RU

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Bakı, 25 aprel, AZƏRTAC

Pirallahı rayonunda 4 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzi və Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, yazıçı, mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Füzuli rindü şeydadır” adlı ədəbi-bədii gecə keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxananın direktor müavini Zahirə Dadaşova Məhəmməd Füzulinin dünya poetik fikrinin inkişafında misilsiz rol oynadığını qeyd edib. Bildirib ki, onun yaradıcılığı əsrlərdən bəri Yaxın və Orta Şərqin ədəbi fikrini öz təsiri altında qoruyub saxlayıb.

“Füzuli poeziyasının Türk xalqlarının mədəniyyətlərinin yaxınlaşması və qovuşmasında böyük əhəmiyyəti var. Bu gün türkdilli xalqların hər biri Füzulini öz doğma şairi kimi sevir və onun 530 illik yubileyini təntənəli şəkildə qeyd edir. Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün mənəvi qidadır”, - deyə Z.Dadaşova diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri olan Füzulinin həyat və yaradıcılığından, onun əsərlərinin təkcə ölkəmizin poeziyası üçün deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyətini vurğulayıblar.

Tədbirdə gənc ədəbiyyatsevərlər tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyada dahi şairin qəzəllərindən parçalar səsləndirilib.

Uşaqların ifasında “Leyli və Məcnun” əsərindən Leyli ilə anasının söhbəti və şairin “Meyvələrin söhbəti” kompozisiyası təqdim edilib.

Sonda qonaqlar şagirdlərin çəkdikləri Füzuli yaradıcılığına həsr olunmuş rəsm əsərləri və ənənəvi kitab sərgisi ilə tanış olublar.

Избранный
132
2
azertag.az

3Источники