RU

Ermənistana verilmiş torpaqların qaytarılması mexanizmi hazırlanmalıdır

Azərbaycan ilə Ermənistan arasında bağlanacaq sülh müqaviləsi haqda iddialardan biri bu idi ki, ki ölkənin sərhədləri 1920-ci illərə aid topoqrafik xəritələrə əsasən müəyyən ediləcək.
Nikol Paşinyan qaytarılan dörd kəndlə bağlı ilkin fikri belə bildirdi ki, Alma – Ata Bəyannaməsinə prosesə başlamaq üçün istinad etdik, sonrakı mərhələdə isə bunu müzakirə edəcəyik. Əslində Nikol Paşinyan da Azərbaycanın tərəfdar olduğu tarixi xəritələr yox demir, sadəcə arxivləri açmaq və geniş şəkildə faktları yazmaq lazımdır.Faktlara görə isə:
Sovetlər dönəmində itirilmiş Azərbaycan əraziləri (1920 -1938-ci illlər); Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra məcburi şəkildə (1920-ci il 28 aprel) Ermənistan SSRİ və Gürcüstan SSRİ-yə məcburi şəkildə hədiyyə olaraq verilmiş tarixi Azərbaycan torpaqları. Burada göstərilən faktlar 1930 -cu illərin sonuna qədər baş verən prosesləri əks etdirir.
1.) 1929-cu il 18 fevralda Zaqafqaziya MİK-in qərarı ilə Naxçıvanın 625 kv.km ərazisi-Şərur qəzasının Qurdqulaq, Xaçik, Hоradiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Оğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Оrdubad qəzasının Qarçevan kəndi, habelə Kilit kəndi tоrpaqlarının bir hissəsi Ermənistana verilib.
2.) 1930-cu ildə Aldərə, Lehvaz, Astazur, Nüvədi və başqa yaşayış məntəqələrini Ermənistana birləşdirmiş və bu ərazidə Mehri rayоnunu yaratmışlar.
3.) 1938-ci il martın 5-7-də imzalanmış protokola əsasən Laçının Qaragöl yaylası, Qubadlının Çayzəmi sahəsi, Qazağın Kəmərli kəndi və Kəlbəcərin Zod sahəsi Ermənistana verildi;
Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə (protokol №3) Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr və ya 65 min 700 hektar torpaq sahəsi Ermənistana verilmişdir. Heç bir səbəb göstərilmədən, əsassız şəkildə yuxarıdakı qərarla Ermənistana verilən 9 kəndin (Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəc, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi) səbəbsiz Ermənistana verilməsi əvvəllər bir qədər gizli saxlanılsa da, sonralar yerli əhali tərəfindən müəyyən etirazlar olsa da, rəsmi orqanlarda, dövlət səviyyəsində bu haqda heç bir təşəbbüs göstərilməmiş, nəticədə azərbaycanlı əhali zaman- zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi xalqdan gizli olaraq Ermənistana verildi. Ən dəhşətlisi odur ki, Kərki torpaqlarının Ermənistana verilməsi haqda protokola Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi adından iki erməni – Azərbaycan MİK-in «məsul işçiləri»-Qadakçiyan və İsaxiyan qol çəkdilər.
Yerli əhali arasında açıq narazılıqlar yaranmasının qarşısını almaq, həmçinin yerli əhalinin hamısının azərbaycanlı olması nəzərə alınaraq və məsələnin sakitliklə həll olunması məqsədi ilə ermənilər təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində saxlamaqla, kənd ətrafındakı 900 hektardan artıq bir ərazini, o cümlədən «Kərkinin düzü», «Həsənqulu bağı», «Bağırsaq dərə», «Qaraağac», «Bəzirxana», «Köhnə Kərki», «Dem», «Nabat bulağı», «Qızıl daş», «Ağıldərə» və s. kimi onlarla türk mənşəli toponimi özündə yaşadan ərazilər (dairəvi şəkildə Kərkinin bütün ətraf torpaqları) əsassız, saxta sənədlə Ermənistana verilməklə, Kərki kəndi Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşdü.1928-ci ildə Moskvanin göstərişi və Azərbaycan rəhbərlərinin razılığı ilə dədə-baba Gədəbəy torpaqlarini – Başkəndin 4400 hektar torpağını Azərbaycandan alıb Ermənistana verdilər.
Əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olan Göyçə mahalı isə nədənsə Azərbaycana verilmədi. 1968-ci il Gədəbəyin Şınıx zonasinda yerləşən Tağlar, Qaravəllilər kəndinin torpaqları guya ”yararsız” torpaq olduğu üçün Azərbaycandan alınıb Ermənistana verildi. Görəsən ”yararsız ‘ torpaq ermənilərin nəyinə lazim idi? Orada yaşayan insanları məcburi köçürüb Saratovka kəndinə gətirdilər.
1927 – 1929-cu illərdə Ermənistanla Azərbaycan arasında “sərhəd” düzəldərkən adlarını çəkdiyimiz dağ və yaylaqların çoxu ermənilərə verilib. Lakin Qaragöl bütövlükdə Azərbaycan sərhədi daxilində qalmışdı. Hətta 1928-ci ildə Qaragöl və Qaragöl yaylağı 3 saylı yay otlağı kimi Qarıqışlaq kolxozunun istifadəsinə verilib. Məsələ 2-ci dəfə 3 may 1951-ci 557 saylı Respublika Nazirlər Sovetinin qərarı ilə də bir daha təsdiq olunub.
1964-cü ildə Gorus rayonunun erməniləri Qaragöldə su nasosu qoymuş, Qaragöldən su çəkməyə başlamışlar. Heç bir əsası olmadan ictimaiyyətdən gizli olaraq 7 may 1969-cu il iki respublika Ali Sovetlərinin birgə qərarı ilə Qaragöl və Qaragöl yaylaqlarının 250 hektar sahəsi ermənilərə növbəti bəxşiş olunmuşdur.
Lakin Laçın elinin vətənpərvərliyi nəticəsində bu işlərin baş tutmasının qarşısı alınmışdır. Hələ otuzuncu illərin sonunda kommunist İsmayıl Mirzəyevin bu bölgənin Buzovçu dərəsinin başlangıcında Qəysəfə adlanan yerdə məcburi olaraq heyvandarlıq damları tikdirməklə erməniləri pis vəziyyətə salmışdı. Ermənilər öz xislətlərinə uyğun olaraq ilk sərhəd xəritələrini Bakı, Tiflis və Moskvadakı arxiv sənədlərini oğurlayıb, onun yerinə başqa tarixlə yeni sənədlər qoymuşlar. Bu sənədlərə qol çəkən Azərbaycandan Respublika MİK-nin o vaxtkı işlər müdiri Qadakçıyan, Moskva və Yerevan tərəfdən isə Qriqoryan, İsaxanyan, Qalustyan, Çerekeşvili, Metreveli, Akopcan, Karakaşadze, Matekeviç, Kotyuk, Tatulov və Komarovski olmuşlar. Necə deyərlər, yiyəsiz vilayət kimi ruslar, ermənilər, gürcülər istədikləri kimi özləri doğub, özləri də bəsləmişlər.
Laçınlıların, xüsusən Qarıqışlaq kənd müəllimi Çingiz Mehdiyevin, İbiş Əsgərovun müxtəlif distansiyalara göndərdikləri 500-dən artıq məktub və 1927-28-ci illər xəritəsi erməni və Azərbaycan “ermənilərinin” bu işi başa çatdırmaqla bir tormoz vurur.
O vaxtkı Azərbaycan rəhbərliyinin bivecliyi ucbatından hər iki respublika hökumətinin Moskva təzyiqi ilə 17 noyabr 1987-ci il 408/717 saylı qərarı ilə Qaragölün bir hissəsi bizim üçün Qaragöl kimi, ermənilər üçün isə 2-ci hissəsi “Sevlic” gölü adı altında ümumi qoruğa çevrilməsi məsləhət görülür. Ermənilər təcili olaraq buradakı hər iki qəbiristanlığı məhv edir.
