Yazıçı Anarın 60-cı illərdə ədəbiyyata, 70-ci illərdə isə rejissor Gülbəniz Əzimzadə ilə birgə ekrana gətirdiyi “Dantenin yubileyi”ndəki Feyzulla Kəbirlinski bu dəfə Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçılarla görüşə tələsir.
Arzuları özündən, boyundan, qabiliyyətindən böyük olan Kəbirlinski...
İstedadsız deyildi, amma olduğu yer, məkanda istedadsız görünürdü Kəbirlinski...Sənətinə böyük sevgisi olan, amma sənətdə mükafatlandırılmayan Kəbirlinski... Öz dünyasında yaşayırdı, əsərlərin qəhrəman obrazlarını yaradırdı, hamı alqışlayırdı, hamı ondan danışırdı, hamı onu sevib hörmət edirdi. Onun istedadı bu dünyasını yaratmasıydı...
Həsənağa Turabovun ekranda yaratdığı və yaddaşlara həkk olan Kəbirlinskisindən sonra bu obraz Sabir Məmmədovla assosiasiya olunacaq. Məncə, bu, rejissorun ən uğurlu seçimidir.
Xatırlayırsınızsa, povest belə başlayır:
"-Bu gecə bu qoca bu ocaq.
-Bu gecə. Bu qoca. Bu ocaq.
-Bu gecə, bu qoca, bu ocaq.
- Yox, yox, bir də yox.
Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi - Rejissor və rəssam.
Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə "Badamlı" və bir stəkan vardı.
Məşq gedirdi".
Elə bizim əhvalatımız da belə başlayır. Fotoqraf Elnur Muxtar və Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı ilə teatrın tamaşa zalına daxil olanda məşq gedirdi...
...İşıqları alababat yanan səhnədə aktyor və aktrisalar, qaranlıq zalda isə səhnədən aralıda oturan rejissor...
Elnur kamerasını işə saldı, mən də ön sıralarda əyləşdim.
Diqqətim bütünlüklə səhnəyə yönəldi və şəksiz ki, əhvalımı daha da açan iki oğlanın gitarada ifa etdiyi musiqilər idi... Musiqi də roldaydı... Özü də necə rolda...
Və...
Eldar rolunun ifaçısının "Eldarın yaralı yerini bilən Məcid onu görən kimi atmacalarından qalmadı" cümləsini eşidəndə duruxdum. Qulağıma yad, amma marağıma səbəb olan bu cümlələrdən tamaşaboyu bir neçə dəfə eşitdim... Aktyorlar hadisəni nəql edirdilər... Bu, məşq idimi, yoxsa yeni priyom? Rejissor yanımdaydı, bu sualla ona da müraciət edə bilərdim. Amma marağıma güc gəlib, bu sualın cavabını, əziz oxucu, sizin kimi tamaşada tapmaq istəyirəm.
Məcid: Ə Eldar, nöşün atanın familiyası Kəbirlinski, səninki Ələsgərovdur, hə?
Eldar: O sənin borcuna deyil.
Məcid: Sözdü, soruşuram da...
Məcidi oynayan aktyor səsi ilə: Eldarı görən Məcid təngnəfər otağa girdi.
- Eldar, gözün aydın, muştuluğumu ver, atanın vəzifəsini böyüdüblər, kişi əməlli-başlı inkişaf edib gedib qabağa. Əvvəl tülkünü yazırdı, indi böyüdüb ediblər çaqqal.
Məcidi oynayan aktyor səsi ilə: Eldarın hirslənməyi ilə Məcidin aradan çıxmağı bir oldu.
Məcid: Kəbirlinski, Kəbirlinski, Eldar mənə göz verib, işıq vermir. Mən arığam, o isə zırpının biri. Vursa yıxılaram. Yaxşı deyiblər ee, uzunduraz beynəmaz, xeyrə şərə yaramaz.
Feyzulla: Bax bu olmadı da, dilivi dinc qoymursan, sonra da deyirsən ki, bəs belə.
