RU

Malıbəylidə aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb (FOTO/VİDEO) (YENİLƏNİB)

Xocalı rayonunun Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
Bildirilib ki, işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) aprel ayının 24-də aparılan bərpa-quruculuq və abadlıq işləri zamanı insan qalıqlarının aşkar olunması faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 2 nəfərə aid sümük fraqmentləri tapılmış və bununla da, aşkar olunan insan qalıqlarının ən azı 8 nəfər şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilmişdir.
Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir.
xxx
14:33
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

Trend-in xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, aprelin 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti əraziyə ezam ediliblər.
İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub.
Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Избранный
250
36
xalqcebhesi.az

10Источники