Qaragölə -“Sevlicə” yol çəkir, tikililər tikməyə başlayırlar. AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-də yaradılıb. Azərbaycan SSRİ-nin ərazisi isə 86,6 min. km2 – ə barəbərdir. Təxminən sözügedən illər ərzində Azərbaycanın ərazisi 27,3 kv km. azalıb və bu indiki Ermənistan ərazisinə bərabərdir. Ermənilər 1970–1980-ci illərdə Laçın rayonunun Güləbird, Cicimli, Malıbəy, Qaraqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular. Bəziləri hərdən ərazi məsələsində problemin kökünü bilmədən xəritə söhbəti edir. Baxın görün hal-hazırda Azərbaycan və Ermənistan arasında dövlətimizin sərhədlərinin delmitasiyası və demarkasiyasında Rusiya dövləti 1929-cu ilin xəritəsini əsas götürür. Səbəbi də ərazi məsələrini araşdıranlar üçün aydındır. Çünki tarixmiz uydurma xəritələrlə ermənilərin xeyrinə beləcə saxtalaşdırıb.
Ermənilər məqsədli surətdə sonrakı illərdə tərtib edilmiş xəritələrdə arzularını gerçəkləşdirmişlər. Belə ki, 1924,1928, 1932-ci illərdəki xəritələrdə Naxçıvan ərazisi dəqiq göstərilsə də, 1929, 1942, 1952, 1955, 1963…- cü il xəritələrində saxtakarlığa yol verilmiş və beləliklə, Arazdəyən stansiyası bölgəsindən 400 hektar, Şahbuz rayonunun Kükü ərazisindən 450 hektar ərazi Ermənistan SSR ərazisinə qatılmışdır. Yenə Şahbuz rayonu ərazisində Camışölən zirvəsində 100 hektar ərazi 1982-ci ildə tərtib edilmiş xəritədə Ermənistan torpaqları kimi göstərilmişdir.
Rıbakovun işlədiyi 1924-cü il xəritəsi (1:25000 miqyaslı) obyektivliyi, təkmilliyi və dəqiqliyi ilə seçilir. Qəribədir ki, bu xəritə son illərə qədər çox vaxt üzə çıxarılmırdı. Bu xəritədə Sədərək kəndinin “Həsənqulu bağı” deyilən ərazisi düzgün olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə daxil edilmişdir.
1929-cu il xəritəsində isə əksinə “Həsənqulu bağı” Ermənistan SSR ərazisi kimi göstərilmişdir. Azərbaycan SSR Torpaq Komissarlığının Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının katibliyinə 25 oktyabr 1922-ci il tarixli məlumatı. Məlumata əsasən Azərbaycan SSR-nin 7989105 desyatin (1 desyatin -0,0109 kv.km) ümumi ərazisindən Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında əldə olunan razılaşmaya əsasən: a) keçmiş Qazax qəzasından Ermənistan SSR-ə 379984 desyatin verilmişdi.
B) keçmiş Zəngəzur qəzasından Ermənistan SSR-ə 405000 desyatin verilmişdi.
v) keçmiş Tifilis qəzasından Azərbaycan SSR-ə 79600 desyatin verilmişdi. Beləliklə 7989105-379984-405000+79600=7283721 ( 79392,56 kv.km). Yəni Azərbaycan SSR-nin ərazisi artıq 1922-ci ildə heç 80 min..kv.km təşkil etmirdi. 1922-ci ildən sonrakı dövrdə Ermənistan SSR-ə verilmiş torpaqları nəzərə alsaq, belə çıxır ki Azərbaycan SSR ərazisinin ümumi sahəsi faktiki olaraq heç vaxt 86,6 min kv.km çatmayıb.
Müasir Ermənistanın Qazax əraziləri
1801-ci ildə Rusiyanın tərkibinə daxil olunduqdan sonra Qazax-Şəmsəddil sultanlığının ərazisində əvvəlcə Qazax distansiyası, sonralar isə Qazax qəzası yaradılmışdır. Bu ərazi müasir Azərbaycanın Qazax, Ağstafa rayonları və Ermənistanın Tavuş bölgəsini əhatə edirdi. 1836-cı ildə nəşr olunmuş “Обозрение Российских владений за Кавказом” toplusunda Qazax distansiyası sakinləri haqqında cox nadir məlumatlar verilmişdir. Burada həmin dövrdə yaşayan, o vaxtlar tatar adlandırılan, azərbaycanlıların (12836 – 73% kişi) və ermənilərin (4796 – 27% kişi) sayı göstərilmişdir. Beləliklə, Qazax distansiyasının əhalisinin üçdə ikisinindən çoxunu azərbaycanlılar təşkil edirdi.