Məcid: Bir kəlmə soruşdum ki, nöşün atanın familiyası ayrıdır, səninki ayrı, a kişi, bunun üstündə heç adamı döyərlər.
Feyzulla aramla danışmağa başladı: Bilirsən, bala, ikimizin də familiyamız birdir, Ələsgərov. Kəbirlinski mənim təxəllüsümdür.
Məcid: Aton rəhmətlik. Bax adam kimi sən başa saldın, mən də bildim. Daha döymək nəyə lazım?
Bu vaxt Eldar irəli çıxır:
Qeyd: Əslində "Bu vaxt Eldar gəlir” olmalıydı, sadəcə məşq olduğuna və hələ səhnədə dekor qurulmadığına, aktyorların da əksəriyyəti də burada - səhnədə olduğuna görə çıxışı olanlar önə çıxırdılar.
Eldar: Səninlə mənimki qalsın sonraya...
Məcid: Gördün? Yenə məni hədələyir, bax, atandan soruşdum, məni başa saldı, amma sən cırtqoz kimi atılırsan ortalığa, çıxırsan özündən. Feyzulla müəllim, inciməyin, amma məni çox maraqlandırır, bu nə dəbdir belə, artistlər özlərinə təxəllüs götürürlər: Ərəblinski, Kəbirlinski...
Feyzulla: Ay bala, o vaxt mod eləydi, hərə özünə bir təxəllüs götürmüşdü. Ərəblinski, Sarabski, Ağdamski...
Məcid astadan: Kəbirlinski.
Eldar: Zəhrimar Kəbirlinski, kor Kəbirlinski. Mən sənin ağzını dağıdaram, onda bilərsən...
Feyzulla təəccüblə Eldara baxdı: Bıy, ay oğul, sənə nə olub, özündən çıxırsan, nə deyir ki...
Eldar: Ey, sən də bilmirsən. Başa düşmürsən nə deyir!
Feyzulla: Yoox.
Kəbirlinski həqiqətən də anlamamışdı.
...Sadəlövh Kəbirlinskini vaxtilə Vaqif Səmədoğlu gözəl qələmə almışdı: "Kəbirlinski həyatda vurnuxur, taleyinin dar küçələriylə şütüyür. Bəlkə də heç pis olmayan adamlar ona qarşı biganə, laqeyddirlər. O, insanların arasında yabançı görünür. Tutalım, hər həftə radioda ifa etdiyi tülkü rolu növbəti müəllif tərəfindən nəzərdə tutulmayıb. Deməli, Kəbirlinskiyə ehtiyac yoxdur. Amma ürəyi yumşaq "səhnə ulduzu" biçarə aktyoru umsuq olmağa qoymur, onunçün məxsusi kiçik rol - "çaqqal obrazı" uydurur, Kəbirlinski də razı qalır. Hər halda ona da iş tapılıb. Kəbirlinski belə düşünür, özünə belə təsəlli verir. Yazıçı Anarın bu povestdəki qəhrəmanı kimdir? Böyük xariqələr yaradılan bir dövrdə, yeni dünya quran insanların arasında bir Kəbirlinski kimisi də yaşayır. Sütül alma ağacı möhtəşəm palıdların böyüründə boy atdığı kimi yaşayır. Avarlı qayıq okean laynerlərinin böyüründə üzən kimi üzür. O, həyatın böyük tablosunun kiçik, amma vacib bir ünsürüdür. İnanın ki, Kəbirlinskisiz bu əzəmətli həyat mənzərəsi daha sönük, daha solğun olardı".
Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Siyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza) çıxış edirlər.
Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.
Musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Rejissor isə Sankt-Peterburqda yaşayan azərbaycanlı Ərşad Ələkbərovdur. Onun adı tamaşaçılara illər öncə bu teatrda səhnəyə qoyulan və mərhum Fuad Poladovun son tamaşası kimi yadda qalan “Müsyo İbrahim və ya Quran çiçəyi” ilə tanışdır. Maraqlı, yadda qalan tamaşa idi. İndi həmin rejissor “Dantenin yubileyi” ilə qarşımıza çıxır.
