RU

Eldəniz Əzizli: “Futbolçu olsaydım, çalışardım ki, Azərbaycan çempionatında oynamayım” – MÜSAHİBƏ – VİDEO

Azərbaycanın yunan-Roma güləşçisi, 3 qat dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizli Azərbaycan PFL-in mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o futbola olan marağından və sevgisindən danışıb.

- Güləşdən sonra ən çox sevdiyiniz idman növü hansıdır?

- Futbol güləşdən sonra ən sevdiyim idman növüdür. Güləşi seçməsəydim, düşünürəm ki, futbolçu olardım.

- Uşaqlıqda futbol oynadığın günləri necə xatırlayırsan?

- 90-cı ilin uşaqları daha yaxşı xatırlayar. Biz əvvəllər indiki dövr uşaqlarından fərqli, daim küçələrdə futbol oynayırdıq. Şahin Diniyev dayım olduğu üçün məhlədə hər zaman mənim topum olurdu. O vaxt rayon yerində top tapmaq çətin idi. Həmişə topum olduğu üçün komandanın heyətini mən qururdum. Kimin harda oynayacağını, kimin qapıda, hücumda olacağını mən göstərirdim.

- Topunu götürüb oyunu tərk edən uşaqlardan olmusan?

- Yox, heç bir zaman topu götürüb evə gedən uşaq olmamışam. Sona qədər mübarizə aparmışam.

- Azərbaycanda hansı kluba azarkeşlik edirsən?

- Azərbaycanda böyük əksəriyyət “Qarabağ”ın azarkeşidir. Mən də “Qarabağ”ın uğurlarına çox sevinirəm. Qurban Qurbanov dostumuz, böyük qardaşımızdır. Onun uğurları çox sevindirir. Rəşad Sadıqov da bizim dostumuzdur. Onun da uğurlarına sevinirəm. Amma illərdir “Neftçi”dən maaş aldığım, bu klubu təmsil etdiyim üçün “ağ-qara”lar mənim üçün daha əzizdir.

- Şahin Diniyev sənin futbolçu olmağına çalışıb?

- Şahin Diniyev futbola gəlməyimdə çox israrlı idi. Amma Allaha şükür ki, güləşdə qaldım. Güləşdə qazandığım uğurlar Azərbaycan üçün daha yaddaqalandır.

- Futbol sənin üçün nədir?

- Dayım uşaqları, dayım özü də futbol oynayıb. Bunlar hamısı gözümün önündə olub. Bir an geriyə baxdıqda görürəm ki, futbol həyatımda böyük yer tutur. Məşqlərdən vaxt tapan kimi futbol oynayırıq. Bu bir ənənəyə çevrilib. Sərbəst və yunan-Roma güləşçiləri arasında çox prinsipial görüşlər olur.

- Bakıya gəlməyini, güləşlə ilk məşğul olduğun illəri necə xatırlayırsan?

- 2006-cı ildə ilk dəfə rayondan Bakıya gəldikdə kasıb ailədən paytaxta gələn gənc kimi çox çətin günlər keçirdim. Maddi cəhətdən çox sıxıntılar çəkdim. Təbii ki, bu proseslərin hamısında dayım və məşqçilərim yanımda oldular. Yadımdadır, Gürcüstanda ilk beynəlxalq turnirim oldu. O vaxt AGF-in vəziyyəti o qədər də yaxşı deyildi. Respublika çempionatında 1-2-ci olanlar pulsuz yarışlara qatılırdı. Amma mən 3-cü olmuşdum. Öz imkanım ilə Gürcüstana getməliydim. Kasıb ailədən olduğum üçün ilk yarışıma məni dayım göndərdi və orda çempionluq yaşadım. Onun ardınca daha bir neçə dəfə qalibiyyət əldə etdim, Avropa çempionu oldum. Bunun sayəsində milli komandada mənə güvənməyə başladılar.

- Futbolçu olsaydın hansı klubumuzda oynayardın?

- Mən futbolçu olsaydım çalışardım ki, Azərbaycan çempionatında oynamayım. Bu gün APL-nın səviyyəsi mənim istədiyim qədər uğurlu deyil. Çalışardım ki, xaricdə hər hansı bir klubda oynayım. Almaniyada oynamaq istərdim. Amma futbolda nə qədər uğurlu ola biləcəyimi deyə bilməzdim. Bu idman növündə uğur qazanmaq çox çətindir. Çünki komanda idman növüdür. Düşdüyün kollektivdən də çox şey asılıdır. Bu gün biz Lionel Messini götürsək, onun gənc vaxtlarında oynadığı “Barselona”da Xavi, Andres İniyesta, Serxio Buskes, Karles Puyol kimi futbolçuların olması argentinalıya çox şey verdi.

- Bəs hansı mövqedə oynamağı seçərdin?

- Nə hücum, nə müdafiə olardı. Oyun qurucusu çox xoş olardı. Yunan-Roma milli komandasının kapitanı olduğum üçün həmişə komandanın qurulmasında, təşkilində, motivasiya olunmağında əlimdən gəldiyim qədər özümdən sonra gənclərə böyük dəstək olmuşam. Orta mövqedə olub hücuma və müdafiəyə kömək etmək istəyərdim.

- Azarkeşlik etdiyin klublar hansıdır?

- İspaniya La Liqasını götürdükdə, “Barselona”, İngiltərədə “Mançester Yunayted”, İtaliya A seriyasında “Yuventus” uşaqlıqdan sevdiyim komanda olub. Almaniyada isə “Bavariya”ya azarkeşlik edirəm.

- Sənin üçün ən uğurlu futbolçularımız kimlərdir?

- Bu gün mənim üçün ən uğurlu sayılan futbolçulardan biri Rəşad Sadıqovdur. Çünki gənc yaşlardan Azərbaycan milli komandasında oynayıb və kapitanı olub. Hazırda isə Emin Mahmudovu fərqləndirərdim.

- Futbolumuza dəstək olmaq üçün nələr edərdin?

- İnanmıram ki, futbolumuza nəyisə qatmaq əlimdən gəlsin. Mən ancaq onları motivasiya edə bilərəm. Ümid edirəm ki, futbolumuz inkişaf edəcək. “Qarabağ”ımız, “Neftçi”miz və digər bizə doğma olan komandalarımız yaxşı yerlərdə olacaq. Bizim futbolçularımız da Avropanın top liqalarına düşəcəklər.

İdman.biz

Избранный
55
25
idman.biz

10Источники