Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Bu görüş Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyinə təsadüf etdiyindən Vladimir Putin Ulu Öndər Heydər Əliyevin vaxtilə \"Ümumittifaq tikintisi” adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak etdiyini və onun reallaşdırılmasına öz töhfəsini verdiyini qeyd edib. Ulu Öndər sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daimi donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. O da faktdır ki, BAM-ın tikintisində Azərbaycanın minlərlə vətəndaşı iştirak edib. Onların çoxu sonradan Rusiyada məskunlaşıb.
Artıq bir neçə ildir ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma ən yüksək səviyyədədir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, zaman qarşılıqlı münasibətlərdəki anlaşılmazlıqları, umu-küsüləri retuşlayır. Rusiya da, Azərbaycanda gələcəyə nikbin nəzərlərlə baxır.
2022-ci ilin fevralında Kremldə imzalanmış strateji müttəfiqlik haqqında saziş bu gün də lazmi effektivliklə işləyir və tərəflər onun hər bir müddəasına riayət edirlər.
Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir. Dövlətimizin başçısı İlham Əliyevin qonşu ölkəyə səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir.
Hazırda iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar.
Cari il yanvarın 22-də imzalanan \"2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdirilməsinə əlverişli zəmin yaradır.
Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.
Rusiya rəhbərliyi tam 32 ildən sonra Qarabağ münaqişəsi xüsusunda bitərəf mövqe tutmasaydı, tarixin zəfərimizin qazanılması ya baş tutmazdı, ya da qat-qat çətin olardı. Çünki Rusiyada, demək olar ki, əksər sferalarda (siyasət, iqtisadiyyat, mədəniyyət və s.) ermənilərin ciddi dəstəkçiləri vardı və onlar Kremlə təzyiq göstərirdilər ki, həmişəki kimi Ermənistanı müdafiə etsin. Ancaq V.Putin özlərini ərköyün uşaq kimi aparan erməni liderlərin fitnəsinə uyaraq rus əsgərlərini erməni döyüşçülərin əvəzinə səngərə soxmadı.
Rusiyanın neytrallığı kifayət etdi ki, biz halal haqqımızı əldə edək.
İndi əsas məsələ hər iki ölkə üçün ağır və ağrılı keçən dönəmi arxada qoymaqdır. Rusiyanın qanlı-qadalı müharibəni bitirməsindən və Azərbaycanın Ermənistanla yekun sülh sazişi imzalamasından sonra iki dövlət arasında hərtərfli münasibətlər yeni bir mərhələyə adlayacaq.
Hazırda isə Rusiyanın az qala 200 ildən sonra anladığı və əmin olduğu bir gerçəklik var: Azərbaycan dar günlərdə güvəniləsi dostdur; o, xəyanətə yuvarlanmaz, arxadan bıçaq saplamaz, nankorluq etməz. Demək, həlledici anlarda qırdı-qaçdıqlıq edənlərlə yox, Azərbaycan kimi etibarlı tərəfdaşlarla yaxın olmaq lazımdır.
Naftalan şəhər sakini Tamara Həsənova