RU

Belarus Ukraynaya müharibə elan edəcəkmi? (ŞƏRH)

"Bu bəyanat Belarusun bundan sonra açıq şəkildə Rusiya tərəfindən Ukraynaya qarşı döyüşə girəcəyinin anonsu sayıla bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Qərbin Minski Ukrayna ilə müharibəyə sürükləmək istədiyi barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatını şərh edərkən deyib.

"Belarus prezidentinin Rusiya lideri Vladimir Putinlə görüşdən dərhal sonra "Belarusu Ukraynaya qarşı müharibəyə çağırmaq NATO-nun xeyrinədir, onlar Minski müharibəyə sürükləmək istəyirlər" açıqlaması ilə çıxış etməsi diqqəti cəlb edib. Polittexnoloqlar onun bu bəyanatının hansı mənanı daşıması barədə mülahizələr yürüdürlər. Əslində Belarus indinin özündə də Ukraynaya qarşı müharibədə Rusiyanın yanındadır və ilk gündən bu istiqamətdə Rusiyaya yardım edir. Lukaşenko "Minski münaqişəyə cəlb etmək istəyirlər" deməklə bu müharibədə iştirakını inkar etmək istəyir. Lakin istisna deyil ki, Lukaşenko Qərbin onu Putinlə eyni siyahıya salmasından qəzəblənərək hədə-qorxu gəlir. Bu bəyanat Belarusun bundan sonra açıq şəkildə Rusiya tərəfindən döyüşə girəcəyinin anonsu sayıla bilər", deyə Əlimusa İbrahimov bvildirib.


 
Ekspert qeyd edib ki, hər halda bütün sahələrdə Rusiya-Belarus inteqrasiyasının müşahidə olunduğu bir dövrdə Ukraynaya, daha doğrusu Qərbə qarşı müharibədədə Rusiya-Belarus birliyi öz sözünü deməlidir:

"Yaxın günlərdə bu istiqamətdə Belarus tərəfindən atılacaq addım onun əsil mahiyyətini ortaya qoyacaq. Düşünürəm ki, Qərb və ABŞ Lukaşenkonun bu bəyanatından lazımi nəticə çıxararaq öz işlərini, Ukraynaya dəstək məsələsini artıq Belarusu da nəzərə almaqla qurmalıdırlar".
 
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında ölkəsini Ukrayna ilə müharibəyə sürükləmək istədiklərini bəyan edib: "Belarusu Ukraynaya qarşı müharibəyə çağırmaq NATO-nun xeyrinədir, onlar Minski müharibəyə sürükləmək istəyirlər".

O, fikirlərini belə izah edib: "Belarus Respublikası ilə Ukrayna arasında 1500 km sərhəd var. Baltik-Polşa istiqamətində daha 1500 km-i əlavə edin. Bu, ümumilikdə 3000 km-lik cəbhə deməkdir. Biz müharibəyə girsək, bütün bu cəbhəni bağlamaq məcburiyyətində qalacağıq. Bəs, biz bunu edə bilərikmi? Xeyr! Mən bunu açıq şəkildə deyirəm: bacarmarıq". 

Onu da vurğulayaq ki, Lukaşenko belə bir bəyanatı Rusiya prezidenti Vladimir Putinlə görüşdən az sonra səsləndirib. 

Rüfət Sultan
Избранный
193
2
qaynarinfo.az

10Источники