RU

Valideynlərim sonralar teatral oldular

(Bir aktrisanın qəmli hekayəsi)

Məlahət Ağayeva:  “Ulu Tanrı hər adama  aktyorluq istedadı vermir. Bir vaxtlar Qədim Yunan  Teatrında aktyorları  ölkə  rəhbərləri  xarici ölklərə diplomat göndərirmiş. Deməli, aktyorluq çox böyük  sənətdir”.

Məlahət Ağamalı qızı Ağayeva 1967-ci ilin  aprelin 15-də Mingəçevir şəhərində anadan olub. Tam orta təhsilini 10 saylı  məktəbdə alıb. Orta məktəb illərində və sonralar da özfəaliyyət dərnəklərinin fəal üzvi olub.  Erkən yaşlarında ailə həyatı qurub. Bir nəvəsi var.

Mən Məlahət Ağayevanı hələ orta məktəbdə oxuyarkən tanıyırdım. Onu məktəblərarası keçirilən incəsənət festivallarında çox görmüşdüm. Özüm də orta məktəb illərində Səməd Vurğun adına Mədəniyyət evində dram dərnəklərinə getmişəm. O vaxtlar Məlahət xanım lap balaca bir qızcığaz idi. Hərdən uşaq rolları olanda ona tapşırırdılar. Sonralar mən orta məktəbi bitirib ali təhsil almaq üçün Bakıya yollandım. Təhsil aldığım müddətdə də tətillər vaxtı mədəniyyət evi ilə əlaqəni kəsmirdim. Hər gələndə Məlahəti orda görürdüm. O artıq bir az böyüyüb dilli-dilavər bir qız olmuşdu. O dövrdə Mingəçevir Mədəniyyət evində məşhur “Kür” xalq çalğı alətləri ansamblı vardı. Məlahət xanım həmin ansamblın aparıcısı idi. Eyni zamanda da konsert proqramında səhnəciklərdə də iştirak edirdi. Bu gülərüz yeniyetmə qız bütün heyyətin sevimlisinə çevrilmişdi. Yuxarıda yazdığım kimi  Məlahət Ağayeva erkən yaşlarında ailə həyatı  qurmuşdu. İki oğul övladı vardı. Aqşin və Ravin. Ancaq tale nə Məlahətin, nə də ki, Aqşin və Ravinin üzünə gülmədi. Hər iki gözəl, göyçək övladı vaxtsız dünyasını dəyişdilər. Ravin beş yaşında, Aqşin isə iyirmi beş yaşında qəflətən  vəfat etdilər. Bundan sonra Məlahətin gülərüz çöhrəsi soldu. Çiyninə çox ağır dərd-ələm düşü. Bu ağır günlərdə həyat yoldaşı da onlardan ayrılmışdı. Ana hər iki körpəsini min cür əziyyətlə böyütmüşdü. Yeganə təsəlli də  o idi ki,  Aqşin balanı evləndirmişdi. Bir Sibel qız  balası – gözəl bir nəvəsi vardı. Bu gün də nakam övladının qoxusunu Sibel baladan alır Məlahət xanım. Bədbinləşməkdən uzaqlaşır. Həyatın mənasını heç olmasa Sibel naminə yaşamaqda və mübarizədə görür Məlahət xanım. Başın sağ olsun, Məlahət xanım. Sənin öz təbirincə desək, işlədiyin teatr kollektivi səni heç vaxt bədbinləşməyə, kədərlənməyə qoymayacaq. Çünki səni bütün kollektiv sevir. Sən buna layiq xanımsan. Mən də öz növbəmdə çox hörmətli oxucularımızı Məlahət xanım  Ağayevanın qismən də olsa, həyat və yaradıcılığı ilə tanış etmək istəyirəm. Ona ilk sualım belə oldu.

- Teatra gəlməyinizi necə xatırlayırsınız?