Rejissor səhnədə gözünə və qulağına əyri dəyən nə olurdusa, həmin dəqiqə müdaxilə edirdi. Həm sözlə, həm də hərəkətlə...
Elə bu şəkildə gördüyünüz kimi... Rejissor "Dantenin yubileyi"dəki rejissor Siyavuşu canlandıran Elşən Rüstəmova tapşırıqlarını verir. Feyzullaya üç kəlmə dedizdirə bilməyən və hikkəsi yerə-göyə sığmayan, eyni zamanda ürəyi yumşaq Siyavuş...
Uzun müddətdir ki, səhnədən uzaq düşən Sənubər İsgəndərlini Həcər obrazında görmək olduqca maraqlıdır. Sabir Məmmədovla dueti isə cəlbedicidir.
Məşq davam edir.
Həcər: Eldar bir halda gəlmişdi ki, çırtma vursaydın qan damardı. Dərsə bir müəllim gəlib, səni yaş yuyub, quru sərib.
Feyzulla: Eşitmişəm.
Həcər: Eşitməyindən nə fayda? Guya gedib o müəllimi asıb-kəsəcəksən. Kimdi sənin sözünə məhəl qoyan? Eldar deyir, ay ana, mənim atam axı niyə belə fərsizdir. Onun ucbatından hamı yuxarıdan aşağı baxır. Atam olmasa, bilərəm ki, yetiməm, hamı hörmət edər, amma bu sağdır, hamı bunu görür, tanıyır, hamı buna rişxənd eləyir, ələ salır, mən də qalıram içimi yeyə-yeyə.
Feyzulla: Eldar heç vədə belə söz deməz.
Həcər: Yalan deyənin lap atabatasına lənət. Uşağım deyir ki, mən kimdən əysiyəm ki, kaş deyir, mən də böyük bir adamın oğlu olaydım. Deyir, cavanam, gözələm, öz üzərimdə çalışıram, gecəni gündüzə qatıb oxuyuram, biliyimi, savadımı artırıram. Görürsən, deyir, bir məclisdəyik, qızların hamısının gözü məndədir. Mənim də deyir görürsən birindən xoşum gəlir, tanış oluruq, danışırıq. Amma bir də görürsən deyir, axmağın birisi gəlir, nə bir savadı, biliyi var, nə də bir əməlli sir-sifəti, vücudu üç qəpiyə dəyməz, amma di gəl böyük bir şişqanın oğludur, ya da ki, atası kalandır, ayağının altında maşını, cibində pulu. Görürsən qıza dedi ki, gəl otur maşınıma, səni gəzdirim. Qız da deyir daha onu qoyub mənimlə gəzməyəcək ki...
Feyzulla: O cür qızla elə gəzməsə yaxşıdır. O nə qızdır ki, pula, maşına qəlbini satır.
Həcər: Ala ey, külü qoyum ağlıva. Elə bütün ömrünü belə əfəl olmusan ki, bu günə qalmısan da...
Feyzulla: Arvad, bilirsən nə var? Bəsdi. Sən dedin, mən dinmədim, amma daha cızıqdan çıxdın, ağ elədin. Mənim də özümə görə heysiyyətim, mənliyim var.
Həcər: Sənin mənliyinə ki, yaxşı, yum, səninlə danışanda bütün qanım qaralır. Anaxanım deyir, bəs bütün artistlərə ad veriblər, ərivi niyə yaddan çıxarıblar?
Sabir Məmmədov astadan: “Feyzulla özünü yuxuluğa vurdu. Ya doğrudan, ya yalandan...Gözlərini yumdu” deyib, gözlərini yumdu, xoruldadı...
