Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov, Sıçuan şəhəri Çinbaycian rayonunun xalq hökuməti sədrinin müavini Ley Tin, “Azərbaycan Ticarət Evi”nin rəhbəri Huan Çao iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışıblar. Bildirilib ki, ticarət evi Azərbaycanda dadı və keyfiyyəti ilə seçilən məhsulların Çində təşviqi ilə yanaşı, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə də töhfə verəcək.
“Azərbaycan Ticarət Evi” Çendu şəhərinin Çinbaycian rayonundakı Siçuan azad ticarət zonasında yerləşir. Çendu şəhərindən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzərindən Avropaya göndərilən yük qatarları məhz bu azad zonadakı beynəlxalq dəmir yolu limanından yola salınır. Liman ərazisindəki ölkə pavilyonları şəhərciyində yerləşən “Azərbaycan Ticarət Evi”nin sahəsi təxminən 600 kvadratmetrdir. Hazırda bu şəhərcikdə Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Niderland, Belçika və Yeni Zelandiya da daxil olmaqla 34 ölkənin pavilyonu fəaliyyət göstərir. “Azərbaycan Ticarət Evi” şəhərcikdəki ən böyük ticarət evlərindən biridir.
Ticarət evində Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına, eləcə də, sərmayə mühitinə aid materiallar nümayiş olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə yaradılan ticarət evində “Made in Azerbaijan” brendli məhsullar çinli istehlakçılara təqdim olunur. Bura əsasən çaylar, meyvə şirələri, şərablar, konservlər, mürəbbələr, qənnadı məmulatları və s. daxildir.
Bu, Azərbaycanın Çində sayca 5-ci ticarət evidir. Digər 4 ticarət evi Çindao, Canciaciye, Sian və paytaxt Pekində fəaliyyət göstərir. Ticarət evlərindən başqa, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhan şəhərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi də fəaliyyət göstərir. Ticarət və şərab evləri “Made in Azerbaijan” brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanıdılmasına, eləcə də, Azərbaycan məhsullarının ixracının təşviqinə və genişləndirilməsinə çox böyük təsir göstərir.
Ticarət evinin operatoru olan “Sichuan Rongda Juxin International Trade” şirkəti Azərbaycan məhsullarının idxalçısı və bir neçə ticarət evinin operatoru olan “Sino-foreign Economic Cooperation (Peking) Science and Trade” şirkəti vasitəsiLƏ Azərbaycan məhsullarının alışını həyata keçirir. Şirkət geniş işgüzar əlaqələri vasitəsilə gələcəkdə Azərbaycan məhsullarının Çendu şəhərində satışını genişləndirməyi hədəfləyib.
Xatırladaq ki, Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhəri 21 milyondan çox əhali ilə ölkənin 4-cü ən iri şəhəridir. Ölkənin əsas iqtisadi, maliyyə, ticarət, nəqliyyat, kommunikasiya və tədqiqat mərkəzlərindən biri olan Çendu Çinin ən sürətlə inkişaf edən şəhəri ünvanına malikdir. Şəhərin ümumi daxili məhsulunun dəyəri 310 milyard dolları ötür. Çində Pekin və Şanxaydan sonra ərazisində 2 beynəlxalq hava limanı olan 3 şəhərdən biridir. Ölkənin əsas dəmir yolu qovşaqlarından biri olan Çendudan Avropa da daxil olmaqla dünyanın 61 şəhərinə qatarlarla yüklər daşınır. Çində nüfuzlu bir neçə ali təhsil ocağının yerləşdiyi Çendu dünyada elmi-texnoloji tədqiqatların həcminə görə 25 əsas şəhər siyahısındadır.
Çendunu dünyaya tanıdan mühüm faktordan biri Çinin milli sərvəti hesab olunan böyük pandalardır.
AZƏRTAC