- Bilirsiniz ki, mən hələ orta məktəbdə oxuyarkən məktəbin özfəaliyyət dərnəyində iştirak edirdim. Məktəbin əksər tədbirlərində aparıcı olurdum. Hazırlanan səhnəciklərdə də iştirak edirdim. Hələ məktəbdə oxuyarkən şəhərimizdəki Səməd Vurğun adına Mədəniyyət evindəki dram dərnəyinin də üzvi olmuşam. Bir çox özfəaliyyət festivallarında iştirak etmişəm. 1985-ci ildə orta məktəbi bitirdim. Bu sahədə ali təhsil almağıma valideynlərim icazə vermədilər. Mən bir həvəskar kimi uzun müddət mədəniyyət evində fəaliyyət göstərdim. Elə  həmin dövrlərdə də bu sahəyə həvəsim daha çox artdı. O vaxtlar mədəniyyət evinin nəzdində “Kür” xalq çalğı alətləri ansamblı vardı. Bu ansambl o dövrdə regionda çox məşhur idi. Biz tez-tez rayonlara  qastrollara gedirdik. Mən də həmin ansamblın həm aparıcısı, həm də konsert proqramındakı səhnəciklərdə iştirak edirdim. Doğrudan da çox maraqlı günlər idi...

- İlk sənət müəlliminiz  kimi  hesab edirsiniz?

- İlk sənət müəllimi deyəndə ki, özfəaliyyətdə ilk müəllimim Nofəl Məmmədəliyev və o vaxtlar mədəniyyət evinin bədii rəhbəri  olan  Ağagül Əliyev olub. Nofəl Məmmədəliyev Mədəniyyət və İncəsənət  Universitetini  yenicə bitirmiş məzunu idi. Çox səmimi, tələbkar müəllim idi. Ağagül Əliyev isə təcrübəli bir mütəxəssis idi. Mən onların təkidi ilə teatrda  işləməyə  gəlməli oldum. Hətta teatr rəhbərliyinə Ağagül müəllim mənim haqqımda müsbət bir yaradıcılıq xasiyyətnaməsi də vermişdi. Beləliklə, mən 1990-cı ildə teatra qəbul olundum.  Burada -  artıq peşəkar  Dövlət Dram Teatrında ilk müəllimim də  Respublikanın Xalq artisti mərhum Zülfüqar Abbasov oldu. Onunla bərabər inkişafımda  quruluşçu rejissor, ziyalı insan  Füzuli Sərkərovun da xidməti  çox  olub. Bilirsiniz, onlar  necə gözəl insanlar  və maraqlı rejissorlar  idilər. Allah hər ikisinə  rəhmət eləsin (ağlayır).

- Böyük səhnədə ilk rolunuz nə olub?

- Böyük səhnədə ilk rolum Füzuli Sərkərovun quruluşunda hazırlanmış  Jan Batist Molyerin  “Skapenin kələkləri” ndə  Qiosentananı oynamışam. Yaxşı xatırlayıram, dövlət teatrında ilk rolumu və  tərəf  müqavillərim  olan aktyorları. Hamısı peşəkar aktyorlar  idi. Dövlət Teatrının böyük səhnəsi və zal da tamaşaçılarla dolu idi. Təsəvvür edin səhnədə dizlərim əsirdi. Amma çox sevinirdim. Sevinirdim ona görə ki, artıq  Dövlət Dram Teatrına vəsiqə almışam və mənə əsas rollardan birini də etibar ediblər. Mənə olan bu etimad sonralar davamlı oldu. Xalq artisti Zülfüqar Abbasovun quruluşunda Cəfər Cabbarlının “Solğun Çiçəklər”ində Sara, Süleyman Sani  Axundovun”Laçınyuvası” tamaşasında Pəricahan, Famil Süleymanovun “Vətən dərdi” əsərində Tavat,  Şıxəli Qurbanovun  “Milyonçunun dilənçi oğlu” nda Bildirçin və sairə  rollar oynadım.

-  Söhbət əsnasında dediniz ki, oynadığınız obrazların hamısını   çox sevmisiniz. Onları  bir daha oynamaq istəyərdinizmi?