Erməni əhalisinin əksəriyyəti bu bölgəyə XVIII və XIX əsrlərdə Qarabağdan və İrandan köçmüşdür. Əsasən heyvandarlıqla məşğul olan azərbaycanlılar ilin isti aylarında çoxsaylı sürüləri ilə dağ otlaqlarına köç edirdilər. Soyuq aylarda isə yenidən düzənliklərdəki qışlaqlarına qayıdardılar.
Qazağın dağlıq və aran hissələri vahid etnik və iqtisadi məkan təşkil edirdi. 1917-ci ilin Qafqaz təqviminə görə, Qazax qəzasının sahəsi 5096,52 kv.verst təşkil edirdi. Əfsuslar olsun ki, Rusiya imperiyası və sonralar sovet hakimiyyəti zamanı keçirilən inzibati-ərazi islahatlar nəticəsində Qazax qəzasının əksər əraziləri Ermənistana verilmişdir.
1918-ci ilin mayında Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. O zaman demək olar ki, Cənubi Qafqaz əhalisinin yarısını təşkil edən azərbaycanlıların dövlət ərazisi millətin etnik və tarixi sərhədləri ilə uyğun gəlmirdi.
Yaranmış Azərbaycan Demokratik Respublikasının ərazisi 113 896 kv. kilometrə bərabər idi. Bundan 97 298 kv. kilometr mübahisəsiz, 16 598 kv. kilometr isə Gürcüstan və Ermənistanla mübahisəli ərazi hesab olunurdu. Ermənistanın iddia etdiyi Azərbaycan ərazilərindən biri də Qazax qəzasının dağlıq hissəsi idi.
Bu faktla bağlı Moskva konfransında Azərbaycan SSR-ni təmsil edən B.Şahtaxtinski 1 mart 1921-ci il tarixində V.Leninə teleqram göndərmişdir: “Yelizavetpol quberniyası Qazax qəzasının düzən hissələrində azərbaycanlıların 50,9%, dağlıq hissələrində ermənilərin 46,7% təşkil etməsinə baxmayaraq, bütün ərazisi Ermənistan tərəfindən iddia olunur”.
Cənubi Qafqazda sovietləşmə keçdikdən sonra Zaqafqaziya Federasiyasına daxil edilən respublikaların sərhədləri dəyişdirilməyə başladı.
Sovetləşmədən sonra 22 oktyabr 1922-ci il tarixində Kənd Təsərrüfatı üzrə Xalq Komissarlığı tərəfindən hazırlanan sənəddə Azərbaycan SSR-nin sərhəd dəyişiklikləri barədə ətraflı məlumat verilmişdir: “Azərbaycan SSR-nin bütün ərazisi 7989105 desyatin təkil edirdi (1 desyatin = 1,09 hektar). Bu ümumi sahədən: a) Qazax qəzasından Ermənistana 379984, b) keçmiş Zəngəzur qəzasından Ermənistana 405000 və c.) Borçalı qəzasından Azərbaycana 79600 desyatin verilib.
Beləliklə, Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi indi 7283721 desyatin təşkil edir”. Sərhədləri dəqiqləşdirmək üçün Zaqafqaziya Mərkəzi İcra Komitəsinin (ZaqMİK) Rəyasəti 5 fevral 1923-ci il qərarı ilə xüsusi Torpaq komissiyası yaratmışdır. Bu komissiya Azərbaycan və Ermənistan kəndliləri arasında yaranan ərazi mübahisələrini həll etməli idi. 1920-ci illərin sonuna qədər Qazax qəzası ilə Ermənistanın Dilican qəzası arasında ən qızğın sərhəd mübahisələri Şınıx-Ayrım torpaqları üstündə olmuşdur. 11659 desyatin sahəsi olan bu bölgədə 4124 nəfər azərbaycan əhalisi olan14 kənd var idi. Bundan əlavə, 48 qışlaqdan 30-u azərbaycanlılara məxsus idi.
Şınıx-Ayrım bölgəsinin mübahisəli torpaqları ilə bağlı məsələ Azərbaycan SSR Torpaq Komissiyasının 30 noyabr 1925 il tarixli iclasında ətraflı müzakirə olunmuş və verilən təkliflərdə ciddi səhvlər aşkar edilmişdir. Bununla bağlı Azərbaycan nümayəndəsi D.Bünyadzadə bildirmişdir: “Mən komissiyanın hesabatını oxumuşam.
Meşənin 4000 desyatinə yaxın sahəsi həqiqətən bir az Ermənistan ərazisinə keçir və eyni ölçüdə sahə Azərbaycan ərazisinə keçir. Azərbaycandan Ermənistana daxil olan meşəlik sahədə müsəlmanlar yaşayır. Bu sahədə meşə çox yaxşıdır. Azərbaycana daxil edilən hissədə isə ermənilər yaşayır və meşələr pisdir. Komissiyanın hazırladığı təklifdə yaxşı ərazilər Ermənistana birləşdirilir, pisləri isə Azərbaycana. Beləliklə, həm bizim üçün, həm də ermənilər üçün dava mənbəyi yaradılır, çünki, sorğulara görə nə erməni əhalisi Azərbaycana qoşulmaq istəyir, nə də azərbaycanlılar Ermənistana. Burada kimsə təxribat edib millətlər arasında etnik düşmənçilik yaratmaq istəyir. Mən hesab edirəm ki, nə Azərbaycana, nə də Ermənistana bu lazım deyil. Əgər kiçik ərazilər Azərbaycanın və Ermənistanın içərisinə keçirsə – bu, heç bir şey demək deyil və onları olduğu kimi saxlamaq olar.
Lakin bir çox yoldaşların daşnak kimi tanıdığı, mənim fikrimcə burada gizli bir şey yoxdur, Onanovun rəhbərlik etdiyi komissiya təxribat məqsədi daşıyır və ermənilərlə müsəlmanlar arasında qalmaqal yaratmaq istəyir”.
Azərbaycan tərəfindən müəyyən edilmiş mənfi faktlara baxmayaraq, S.Kasyanın sədrliyi ilə 11 yanvar 1927-ci il tarixində kecirilən ZaqMIK Torpaq Komissiyasının iclasında Ermənistan SSR və Azərbaycan SSR kənd təsərrüfatı komissarları A.Erzikyan və D.Bünyadzadənin iştirakı ilə Qazağın Şınıx-Ayrım bölgəsi barədə Ermənistanın təklifi qəbul edilmişdir. Bu müqavilə 18 fevral 1929-cu il ZaqMIK qətnaməsilə təsdiq edilmişdir. Sənədə əsasən Qazax qəzasının Şınıx-Ayrum bölgəsindən 4000 desyatin Ermənistanın Dilican qəzasına verilmişdir.
Azərbaycanın Qazax qəzası ilə Ermənistanın Dilican qəzası arasında digər mübahisələr də Ermənistanın xeyrinə həll olunurdu. Məsələn, ümumi sahəsi 3104 desyatin və əhalisi 577 nəfər olan əvvəllər Qazax qəzasının inzibati sərhədlərinə daxil olan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Azərbaycanla əlaqəsi kəsilmişdir.
ZaqMIK yerli komissiyasının 19-20 iyul 1929-cu il iclasında bu vəziyyəti aradan qaldırmaq üçün yeganə mümkün həll yolu kimi hər üc kəndi Ermənistanın Dilican qəzasına verilməsi göstərilmişdir. Eyni fərmanla 26 təsərrüfatdan ibarət olan Qazaxın Heyrimli kəndi Dilican qəzasının Kunen-Heyrimli kəndinə (100 təsərrüfatdan) birləşdirilmişdir. Dilican qəzasının Qulp və Qazax qəzasının II Şıxlı kəndləri arasında mübahisəli olan Çömcə ərazisi (sahəsi 940 desyatin) ZaqMIK-in xüsusi yerli torpaq komissiyasının 27 oktyabr 1924 il tarixli (protokol 19) qətnaməsi ilə erməni kəndinə verilmişdir.