Həcər: Sən yat. Buğda yeyib cənnətdən çıxmısan. Eldar deyir ki, kaş bircə dəfə mənim dədəm haqqında da qəzetdə bir kəlmə xoş söz yazaydılar. Yoxsa ya heç nə yazmırlar, ya da bircə kəlmə yazırlar ki, “Kəbirlinski yenə də rolunun öhdəsindən gələ bilmədi”.
Feyzulla gözlərini açdı, Həcərin cümləsini bitirməsinə imkan verməyib: Bəlkə məsələni açıb Eldara deyək?
Həcərin gözləri hədəqəsindən çıxdı: Nə badə...
Səhnədəki aktyor heyəti sürətlə tamaşanın növbəti səhnəsinə keçid etdilər.
Feyzulla elə hey harasa tələsir. Gah məşqə, gah radioya, gah dərnəyə... Üç ildir ki, karamel fabrikində dram dərnəyinə rəhbərlik edirdi.
Məşq davam edir:
Feyzulla: Oyy, bağışlayın, bir az gecikdim. Məni televiziyaya çağırmışdılar. Əşşi, məni hər gün harasa dəvət edirlər. Kinoya, televiziyaya, dublyaja, qonaqlığa... Özüm çoxundan imtina edirəm, deyirəm, bu teatrda tək mən deyiləm ki... O qədər artist var ki, onları da çağırın...Hə, hə, hə...
Dərnək üzvləri bir ağızdan italyan musiqisini oxuyurlar. Sənət eşqi ilə yanan Kəbirlinski alovlu cümlələr deyir:
- Səhnə yaratmaq deməkdir, səhnə yanmaq deməkdir. Səhnədə gərək yanasan, yaradasan. Burda istedad lazımdır. Temperament, hərarət lazımdır. Bəli, hərarət. 36,6 hərarətiylə sənət yaratmaq olmaz. Gərək qaynayasan, yanasan ki, yaradasan.
Bu incəsənət mənim həyatımdır. Əgər incəsənət olmasa mən kimə lazımam, ay Salman! Sənət, səhnə, aktyor ki var, böyük sözdür. Sənət daimidir, həyat müvəqqəti.
İtalyan mahnısı asta tondan zilə qalxaraq… Kəbirlinski musiqini müşayət edərək və üzünü də onu addımbaaddım izləyən dərnək üzvlərinə tutaraq:
- Siz o günləri görməmisiz. Rəhmətlik Cəfər hamısını olduğu kimi yazıb. İndi, maşallah bir rola on artistkamız can atır, o vaxt arvad rolunu oynamağa artistka tapa bilmirdik, özümüz məcbur olurduq oynamağa. Mən özüm o qədər Firəngiz, Gültəkin, Xumar oynamışam ki...
Bəli, bəli, elə günlərimiz olub. Əmim oğlu qaçaq idi. Xəbər göndərmişdi ki...
Bu vaxt başqa aktyor uca səslə: "Gedin deyin o dəyyusa, bir də arvad tumanı geyib mütriblik eləsə, qəmedyə çıxarsa, onu da vuracağam, bütün artist tayfasını da güllələyəcəm" , dedi, ardınca Feyzulla davam etdi: Gecəynən fayton tapıb kənddən qaçdıq. Eh, günlər vardı.
Musiqi yavaşıyır və fonda səslənir, Feyzulla isə asta, təmkinli səslə:
- O vaxt nə pul gözümüzdə idi, nə şöhrət, nə zvanya-filan. Kənd-kənd gəzib teatr çıxardardıq. Camaatımızı ayıltmaq, gözünü açmaq istəyirdik.Yaxşı deyiblər, eh, ötən günə gün çatmaz...
Yenə xorla ifa başlayır...
Zaldan "Sabiir, Sabiiir" deyən rejissorun səsi eşidilir. "Sabiir, toçku pastav, bu vacibdir. Baxın, yaxınlaşan kimi, çalışın musiqini qurtarın".
Bu dəfə mahnı vaxtında kəsdi, rejissorun reaksiyası isə gecikmədi:
- Da.