- Bəli. Oynadığım bütün obrazları sevmişəm. Məlumdur ki, tarixi geri qaytarmaq mümkün deyil. Əgər yenidən  imkan  olsaydı  Famil Süleymanovun “Vətən dərdi” əsərindəki Tavatı oynayardım. Yaxşı yadımdadır, bu əsərdə siz özünüz də oynayırdınız. Çox möhtəşəm əsər idi. Nakam  Aqşinimin onda doqquz yaşı vardı.  Həmin tamaşada elə mənim oğlumu oynayırdı. Sumqayıt şəhərində qastrolda idik. Tamaşanı Kimyaçılar sarayında oynayırdıq. Orada 1200 yer var. Hamısı da dolu idi. Aqşinin yerində tamaşaçılar onu ayaq üstə alqışladılar. Zülfüqar Abbasovun gözləri yaşarmışdı. Pərdə arxasındakılar da ağlayırdılar. O tamaşada mənim çox böyük nostalji hisslərim qaldı. İndi Aqşin də yoxdur. O  tamaşa da  və Zülfüqar müəllim də yoxdur.  Heyif  çox vəfasız dünyada yaşayırıq (hönkürtü ilə ağlayır). Bir müddət sükut yaranır. Sonra yenə də ona suallar verirəm.

- Başınız sağ olsun, Məlahət xanım. Ən çox hansı tərəf müqabilləri  ilə oynamaq sizə rahat olub?

- Demək olar ki, hamısı ilə. Bizim teatrımızda həmişə yaxşı aktyorlar çox  olub və hal-hazırda da var. Respublikanın Xalq artisti Ella Yaqubova, respublikanın Əməkdar artisti Şıxı Yaqubov, mərhum Zülfi Məmmədov, mərhum  İsa Əlimov. İndi çiyin-çiyinə çalışdığım  Asim Məmmədov, Afət Əliyeva, Paşa  Salmanov,  Hüseyn  Mustafayev, Nargilə  Abdullayeva və adlarını sadalamadığım  bir neçə nəfər var. Ella Yaqubova ilə tərəf müqabili olanda necə rahat olmayasan?  Çünki ondan  həm öyrənirsən, həm də zövq alırsan. Bir sözlə, dünyasını dəyişənlərə Allah rəhmət eləsin, qalanlara da can sağlığı arzulayıram.

- Ən çox pərəstiş etdiyiniz aktyor və rejissor?

- Bu suala konkret cavab vermək çox çətindir. İstedadı olan hər bir sənət adamına pərəstiş etməyə dəyər. Çünki bizim sənət çox çətin sənətdir. Ulu Tanrı hər adama da aktyorluq istedadı vermir. Bir vaxtlar Qədim Yunan teatrında aktyorları ölkə rəhbərliyi xarici ölklərə diplomat göndərirmiş. Deməli, aktyorluq çox böyük və əvəzsiz sənətdir.

- Gənclər haqqında bir söz demək istəyərdinizmi?

- Əlbəttə, bizim teatrımızda ümid verən gənc aktyor və aktrisalar çoxdur.  Aytən İsmayılova, Vəfa İsmayılova, Vüsalə Quliyeva, Nargilə Abdullayeva, Cavidan Abdullayev, Rövşən Zeynalov, Şamil Əliyev və başqaları. Bu aktyorlarda mən yaxşı perspektiv inkişaf  görürəm. Bu gənclərimiz də təcrübəli aktyorlarımızın qayğısı ilə həm öyrənir, həm də həvəslə işləyirlər. Ümumiyyətlə, təcrübəli sənətçilərin mehribançılığı, qayğıları bizim teatrımızda ənənəvi bir haldır. Bu həmişə olub. Ümidvaram ki, həmişə də olacaq. Mən bunu işlədiyim bütün dövrlərdə görmüşəm.  Belə ki,  özüm teatra gələndə çox gənc idim. Artlıq səhnədə böyük təcrübəsi olan aktyorlar mənə çox şeylər öyrədirdilər. Onların hər biri bir məktəb idi.  Əlbəttə, hər bir kollektivdə az da olsa, bir narazıçılıq olur. Bu, təbiidir. Ara-sıra mən də inciyəndə teatrımızın o vaxtkı  direktoru Nazir Qafarov yanımda  olub və  xoş sözlərlə məni ovundurub, başa salıb, qayğı  göstərib. Mən bunu heç vaxt unutmaram. O da kollektivimizin hər bir təcrübəli işçisi kimi yaxşı insan idi. Hal-hazırda təqaüddədir. Eşitdim ki, bir az naxoşlayıb.  Ona can sağlığı, sağlam ömür arzulayıram.

