RU

“Onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər” – Prezident

“Biz Zəngəzur dəhlizi haqqında danışanda, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmürük, o cümlədən onu potensial qaydada əlaqə, kabel kimi də görürük. Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər.

Potensial qaydada, o, hətta qaz boru kəməri də ola bilər, çünki bu gün Naxçıvana təbii qazı təchiz etmək üçün biz İranla razılaşmamıza arxalanırıq. Yəni, qaz Naxçıvana İran vasitəsilə gedir. Hazırda biz digər boru kəmərini çəkirik. Türkiyədən Naxçıvana gedən kəməri maliyyələşdiririk və o yolla Azərbaycan qazı nəqil olunacaq. Lakin bu, sol qulağınızı sağ əl ilə qaşımağa bənzəyir. Əgər o, Ermənistandan keçərsə, hamı üçün faydalı olar və əlbəttə ki, çox xərclərə qənaət etmiş olarıq. Bir çox digər məsələlər də bu cür çözülə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

“Bilirəm ki, Ermənistan Qara dənizin dibi ilə çəkiləcək kabelə qoşulmaq istəyir, çünki o, əlavə enerji imkanlarını yaradacaq. Lakin onlar Azərbaycanla münasibətləri səliqə-sahmana salmadığına görə qoşula bilmirlər. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan kimi dörd ölkə var və Bolqarıstan da qoşulmaq üzrədir. Beləliklə, başqa yol yoxdur və bu, konsensus əsasında olan qərardır. Bu səbəbdən sülh sazişi başlanğıc nöqtəsidir.

Sülh sazişindən sonra gələcəyimizin planlaşdırılmasına gəldikdə, əlbəttə ki, bunu etməliyik. Biz həmin gürcüstanlı həmkarlarımızla praktiki əhəmiyyət təşkil edən məsələləri, daşımalar, enerji, potensial ticarət münasibətlərinə aid işlər barədə məsləhətləşmələrə başlamaq üçün üçtərəfli məsləhətləşmə məsələsini bir neçə dəfə müzakirə etmişik. Lakin Ermənistan hər dəfə imtina edib və gürcüstanlı həmkarlar bunu çox yaxşı bilirlər. Regional əməkdaşlıq bölgə ölkələri ilə yaxşı münasibətlərə əsaslanmalıdır və düşünürəm ki, bu, Cənubi Qafqaz üçün ən yaxşı ssenaridir. Yeri gəlmişkən, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatımız var və müxtəlif nazirliklərin rəhbərləri dövri olaraq görüşürlər. Bir sözlə, bütün bunlar mümkündür, lakin sülh sazişi məsələsində bizə nəticə lazımdır. Səmimi desək, nə Gürcüstan, nə Azərbaycan bu gün öz enerji təhlükəsizliyi və ya daşımalar təhlükəsizliyinə gəldikdə, hər hansı çətinliklərlə üzləşmirlər. Bu, yalnız Ermənistanda çatışmır.

Açığı desək, mənim üçün böyük sual olaraq qalır: nəyə görə onlar Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar? Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm. Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar. Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik”, – dövlət başçısı vurğulayıb.

Избранный
85
8
konkret.az

10Источники