RU

Anar Məmmədlinin qaçaqmalçılıq macəraları və Qərb şəbəkəsinin ifşası - FOTO

"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin rəhbəri Anar Məmmədlinin Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə məsuliyyətə cəlb edilməsi o qədər də təəccüblü olmadı. Çünki 2001-ci ildən "seçki eksperti" kimi fəaliyyət göstərən Anar Məmmədlinin Qərbin Azərbaycanda "təsir agenti" olduğu və göstərdiyi xidmətlər qarşılığında "qrant maqnatı"na çevrildiyi sirr deyil. O da sirr deyil ki, A.Məmmədli indiyə qədər proseslərdə "arxa planda" qalaraq, özünü gizlətməyə, qrant qaçaqmalçılığını başqa şəxslər və təşkilatlar üzərindən həyata keçirməyə çalışıb. Və bəlkə də buna görə, qanunsuz fəaliyyətini 20 ildən artıqdır həyata keçirə bilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Anar Məmmədlinin tərcümeyi-halına nəzər yetirdikdə onun fəaliyyətində bir neçə ştrix xüsusilə seçilir.

Birincisi, Qərb dairələrinin Azərbaycandakı maraqlarının həyata keçirib, xüsusilə seçki prosesinə müdaxilələrin edilməsi, neqativ kampaniyaların təşkili və anti-təbliğat üçün "arqumentlərin" hazırlanması işini görüb;
İkincisi, Qərbin Azərbaycandakı şəbəkəsinə qrant pullarının qanundan kənar yollarla çatdırılması və paylanılmasını həyata keçirib;
Üçüncüsü, Qərbə bağlı şəbəkəni təkcə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiyi qrantlarla yox, həm də yeni adamlarla təmin edib, xüsusilə gəncləri bu şəbəkə ətrafına cəbləyib.

Uzaq olmayan 2000-ci illərdə - postsovet məkanında "rəngli inqilab"ların uğur qazandığı dövrdə Qərb Azərbaycanı da hədəf taxtasına çıxarmışdı və bu məqsədlə aktiv şəbəkə formalaşdırmaq istiqamətində güclü iş aparılırdı. Həm siyasi müxalifətdə, həm vətəndaş cəmiyyətində qurulan şəbəkə eyni "missiyanı" icra edir, verilən tapşırıqlara uyğun olaraq, ölkənin ictimai-siyasi həyatına müdaxilələr edirdi. Anar Məmmədlinin ulduzu da həmin vaxt parlamağa başladı. Gənc "seçki eksperti" Qərb dairələrinin diqqət mərkəzinə tez düşmüşdü, yaxud onu məhz bu iş üçün hazırlamışdılar. Nəticə etibarilə A.Məmmədli Qərb dairələrinin xüsusi seçilmiş adamı kimi Azərbaycanın ictimi-siyasi həyatında "inamla addımlayırdı". Məmmədli həm siyasi müxalifətin qrant layihələri üzərindən maliyyələşməsində xüsusi rol oynayır, həm də Azərbaycanda keçirilən seçkilərə kölgə salınması, Qərb dairələrinin ölkəmizə qarşı informasiya və siyasi hücumlarında "arqument" kimi istifadə etdiyi "alternativ hesabat"ların hazırlanması işini icra edirdi. "Seçkilərin Monitorinq Mərkəzi"ni (SMM) də bu məqsədlə yaratmışdı.

2001-ci ilin 24 iyul tarixində A.Məmmədli tərəfindən təsis edilən SMM-nin əsas işi seçki və gənclərdən ibarət şəbəkənin qurulması olub. 2001-2008-ci illərdə Azərbaycanda keçirilən bütün seçkilərlə bağlı - parlament, bələdiyyə, prezident, referendum - mənfi hesabatlar SMM-ə məxsus olub. Seçki keçirilməyən dövrlərdə isə, xüsusilə 2005-ci ildən başlayaraq, A.Məmmədli regionlarda - Gəncə, Sumqayıt, Beyləqan, Mingəçevir, Göyçay, Quba, Cəlilabad, Şəki və Naxçıvanda SMM-nin "filial" və "nümayəndəliklər"ini yaradaraq, gəncləri öz çətiri altına toplayıb. Bu, A.Məmmədli və onun təsis etdiyi SMM-nin fəliyyətindəki görünən tərəflərdir. Görünməyən tərəfi A.Məmmədlinin AXCP sədri Əli Kərimli ilə gizli əlaqələrindən ibarətdir. Əslində A.Məmmədlinin "ulduzunun parlamasına" da bu kontekstdə baxa bilərik.

