Bu gün Azərbaycanda dövlət universitetlərinə nisbətən özəl universitetlərdə təhsil haqqı kifayət qədər yüksəkdir. Əlbəttə ki, dövlət universitetlərində təhsil səviyyəsi məlum məsələdir. Bəs, özəl universitetlərdə təhsilin səviyyəsi qənaətbəxşdirmi?
Lent.az sözügedən mövzu ilə bağlı araşdırma aparıb.
Bu gün bir sıra özəl ali təhsil müəssisələrinə marağın get-gedə azaldığını hiss etmək olar. Bir neçə özəl universiteti çıxmaq şərti ilə digərlərində təhsil almaq o qədər də ciddi uğur sayılmır və tələbənin gələcək karyerasına dəyəcək zərbə kimi qiymətləndirilir.
Bəs, bunun səbəbi nədir?
Araşdırmalara görə, buna səbəb son illərdə ard-arda bir neçə özəl təhsil müəssisəsinin bağlanması, abituriyentlərin daha çox dövlət universitetlərinə maraq göstərməsidir.
Özəl təhsilin get-gedə zəifləməsi və özünü doğrultmaması həm də cəmiyyətin problemidir. Orada təhsil haqqı cəmiyyətin yaşam tərzinə uyğun gəlsə, insanları daha çox cəlb edə bilər. Amma hazırda çox təəssüf ki, elə deyil.
Başqa bir problem isə dövlət müəssisələrində özəl universitetləri bitirən məzunlara o qədər də yaxşı yanaşılmamasıdır. Bu tam tərsinə olmalıdır. Məhz bu səbəbdən gənclərdə özəl universitetlərə meyl azalır.
Maraqlı məqamlardan biri də odur ki, orta məktəblərdə valideynlər istəyirlər ki, övladları özəl liseylərdə, özəl məktəblərdə oxusunlar. Amma biz bunu universitetlərdə görə bilmirik. Eləcə də dünyanın bir çox ölkəsində özəl ali məktəblər təhsilin keyfiyyətinə görə dövlət məktəblərini qabaqlayır. Bizdə isə əksinədir.
Uzağa getməyək. Elə qonşu ölkə Türkiyədə özəl universitetlərə daxil olmaq da, oxumaq da çətindir. Azərbaycanda isə tam əksinədir. Özəl universitetlərin alternativ fakültələrinə dövlət universitetindən daha asan qəbul ola bilirsən. Buradakı özəl universitetlərdə dünyanın nüfuzlu ölkələrinin müəllimləri dərs deyir. Yəni tələbə verdiyi pulun dəyərini artıqlaması ilə ala bilir. Xaricdə, Türkiyədə özəl universitetdə oxumaq əlavə nüfuz sayılsa da, təəssüf ki, bizim ölkəmizdə bu belə deyil.
Digər tərəfdən maddi-texniki bazası və professor-müəllim heyəti ilə fərqlənən və get-gedə modern tədris üsullarını inkişaf etdirən özəl ali məktəblər də var. Amma vur-tut 4 universitetin adını çəkmək olar.
Hazırda dövlət ali təhsil müəssisələri ilə müqayisədə özəl ali təhsil müəssisəsində illik təhsil haqqı daha yüksəkdir. Güzəştli, imtiyazlı tələbələr üçün dövlətin universitetlərə ödədiyi məbləğ 1700 manatdır. Belə olan halda özəl universitetlərə yüksək balla imtiyazlı tələbə qəbul edilməsi münasib deyil. Özəl universitetlərdə bir ixtisas üçün az bal toplayan tələbə 3000 manat ödəyəcəksə, imtiyazlı tələbə üçün dövlət 1700 manat ödəyir, bu zaman onların maliyyələşməsi çətin olur.
Özəl universitetlər ümumi qəbul planını tam şəkildə yerinə yetirə bilmirlər, plan yerinin dolma faizi çox aşağıdır. İnsanlar burada tədrisin keyfiyyətli olmadığını deyirlər. Əvvəllər özəl universitetlərdə ödənişsiz təhsil yox idi, indi ödənişsiz təhsil var, amma daha az bal ilə abituriyentlər buranı seçirlər. Hətta subbakalavrlar da universitet seçimi zamanı dövlət universitetlərinə üz tuturlar. Lakin dünya təcrübəsində tamamilə fərqli mənzərə var. Dövlət ali təhsil müəssisələrin qəbulolma faizində görürük ki, qəbul planı 93-94%-dir, özəl universitetlərdə isə bu 80% bəzi illərdə daha aşağı faizlər formalaşır. Özəl universitetlərə üz tutanlar az olsa da, özəl məktəblərə üz tutanların sayı kifayət qədərdir.
Özəl ali təhsil müəssisələri arasında yalnız 1-2-nə yüksək bal yığan abituriyentlər qəbul olmaq istəyirlər.
Dövlət universitetləri ilə rəqabət imkanına 1 və ya 2 universitet adı çəkmək olar. Özəl universitetlərə qəbulda minimal bal 150-200 baldır. Bu isə yaxşı hal deyil, çünki belə olanda yüksək bal yığmış çox abituriyent özəl universitetlərə qəbul olmaq istəmir.
Özəl universitetlərə əsasən, 100-250 bal toplayan abituriyentlər üstünlük verirlər. Başqa cür desək, özəl universitetlər çöldə qalmamaq, yəni kəsilməmək üçün ehtiyat variant kimi saxlanılır. Digər bir tərəfdən isə bəzi universitetlərin regionlarımızda yerləşən filialları vardır ki, abituriyentlər tələbəlikdən məhrum olmamaq üçün həmin yerləri də seçirlər.
150-200 bal ilə universitetə qəbul olmuş tələbələrə təhsil vermək çox çətindir. Çünki bu o deməkdir ki, onlar məktəbi də çox aşağı səviyyədə oxuyublar və zəif nəticə göstəriblər. Ancaq buna baxmayaraq fakt budur ki, bu tələbələrin hər biri özəl ali məktəbləri bitirə bilir. Bir də dövlət ali təhsil məktəbləri vardır ki, həmən ali təhsil ocaqlarında çox da prestijli sayılmayan ixtisaslar mövcuddur. 150-200 bal toplayan abituriyentlər həmin ixtisasları seçirlər. Əlbəttə, onların gələcəkdə mütəxəssis kimi hazırlanmasında da çox böyük problemlər yaranır.
Özəl ali məktəbləri yalnız və yalnız pul maraqlandırır. 100 bal toplayan abituriyenti belə özəl universitet qəbul edə və elə əlaçı olmağına imkan yarada bilər. Ancaq gələcəkdə onların işlə təmin olunmasında ciddi problemlər yaranacaq. Universiteti bitirmək o demək deyil ki, həmin şəxs əmək bazarında özünü doğruldacaq. Çox təəssüflər olsun ki, bu gün elə ali məktəblər var ki, onları tələbələrə bilik verməkdən daha çox tələbələrin universitetə köçürəcəyi və eyni zamanda kəsilərkən ödəyəcəyi vəsait maraqlandırır.