Məşqdə 15-20 dəqiqəlik fasilə yaranan kimi fürsətdən istifadə edib, baş qəhrəmanları və rejissoru söhbətə çəkdik.
"Kəbirlinski elə hamımızıq"
- Sabir müəllim, bu həyatda Kəbirlinskinin yeri haradır?
- Kəbirlinski kimi sənət adamları teatra lazımdır. O, çox istedadsız adam deyil. Kəbirlinski işini sevən adamdır, sadəcə taleyi belə alınıb. Rejissor Brextdən, Meyenxolddan danışır, Kəbirlinski isə bu dövrə adaptasiya ola bilməyən köhnə adamdır. Bizim belə müasirlərimiz də az deyil. Sovet dövründən bu dövrə keçid etmək aktyorların bir çoxu üçün çətin idi. Kəbirlinski də məhz həmin obrazlardandır. Gündəliyini əski əlifba ilə yazır. Odur ki, Kəbirlinski kimi obrazlar indi də bizim səhnəmiz üçün xarakterikdir. Kəbirlinski çox ziqzaqlı obrazdır.
Dramaturji baxımdan bu əsər pyes formasında deyil. Anar müəllim bu əsəri o qədər dəqiqliklə işləyib ki, insan çox təəccüblənir. Prototipləri indi də görmək mümkündür.
Ailədə də onun yeri yoxdur. Övladı yoxdur. Ailəsində münasibəti də mürəkkəbdir. Mənə belə gəlir ki, o hər şeyə özü də bilmir necə baxır. Tamaşaçı necə qəbul edəcək, bilmirəm, amma belə obrazlar var. Konkret mən özüm də onun həyatda yerinin harada olduğunu deyə bilmirəm. Dublyaja, radioya, televiziyaya çağırırlar, amma heç yerdə yoxdur. Yəni fiziki olaraq var, mənəvi, psixoloji olaraq yox. Kəbirlinski bütün aktyorların ümumiləşmiş taleyidir. Kəbirlinski elə hamımızıq.
"Qadın istəyir ki, kişi çörəyi yesin"
- Sənubər xanım, səhnədə Kəbirlinskinin həyat yoldaşısınız...
- İnanın, mən o qadınlara həsəd aparmıram. Əri işdə nə qədər alçalırsa, nə qədər əziyyət çəkirsə mütləq bu, ailəsinə də sirayət edir. Tamaşada qadın deyinir ki, evə pul gətirmirsən, mən də ət ala bilmirəm. O qadın ərinin fərsiz olduğuna görə dərd çəkir. Hansı qadın istəyər ki, əri fərsiz olsun? Hamı istəyir ki, kişi çörəyi yesin, kişisi evə pul gətirsin. Xüsusən də aktyor olanda... Onun şöhrətini, müvəffəqiyyətini görmək istəyir. O, alçaldıqca qadın da istər-istəməz özünü alçaldılmış hiss edir. Ona görə mən heç vaxt elə aktyor arvadına qibtə etməzdim.
- Qadın o məqamda kişiyə kömək edə bilərmi?
- Yox, bu məqamda kömək edə bilməz. İstedad ya var, ya da yoxdur. Qadın kişiyə istedad aşılaya, əyri-əskiyini düzəldə bilməz. Ona görə də qadın ona yalnız mənəvi dəstək ola bilər. Ki, o əzilməsin, özünə inamı artsın. Amma bu tamaşada söhbət yaşlı adamlardan gedir. Gənclikdə yenə nəyisə düzəltmək olur, amma indi dəstək də kömək etməz...
- Rejissorla ilk işinizdir?