Dilican qəzasının Barana və Qazax qəzasının Qaymaqlı kəndləri arasında mübahisəli olan Acı ərazisi (sahəsi 1002 desyatin) torpaq komissiyasının 31 oktyabr 1924 il qətnaməsi ilə iki yerə bölünmüşdir. Şimal-şərq hissəsi (612 desyatin) Qaymaqlı kəndində qalmış, cənub-qərb hissəsi isə (390 desyatin) erməni kəndinə verilmişdir.
Dilican qəzasının Dovex və Qazax qəzasının Kəmərli kəndləri arasında mübahisəli olan Bağmançala ərazisi (sahəsi 300 desyatin) torpaq komissiyasının 28 oktyabr 1923 il qətnaməsi ilə Kəmərli kəndində qalmışdır. Lakin 1925-ci ildə ZaqMIK-in qərarı ilə iki kənd arasında bərabər bölünmüşdür.
Dilican qəzasının Kotkənd və Qazax qəzasının Daş Salaxlı kəndləri arasında mübahisəli olan Qaraçal ərazisi (sahəsi 700 desyatin) ZaqMIK-in torpaq komissiyasının 1924-cü il qərarı ilə erməni kəndinə verilmişdir. Dilican qəzasının Noraşen, Moseskend, Aşağı Qızıl Bulaq və Qazax qəzasının Hacalı və Əlibəyli kəndləri arasında mubahisəli olan Günəş ərazisi (sahəsi 753 desyatin) 1925-ci ildə torpaq komissiyası tərəfindən iki yerə bölünmüşdir – 186,5 desyatin Azərbaycana, 566,5 desyatin isə Ermənistana verilmişdir. Bu qərar ZaqMIK-in 18 fevral 1928-ci il qətnaməsi ilə təsdiq edilmişdir.
Ümumiyyətlə, sərhəd mübahisələri haqqında Torpaq Komissiyasının 1928-ci il hesabatında göstərildiyi kimi, yalnız Azərbaycanın Qazax qəzasından Ermənistan SSR-nə 79208 desyatin əkinə yararlı və 75904 desyatin yararsız torpaq verilmişdir.
Beləliklə, Qazax qəzasının əhalisi yaylaqların 50%-dən məhrum edilmişdir. 1920-ci illərdə razılaşdırılmış və xəritələrdə qeyd olunmuş respublikalar arası sərhədlər çox vaxt reallıqda öz əksini tapmamış, qeyri-dəqiq olmuşdur. Bununla da ermənilərin yeni ərazi iddiaları üçün əlverişli şərait yaradılmışdır. 1946-ci ildə də Qazax rayonunun bəzi əraziləri Ermənistana verilmişdir.
1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə iddia irəli sürmüşdü. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşir. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliy və Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdir. Hətta Sov.İKP Mərkəzi Komitəsinə müraciətlər belə nəticələr vermədi. 24 oktyabr 1984-cü il tarixində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəlmişlər.
Onların Ermənistanın əsassız iddia etdiyi meşə massivinə baxmaq istəyi kənd əhalisini hiddətləndirmişdi. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri gələnləri daşa basıb, Ş.Rasizadənin maşınını aşırmışdılar. Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında” adı altında müzakirə edildi. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bu məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf etdi. Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi və Moskvanın təzyiqi ilə Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.
Hal-hazırda bu ərazi hər iki tərəfdən minalanıb və nə ermənilər, nə azərbaycanlılar əraziyə daxil ola bilmirlər. Beləliklə Kəmərli kəndi Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı, Xanımın yurdu, Qara qaya və s. dədə-baba meşəliklərindən məhrum oldu. Yuxarıda güstərilən bütün ərazi zəbtlərə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı iddiaları bitmədi, və o, birbaşa hərbi təcavüzə əl atdı. Hazırda Qazax rayonunun 7 kəndi də erməni işğalı altındadır.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin rəhbəri

Избранный
517
xalqcebhesi.az

1Источники