Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiyaya aidiyyatı olmadığını bildirib. O vurğulayıb ki, bu, Yerevan hakimiyyətinin səlahiyyəti və onların Qərblə məsləhətləşmələrinin nəticəsidir.
Herbiand.az xəbər verir ki, Mariya Zaxarova bu barədə Telegram kanalında bildirib.
“Avropa İttifaqı, NATO və Vaşinqtondan olan yeni kuratorlar məsələni nə qədər uzağa apardılar. Xahiş edirəm qeyd edin: bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyəti və onların qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, - Zaxarova yazıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sərhəd kəndlərinin sakinləri ilə söhbəti zamanı bildirib ki, İrəvan Bakının bir sıra sərhəd kəndlərinin Azərbaycana verilməsi ilə bağlı tələblərini yerinə yetirməsə, o zaman müharibə başlayacaq.
Bəxtiyar CƏFƏRLİ