Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetininin (ADNSU) şəhid məzunlarının xatirəsinə həsr olunmuş iftar süfrəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, iftar süfrəsində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, universitetin professor-müəllim heyəti, şəhid məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.
Əvvəlcə ADNSU-nun Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsinə salınmış Kompleksin və Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önünə gül dəstələri düzülüb.
İftar süfrəsi arxasında davam edən tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Müqəddəs Ramazan ayında dəvəti qəbul edib gəldiklərinə görə şəhidlərimizin yaxınlarına və ailə üzvlərinə minnətdarlığını bildirib. Şəhidlərimizin əziz xatirəsinin hər zaman sonsuz ehtiramla yad ediləcəyini deyən dosent Vazeh Əskərov onların ailə üzvlərinin universitetin ən doğma şəxsləri olduğunu bildirib. O, qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad edib. Qəhrəman oğullarımızın, o cümlədən şəhidlərimizn sayəsində bu gün suverenliyini təmin etmiş bötüv Azərbaycan ərazisində Müqəddəs Ramazan ayında oruc tutulur, iftar namazları qılınır.
ADNSU-nun dosenti Ata Babayev çıxışında şəhid məqamının ucalğından danışıb. O, bildirib ki, əziz günlərdə, o cümlədən müqəddəs Ramazan ayında şəhidlərimizin ailə üzvləri ilə birlikdə olmaq hər birimiz üçün qürurvericidir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.