Futbol üzrə Türkiyə millisinin və “Lill” klubunun yarımmüdafiəçisi Yusuf Yazıcı yaşadığı Fransada üçüncü dəfə oğruların hədəfinə çevrilib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə özünün sosial media hesabında paylaşım edib.
“La Voix du Nord”un yaydığı xəbərə görə, türkiyəli futbolçunun evinə oğrular girməyə çalışıblar. Hadisə aprelin 21-də, saat 15:30 radələrində baş verib. Yusuf Mark-an-Bareldəki evinin giriş qapısının oğrular tərəfindən açılmağa cəhd edildiyindən xəbər tutan kimi, dərhal polisə müraciət edib. Yazıcının çağırışından sonra dərhal hadisə yerinə gələn polislər oğruları evə girməmiş yaxalayaraq həbs ediblər.
Maraqlıdır ki, bu, Yusufun Fransa karyerası ərzində üçüncü belə soyğun olayıdır. Əvvəlki oğurluqlar zamanı o və ailə üzvləri müəyyən itkilərlə üzləşsə də, bu dəfə evdə olmaları və hadisədən vaxtında duyuq düşmələri cinayətkarların “irəli düşməsinə” mane olub.
Xatırladaq ki, Yusuf Yazıcı “Lill”in düşərgəsinə 2019-cu ilin avqustunda 18,5 milyon avro qarşılığında yetirməsi olduğu “Trabzonspor”dan keçib. Bu müddətdə Yazıcı 2022-ci ilin yanvarından iyununa qədər Moskva CSKA-sında çıxış edib. O, həmçinin bir müddət icarə əsasında “Trabzonspor”a qayıdıb və 2023-cü ilin iyununda yenidən “itlər”ə qoşulub. Yazıcının “Lill” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yazıcı “itlər”in heəytində 38 oyuna çıxıb, 11 qol vurub, 3 məhsuldar ötürmə verib. Yusufun “Lill”in heyətində ümumi statistikası isə belədir: 131 oyun, 28 qol, 14 məhsuldar ötürmə.
Türk futbolçu “Lill”in 2020/2021 mövsümündə Fransa çempionluğunu qazanmasında oyunu ilə müstəsna xidmətlər göstərib. Yazıcı həmçinin 2021/2022 mövsümündə Fransa Super Kubokunu qazanıb. Yusuf 7 qolla Avropa Liqasının 2020/2021 mövsümünün ən sərrast futbolçusu olub.
Yusuf Yazıcı 2017-ci ilin iyununda debüt etdiyi Türkiyə millisinin heyətində 42 oyuna 3 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet portalı 27 yaşlı Yusuf Yazıcını 10 milyon avro məbləğində qiymətləndirir.
Bahar Rüstəmzadə