- Bəli, ilk dəfədir ki, birgə işləyirik. Amma işinə bələd idim, çünki daha öncə teatrımızda tamaşa hazırlamışdı. Açığı, belə bir rejissorla işləmək arzusunda idim. Bu, yeni nəfəs, yeni üslubdur. Fikir verdinizsə, ilk dəfədir ki, biz pyessiz işləyirik. Yəni əsəri olduğu kimi danışırıq. Bu yeni metodika idi. Mən özüm də bütün eksperimentlərə açığam. Bilirsiniz ki, Pantomima, Yuğ Teatrında işləmişəm. Hər dəfə də çalışıram ki, yeni üslübları öz üzərimdə sınaqdan keçirim. Eynilikdən insan yorulur. Amma yenilik olanda ikinci nəfəs açılır. Və çalışırsan ki, onunla ayaqlaşasan. İnsan öz üzərində işləməlidir. Düzdür, yoruluram, amma böyük ləzzət alıram.
"Aktyor məsələsini kənara qoymuşam"
- Ərşad bəy, niyə “Dantenin yubileyi”?
- Bu əsəri özüm seçmişəm, dedilər ki, Azərbaycan klassikasından bir nümunə olsun, mən də Anar müəllimin yaradıcılığına müraciət etdim.
Mən əsərdə aktyor məsələsini kənara qoymuşam. Kəbirlinskiyə insan kimi yanaşmışam. Aktyorluq sənəti bir vasitədir. Bizim cəmiyyətdə ata rolu çox müqəddəsdir. Atanın övlada verdiyi tərbiyə vacibdir.
- Tamaşanın səhnə həllini necə fikirləşmisiniz? Aktyorlarla iş prosesi necə idi?
- Səhnə həllini bir məkanda həll etdik. Aktyorlara gəlincə, əsəri götürəndə artıq beynimdə Kəbirlinskini oynayacaq aktyoru qətiləşdirmişdim. Sabir müəllimi çoxdan tanıyıram. Sənubər xanım isə zamanla tapıldı.
Ümumiyyətlə, mənim iş prosesimdə obraza görə aktyor tapıntısı vacib məqamdır.
- İtalyan musiqiləri tamaşaya ayrı əhval gətirir. Hər halda məşqlərdə belə görünür...
- Mənə görə, hər teatrda orkestr olmalıdır. Canlı musiqi vacibdir. Bu tamaşa üçün musiqiləri isə özüm seçmişəm.
Söhbətimizi bitirib, Sabir bəylə Sənubər xanımı yola salırıq, Ərşad bəy isə məşqin davamını digər aktyorlarla birgə edəcək. Elə bu qalanı və daha çoxu hamımız üçün sürpriz olsun. Görüş yeri isə oktyabrın 20 və 21-də Akademik Milli Dram Teatrıdır.
P.S Məşqdən ayrıldım, fikrim ata Kəbirlinskinin yanında qaldı...Yuxusunda arzusuna çatan ata Kəbirlinski... Rahatlıq, hüzur tapa bilməyən, Eldarla bağlı nisgilini dilə gətirə bilməyən Kəbirlinski...
İllər sonra Anar da Kəbirlinski ilə bağlı bir etirafda bulundu. Bu il ədəbi cameəyə təqdim etdiyi "Kəbirlinskinin son etirafı" adlı hekayə ilə...
"Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər, kədərlənirlər, əzab çəkirlər və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər. Qəribə görünsə də, mən bir müəllif kimi bəzən özümü personajlarım qarşısında günahkar hiss edirəm. Bu hissi izah da edə bilmirəm. Bəlkə Təhminənin etibarına şübhəylə yanaşmaqda yanılmışam. Bəlkə Kəbirlinskiyə qarşı çox insafsız olmuşam. Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb. Hər halda bu iki hekayəylə - "Təhminənin son sirri" və "Kəbirlinskinin son etirafı"yla mən bu personajlarımın taleyinə son nöqtə qoyuram".
Sənə əlvidamı deyim, Kəbirlinski, yoxsa yenidən canlandığına görə təbrikmi edim? Bütün hallarda yubileyin mübarək!
Посмотреть эту публикацию в Instagram
Публикация от Akademik Milli Dram Teatrı (@azdrama.official.page)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта