin prioritetlərindən biri idi. Ölkəmizin başçısı cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir”.Bədənin düzgün tərbiyəsi sağlam nəsil yetişdirirBədən tərbiyəsi, yəni bədənin tərbiyəsi hər dövr üçün ən aktual məsələdir. Yəni hər bir insan bədənini müəyyən istiqamətdə tərbiyə etməyi bacarırsa, zamanla onun faydalarını da görməyə başlayır. Bədənin tərbiyəsi öncə hər bir ailədə valideynlərin üzərinə düşən vəzifədir. Hər bir ata-ana övladının kiçik yaşlarından bədəninin tərbiyəsinin əsasını qoymalı, müxtəlif rejimlər tətbiq etməklə bunu onun vərdişinə çevirməli və sağlam həyat tərzinin təməlini qoymalıdır. Bəzən bədən tərbiyəsi dedikdə çox insanlar tək idmanı nəzərdə tutur. Lakin bu, belə deyil. İnsanın gün ərzində səhər saatlarından gün bitənədək fəaliyyəti onun bədəninin tərbiyəsini xarakterizə edir. Bura səhər gəzintiləri də, yemək, istirahət saatları da, kitab oxumaq, dərs çalışmaq, hansısa bir işi görmək də, yaxud əksinə sağlam həyat tərzinə zidd olanların hər biri daxildir. Beləliklə lap kiçik yaşlarından bədənin tərbiyəsinə necə başlanırsa, sonrakı illərdə də həyatımız əsasən o qayda ilə davam etdirilir.Sağlam həyatın, mənalı ömrün, cəmiyyətə layiqli olmağın, ən əsası isə vətənsevərliyin, vətənpərvərliyin əsası bədənin tərbiyəyə necə alışdırılmasından birbaşa asılıdır. Düzgün bədən tərbiyəsi sayəsində şüurun, beynin sürətli inkişafı, hadisələrə baxış bucağının düzgün qurulması, cəmiyyətə sağlam şəkildə yanaşması ilə insan, sözün həqiqi mənasında, mənsub olduğu ölkə üçün uğurdur. Bunun üçün də bədən tərbiyəsinin inkişafı dövlətimiz tərəfindən diqqətdə saxlanılan prioritet məsələlərdəndir.Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də ölkəmizdə bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilmişdir. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir.Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalmışdır. Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan vermişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmiş, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоymuşdur. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin Prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənmiş, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiyyət üçün faydalıdır”.Sağlam nəsil –güclü idmanSon illər ölkə iqtisadiyyatının sürətli inkişafı idman sahəsini də əhatə etmişdir. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Prezident cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin 25 illik yubileyi münasibətilə keçirilən mərasimdə deyirdi: “Biz əlbəttə ki, ilk növbədə, idmanla məşğul olmaq üçün şərait yaratmalı idik və bu istiqamətdə dövlət investisiyaları hesabına Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilmişdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bir sözlə, son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir”. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdmançılarımız 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında uğurla çıxış edərək 7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutub.Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olub. Komandamız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə əldə edib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləyib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşdı. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırdılar.İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prilərinin, 2021-ci ildə futbol üzrə Avropa çempionatının müəyyən mərhələlərinin yüksək səviyyədə təşkil olunması ilə nəticələndi.Bədən tərbiyəsi və idman vətənpərvərlik hissinin təməlidir“İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir”,- deyən Prezident İlham Əliyevin bu dəyərli fikirlərinə istinadən demək olar ki, bəli, idman sağlamlıqla yanaşı, həm də özünəinamı, eyni zamanda qorxmazlığı, əyilməzliyi, igidliyi özündə ehtiva edir ki, bütün bunlar isə insanda vətənpərvərlik hissinin formalaşmasında böyük əhəmiyyətə malikdir.Ölkəmizdə gənc nəsil bədən tərbiyəsi və idmanla kütləvi şəkildə məşğul olduğundan bu, son illər vətənpərvər gəncliyin də yetişməsində mühüm rol oynamışdır. Sağlam həyat tərzi, düzgün yaşam, cəmiyyət üçün gərəkli fərd olmaq insanda Vətəninə, torpağına, el-obasına sevgi, qədirbilənlik hissini formalaşdıran amillərdir. Bugünkü gəncliyin yüksək vətənpərvərlik keyfiyyətinə malik olmasında bu sahəyə göstərilən diqqət və qayğı öz sözünü deyib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində gənclərimizin dünyaya nümunə olan vətənpərvərliyi dövlətimizin vətəndaşına göstərdiyi qayğının bəhrəsi kimi təzahür etdi. Statistikaya görə Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər iştirak edib. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb.Gənclərimizin torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdikləri şücaət, onların fiziki gücü, son nəfəslərinədək rəşadətlə döyüşməsi, torpaq, Vətən uğrunda şəhid olması göstərdi ki, bu xalqın övladlarının Vətən sevgisi bütün sevgilərdən, istəklərdən öndədir. Hər bir yarışda Azərbaycan bayrağını qürurla dalğalandırmağa nail olan idmançılarımız üçrəngli bayrağımızı Qarabağda da dalğalandırmağa nail oldular. 2022-ci ilin fevral ayında gənclərlə görüşündə Prezident İlham Əliyev onların Vətən müharibəsindəki şücaətindən söhbət açaraq demişdir: “Şuşa qalasına dırmaşmaq, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır. Amma sənin üzərinə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar. Ona görə idman bu deməkdir. Dinc həyatda da hökmən lazımdır, hökmən”.Dövlətimizin başçısı onu da vurğulayır ki, bizim qabaqcıl, görkəmli idmançılarımız bütün idmançılar üçün nümunədir. Çünki onlar həm idmanda böyük uğurlar qazanıblar, həm də onların hamısı vətənpərvər insanlardır. Eyni zamanda, bizim çempionlarımız cəmiyyətdə də özlərini çox ləyaqətlə aparırlar. Bu, bir yeni davranış nümunəsidir.Uşaqların, yeniyetmələrin, idmanla məşğul olmaq istəyənlərin də onlara oxşamasını vurğulayan ölkəmizin rəhbəri qeyd edir ki, onlar görürlər ki, əgər sən idmanda böyük uğur əldə etmisənsə, cəmiyyətdə özünü ləyaqətlə aparırsansa, öz həyatını ləyaqətlə qura bilərsən. Ona görə, son illər ərzində idman bölmələrinə müşahidə olunan kütləvi axın bu səbəblərdən qaynaqlanır. Bu, məni çox sevindirir. Çünki bizim gənclər idmanla nə qədər çox məşğul olsalar, onlar üçün də, dövlət üçün də bir o qədər yaxşı olacaq. İdmanla məşğul olanlar vətənpərvər insanlardır. İdman qələbələri hər bir vətənpərvər Azərbaycan vətəndaşını sevindirir. Hər dəfə biz beynəlxalq yarışlarda görəndə ki, bizim bayrağımız qaldırılır, ürəyimiz fərəhlə dolur. Bu sevinc anlarını bizə idmançılar yaşadır. Əminəm ki, gələcək yarışlarda idmançılar yenə də qələbə qazanacaqlar, Azərbaycan xalqını sevindirəcəklər.Bəli, Olimpiya Hərəkatının uğurları ölkəmizə ötən 20 ildə yüksək səviyyədə rəhbərlik edən dövlət başçısının, eləcə də Olimpiya Hərəkatının rəhbərinin uğurları, yüksək idarəetmə təfəkkürü ilə gələcəyə hesablanmış siyasətin nəticəsi, nəyi nə vaxt etməyin əyani göstəricisidir. Elə Azərbaycanın bugünkü inkişafı da, 2020-ci ildə 30 illik mücadilənin sonu olaraq 44 gündə Qarabağın işğaldan azad olunması da, 2023-cü ilin 20 sentyabrında birgünlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpası da, bu gün ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması da dövlətimizin başçısının nəyi nə vaxt edəcəyini düzgün müəyyənləşdirməsinin bariz göstəriciləridir.Mətanət Məmmədova

Избранный
503
sesqazeti.az

1Источники