RU

Uşaq və gənclərin həyatında idmanın rolu: Ölkəmizdə görülən tədbirlər 

Uşaq və gənclərin müntəzəm məşq etmələri onlara fiziki, həm də mənəvi baxımdan təsir edir. Belə ki, idman azyaşlıların fiziki hakimiyyət duyğularının və özünə olan inamlarının inkişafına da kömək edir, onlarda ciddi xarakter, möhkəmlik formalaşdırır.

 

Sfera.az bildirir ki, mütəxəssislərin fikrincə, idmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. Araşdırmalara görə, tenis, üzgüçülük, basketbol və ya voleybol kimi idman növləri ilə məşğul olan uşaqlar adətən yeni fəaliyyət növlərini sınamağa maraqlı olurlar. Bu isə onlarda həm də liderlik xüsusiyyətini inkişaf etdirir.

 

Psixoloqlar qeyd edir ki, xüsusilə daha çox özünə qapanıq olan uşaqlar dostluq qurmaqda çətinlik yaşaya bilirlər. Buna görə bir idman komandasının üzvü olmaq, bir yerdə uşaqlarla vaxt keçirmək dostluq qurmağı asanlaşdıra bilər. Digər tərəfdən qeyd etmək lazımdır ki, hər bir ölkə, xalq üçün sağlamlıq ən əsas vəzifələrdən biridir. Bu baxımdan idman ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin həyatında müstəsna rol oynayır.

 

Ulu öndər Heydər Əliyevin idmana və idmançılara diqqət və qayğısı hər kəsə məlum idi. Belə ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu.

 

Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir, bu sahə dövlət siyasətinin pioritetləri sırasında mühüm yerlərdən birini tutur.

 

Məsələn, ölkə başçısının 2005-ci ildə imzaladığı fərmanla martın 5-i Azərbaycanda İdman və Bədən Tərbiyəsi Günü kimi qeyd edilir. Həmin vaxtdan başlayaraq, idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar.

 

Qeyd etmək lazımdır ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

 

2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.

 

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Hazırda da Azərbaycanda idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Əldə edilən bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində mümkün olub.

 

Türkan

 

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Избранный
257
27
sfera.az

10Источники