- Məlahət xanım, siz əvvəlcə mənə dediniz ki, sizin bu sahəyə gəlməyinizə valideynləriniz mane olurdular. Amma mən görürəm ki, bacınız, bacınız oğlu teatrda işləyirlər. Hətta qardaşınız Ramin də  bir vaxtlar burada işləyib...

- Biz teatrı arendaya götürmüşük. Bu bir zarafatdır (gülür). Bəli, düz deyirsiniz. Bacım Rühəngiz Abdullayeva, bacımın  oğlu Cavidan Abdullayev aktyordular. Rühəngiz ali dərəcəli aparıcı aktrisadır. Cavidan da onun oğludur. Teatrımızın nəzdindəki Teatr- Studiyada dərs  aldıqdan sonra onu da ştata götürdülər. İstedadlı gəncdir. Qardaşım Ramin isə  teatrda  bir neçə il işlədikdən sonra ailə həyatı  qurub,  üzrlü səbəblərdən işdən çıxdı. İndi o Bakıda tamam başqa sahədə çalışır. Görünür, ayağım yüngül olub. Onlar məndən sonra  teatra  gəliblər.  Valideynlərim mənim tamaşalarıma gəlib bir neçə dəfə baxdıqdan sonra teatrla yaxından tanış olub bu mühitin və teatrın  doğrudan da məbəd olduğunun şahidi oldular. Bir sözlə, biz övladlar onları teatral  ailə edə bildik. Hətta indi onlar tamaşaya baxdıqdan sonra evdə  həmin tamaşanı  öz bildikləri kimi böyük həvəslə  müzakirə də edirlər (bərkdən gülür).

- Siz uzun müddət aktrisa olub müxtəlif xarakterli obrazlar oynamısınız. Nədən sonralar rejissor köməkçisi, rejissor  assistenti  oldunuz?

- Mən,  müəyyən səbəblərdən bir ara teatrdan uzaqlaşdım. Yenidən qayıdanda aktyorluqda  ştat olmadı. Məni rejissor köməkçisi kimi işə qəbul etdilər. Rejissorlar sağ olsunlar, ara-sıra mənə də rollar etibar edirlər. Bir neçə il bundan qabaq, daha-doğrusu 2019-cu ilin sentyabr ayının əvvəlində   çox hörmət etdiyim tanınmış yazıçı-rejissor, gözəl insan, Əməkdar incəsənət xadimi  Ağalar İdrisoğlu bizim teatra tamaşa hazırlamaq üçün dəvət  olunmuşdu. Qəmbər Şəmşiroğlunun “Caninin etirafı” povesti əsasında Nəriman Ocaqlı ilə birlikdə eyni adlı pyes yazmışdılar. Ağalar müəllim də həmin pyesə bizim teatrda çox yüksək səviyyədə  quruluş verdi.  Mən həmin pyesdə həm rejissor assistenti idim və həm də maraqlı bir obraz oynadım. Həcər ana.  Özü də Xalq artisti  Ella Yaqubovaya dublyor idim. Təsəvvür edirsiniz bu nə deməkdir?  Bu, məndən böyük cavabdehlik tələb eləyirdi. Tamaşanın quruluşçu rejissoru, çox tələbkar insan Ağalar İdrisoğlu və tamaşaçılar da mənim rolumdan razı qaldılar. Tamaşa bir neçə dəfə qastrol səfərlərində də oynanıldı. Çox uğurlu bir tamaşa alınmışdı. Sonra bu bədnam pandemiyaya  görə işimiz  dayandı. Amma eşitmişəm ki, Ağalar müəllim o tamaşanı yenidən bərpa etmək üçün Mingəçevirə  gələcək. Belə olsa, lap əla olardı.  Qaldı rejissor assistenti olmağıma. Mən bu işimdən də zövq alıram. Çünki  nə olur- olsun teatr məni ayaq üstə saxlayır.

- Siz bir vaxtlar  el şənliklərində müğənni kimi də fəaliyyətdə olmusunuz.  Bəs indi necə?

- İndi işim teatrda lap çoxdur. Məşqlər, sonra da tamaşaları idarə etmək. Toylar da kı,  müxtəlif  saatlarda olur. O vaxtlarda da əksər hallarda vaxtım olmur. Vaxt olanda gedirəm, dolanışığıma köməyi çox olur. Təki həmişə toy olsun. Camaatımız şənlənsin, çöhrələri  gülsün. Qarabağdakı qələbəmizdən sonra bizə yalnız sevmək, sevilmək yaraşır.

- Həyatınızı teatrsız necə təsəvvür edirsiniz?

- Heç təsəvvür etmirəm.  Teatrdan işdən çıxsam, onda özümə qapanaram. Bu lap pis olar. Keçirdiyim faciəli itkilərdən sonra mənə həmişə teatr və kollektiv təsəlli olub. Bu gün də məni ayaqda saxlayan sevimli kollektivim və doğma teatrımdır. Sağ olsunlar, yaşasın teatr!!!

- Bildiyimə görə hal-hazırda tanınmış aktyor, Xalq artisti və  Prezidentin  Fərdi Təqaüdçüsü Valeh Kərimovun quruluş verdiyi tamaşada məşğulsuz.

- Bəli, hal-hazırda İsi Məlikzadənin yazmış olduğu “Subaylarınızdan görəsiniz” tamaşasını təhvil vermişik. Mən də  bu tamaşada  Valeh müəllimin assistentiyəm. Mən onun bizim teatrda  hazırladığı bir neçə tamaşada onunla  birgə işləmişik. Bu iş prossesində də özümü Valeh Kərimovun   Xalq şairi  Vaqif Səmədoğlunun  “Bəxt üzüyü”ndə axtardığı “xoşbaxtlığın” içində xoşbəxt sanmaq  istəyirəm.  Dahi yazıçı Cek Londonun belə bir maraqlı kəlamı var:  “İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır” . Rusların isə belə bir atalar sözü var: “Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir”.  Ümumiyyətlə,  insanın xoşbəxt olması və həmişə xoşbəxt insanların içində olması Allahın böyük vergisidir.

Mən teatrımızın baş rejissoru Vüsal Mehrəliyevdən və direktorumuz İntiqam Soltandan çox razıyam. Onlar öz işlərini yaxşı bilən, yüksək təşkilatçı mütəxəssisdirlər və  gözəl  insanlardır. Kollektivdə  hamı  onlardan razıdır.

- Hansı arzularınız var?

- Bütün kollektivimizə yaradıcılıq uğurları arzulayıram. Heç bir kəsə kədər, qüssə arzulamıram. Qoy, hamı həmişə kədərsiz, qüssəsiz, xoşbəxt yaşasın. Çünki dərd qurd kimi  adamı içindən yeyir və bir də onda görürsən ki, depressiyaya, xəstəliklərə düşübsən. Həmin vaxtı həkimlər də, özün də özünə köməklik edə bilmirsən. Təki heç kim depressiyaya düşməsin. Xəstələnməsin. Onda yaşamaq və yaratmaq da gözəl olur. Özü də Qarabağ kimi cənnətməkan torpaqlarımızı yağı düşmənlərdən  Ali Baş Komandanımızın və cəsur əsgərlərimizin sayəsində geri qaytaradan sonra xalqımızın xəstələnməyə ixtiyarı yoxdur.  Axı orada çox böyük işlər görüləcək. Cənab İlham Əliyev bu dəfə də  prezident seçilməyilə, inanıram  ki, xalqımızın güzəranın daha da yaxşı olmasına çalışacaq. Mən inanıram ki, Azərbaycanı gələcəkdə çox böyük uğurlar gözləyir. Məşhur azərbaycanlı filosof Əbu Turxan deyir ki, “İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır”. Bizim mühitimiz də günü-gündən işıqlanır... Gözəlləşir.

P. S. Böyük filosof Flober deyirdi ki, “Hər şey, hər şey, hətta dərdlər də köhnəlir”. 

Mənə çox xoş gələn o oldu ki, Məlahət xanım Ağayeva bəziləri kimi gileyli, güzarlı olmadı. Heç bir kəs üçün heç yazmasam da,  arxasıyca heç nə  danşmadı. Həmişə olduğu kimi hamıyla xoş münasibətdə olduğunu bildirdi. Gələcəyə də çox ümidlə, nikbin baxırdı. Təki bundan sonra bütün arzularınız çin olsun Məlahət xanım. Qoy Ulu Tanrı sizi və millətimizi  qorusun.

Qabil İBRAHİMLİ,
aktyor-jurnalist



Избранный
35
herbiand.az

1Источники