RU

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

Azərbaycanın I Liqa təmsilçisi “Şamaxı”nın rəsmisi Avropa Klublar İttifaqının (UEC) İdarə Heyətinin üzvü seçilib.

Futbolinfo.az bölgə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEC-in onlayn formatda illik ümumi yığıncağında “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub da iştirak edib.

İclasda bir sıra məsələlər müzakirə edildikdən sonra UEC ilk İdarə Heyətini seçib. İdarə Heyətində “Şamaxı” ilə yanaşı, “Osasuna” (İspaniya), “Bernli” (İngiltərə), “Makkabi” (Netanya, İsrail) kimi klubların rəsmiləri də yer alıblar.

Avropa futbolunda kiçik və orta peşəkar futbol klublarının maraqlarının təmsilçisi olan UEC-in əsas məqsədlərindən biri mövcud resursların, xüsusilə maliyyə resurslarının daha ədalətli bölünməsini təmin etməkdir. Qurum hazırda UEFA-nın 25 üzv assosiasiyasının 141 klubunu birləşdirir. Üzvlər arasında La Liqa və Böyük Britaniyanın bir çox klublarını birləşdirən “Fair Game” təşkilatı da yer alır.

İdarə Heyətinə seçilən Elçin Usub təyinatla bağlı fikirlərini bildirib: “Avropa Klublar İttifaqının əsas məqsədi və ideyaları Azərbaycan üçün də aktualdır və burada görüləsi işlər çoxdur. UEC-in İdarə Heyətinin üzvü kimi ölkəmizdə də bu məqsədlər uğrunda sözümüzü daha da inamlı demək üçün bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Fürsətdən istifadə edib vaxtilə mənə etimad göstərib, Azərbaycan futbolunu bu təşkilatın ilk tədbirlərinin birində təmsil etmək səlahiyyəti verən bütün I Liqa klublarına və PFL-ə təşəkkür edirəm”.

Избранный
109
4
futbolinfo.az

6Источники