“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messinin futbolçu karyerasından maraqlı fakt mətbuatda açıqlanıb.
Arena.az məlumat verir ki, Rusiyanın “Rubin” (Kazan) klubu “Leo”nun bir dəfədən artıq qarşı oynayıb heç bir səmərəli və ya məhsuldar fəaliyyətlə fərqlənmədiyi yeganə klubdur.
Argentinalı ulduz Kazan komandasına qarşı Çempionlar Liqası çərçivəsində keçirdiyi dörd oyunun heç birində nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
Lionel Messi “Barselona”nın heyətində “Rubin”ə qarşı ilk dəfə UEFA Çempionlar Liqasının 2009/2010-cu illər mövsümünün qrup mərhələsində oynayıb. “Barselona” evdə 1:2 hesabı ilə məğlub olub, səfərdə isə “quru” heç-heçə qeydə alınıb – 0:0.
2010/2011-ci illər mövsümündə isə Kazan təmsilçisi evdə 1:1 hesablı heç-heçə ilə qane olub, səfərdə isə “blauqrana” 2:0 hesablı qələbəyə sevinib.
Beləliklə, “Rubin” Lionel Messinin futbolçu karyerası ərzində bata bilmədiyi yeganə klub olaraq adını tarixə yazıb.
Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 24 oyun, 22 qol və 11 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.