Bakı, 25 aprel, AZƏRTAC
Göyçay şəhərində Xalq şairi Rəsul Rzanın ev-muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “100 illik şanlı tarix” adlı tədbir olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin dil-ədəbiyyat müəllimi Ramilə Səlimova Naxçıvanın qədim tarixi, maddi – mədəniyyət abidələri ilə zəngin olduğunu deyib. Qeyd edib ki, Atabəylər və Möminəxatun məqbərələri Azərbaycan memarlığının nadir incilərindən hesab edilir.
“Görkəmli fikir, söz bahadırları, siyasi, hərbi xadimlər, tişə və fırça ustaları dünyaya Naxçıvanda göz açıblar. Ümummilli Lider Heydər Əliyev, unudulmaz Zərifə xanım Əliyeva və görkəmli dövlət xadimi Əziz Əliyev qədim Naxçıvan torpağının Azərbaycana və bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdəndir”, - deyə R.Səlimova vurğulayıb.
Natiq məruzəsində bədii nəsr ədəbiyyatımızda yeni ədəbi hadisə sayılan, öz fəaliyyətində daim vətənə xidməti həyat fəlsəfəsinə çevirən Cəlil Məmmədquluzadə və yaradıcısı olduğu “Molla Nəsrəddin” jurnalından da bəhs edib.
Tədbirdə tələbələr “Azərbaycanın Uralı, şah damarı Naxçıvan”, “Təbii bulaqlar muzeyi Naxçıvan” adlı məruzələrlə çıxış ediblər.
Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub, Naxçıvanın ədəbi mühitinin nümayəndələrinin nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.