Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir.
Bu barədə Bizim.Media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətindən keçir. Külək olan kimi təhlükəli vəziyyət yaranır, uşaqları həyətə nəzarətsiz buraxa bilmirlər.
Dalıqaya sakininin sözlərinə görə, elektrik dirəyi aşmasın deyə müvəqqəti kola bağlayıblar. Onun sözlərinə görə, aidiyyatı qurumlara müraciət edilsə də, hələki nəticə yoxdur.
Kənddə gündəlik işıq problemi olmasa da hava dəyişən kimi dirəklərin aşma təhlükəsi artır.
Məsələ ilə bağlı Quba İH başçısının Rük İnzibati Ərazi Dairəsindən Bizim.Media-ya bildirilib ki, nümayəndəliyin Söhüb kəndi istisna olmaqla, digər 5 kəndində elektrik dirəkləri və xətləri köhnə və qəzalıdır.
“Bu barədə hər il hesabatlarımızı müvafiq quruma çatdırmışıq. Dalıqaya kəndində də eyni vəziyyətdədir”.
“Azərişıq ASC”nin Xaçmaz regional elektrik şəbəkəsinin Quba rayon şöbəsindən məlumat verildi ki, həmin kəndin vətəndaşının elektrik enerjisinin verilməsi ilə bağlı şikayəti yoxdur:
“Köhnə və qəzalı dirəklərin yenilənməsi isə şəbəkənin diqqətindədir. May ayından başlayaraq həmin kənddə elektrik dirəklərinin yenilənməsinə başlanılacaq”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu