Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də “Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib. Tədbir Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mediasiya Şurası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı 9 saylı mediasiya təşkilatının dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədr müavini Faiq Ağayev, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev təmsil etdikləri qurumlar tərəfindən bu sahədə görülən işlər barədə məlumat veriblər.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin xüsusi çəkisinin illər üzrə müsbət dinamikasına nail olunması məqsədilə qeyd olunan Dövlət Proqramının 8.4.6-cı yarımbəndində ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi aidiyyəti qurumlara tapşırılıb.
Konfransda, eyni zamanda, psixi sağlamlıq və psixoloji problemlərin həlli üzrə həkim- psixiatr, stressin idarəedilməsi üzrə aparıcı ekspert Həlimə Qəmərlinskaya çıxış edərək qeyd olunan sahədə psixoloqların fəaliyyətinin tənzimlənməsi, nəzarət, qiymətləndirmə, monitorinq və sertifikasiyanın, eyni zamanda, psixoloqların reyestrinin aparılmasının vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, bu sahədə tənzimləyici qurumun yaradılmasına ciddi zərurət var.
Sonra Türkiyədə geniş tətbiq olunan təhsil mediasiyası sahəsində qardaş ölkənin universitetlərinin təcrübəsi barədə İstanbul Gedik Universitetinin rektoru, professor Ahmet Kesik çıxış edərək məlumat verib.
Konfrans müzakirələrlə davam edib, təkliflər irəli sürülüb.