1998-ci il prezident seçkilərindən sonra Əli Kərimli Qərb dairələri, xüsusilə Soros şəbəkəsi ilə sıx təmaslar qurmağa başladı. Dövrün şərtlərinə görə qanundan yayındıra bildikləri qrant pullarını asanlıqla ölkəyə gətirə və mənimsəyə bilirdilər. "Soros" və "Marşal Fondu" kimi donor təşkilatlar əsas mənbələr idi. Bu təşkilatlardan qrantların alınması üçün arxasında Əli Kərimlinin olduğu 5 QHT yaradılmışdı və işi koordinasiya edən də o vaxt AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini olan Fuad Mustafayev idi. Söhbət nə az, nə çox, milyonlarla dollar vəsaitin əldə edilməsindən gedir. Lakin AXCP sədri Qərbin Azərbaycandakı planlarının icrasını effektli şəkildə həyata keçirə bilmədiyi üçün qrantların verilməsində problemlər yaranıb. Məlumatlara görə, donor təşkilatları pulların mənimsənildiyindən, layihələrə xərclənmədiyindən şübhələnirmiş. Buna görə Ə.Kərimlinin QHT-ləri ilə işləməkdən imtina edirlər. Daha sonra ortaq nöqtənin tapılması qərarı verilir. Məsələni yerində araşdırmaq üçün Aleks Qriqoryevs (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu deyilən Qriqoryevs sonradan Milli Demokratiya İnstitutunun (NDİ) Bakı ofisinin rəhbəri kimi 2012-ci ildə "facebook inqilabı" planını həyata keçirməyə cəhd edib) Azərbaycana göndərilir. Onun hazırladığı hesabatlara əsasən qərara gəlinir ki, qrant layihələri həm Qərb dairələrinə, həm də Əli Kərimliyə yaxın olan şəxslər üzərindən icra edilsin. Anar Məmmədli Qərb dairələrinin (birbaşa Aleks Qriqoryevs tərəfindən də olduğu deyilir) seçdiyi şəxs kimi məhz bu dövrdə ortaya çıxır və onun yaratdığı SMM "vasitəçi", "koordinator" rolunu yerinə yetirməyə başlayır. Məmmədli həm seçkilərlə bağlı mənfi hesabatlar hazırlayır, həm qrant pullarının AXCP-yə çatdırılması işini görür, həm də gəncləri təşklilatlandırırdı. Lakin A.Məmmədlinin də Əli Kərimli ilə əlbir olaraq, donor təşkilatlarını aldatdığı haqda məlumatlar var. Misal üçün, Məmmədli seçkilərlə bağlı layihələrə əsasən AXCP gənclərini heç bir ödəniş olmadan cəlb edir, onların adına rəsmiləşdirdiyi pulları Əli Kərimli ilə bölüşdürürdü. Hətta seçkilərin birində 100 min dollarlıq qrantın 97 min dollarının Əli Kərimliyə çatmasının Məmmədlinin təşkilatında işləyən əməkdaşları tərəfindən narazılığa səbəb olduğu haqda məlumatlar var.

2008-ci ildə Anar Məmmədlinin rəhbərlik etdiyi SMM-də qrantların qeyri-şəffaf xərclənməsi və vergidən yayınması faktı ortaya çıxdı. Buna görə təşkilatın dövlət qeydiyyatı ləğv olundu. Faktlara görə, Məmmədli təşkilatının adına aldığı qrantları fiziki şəxs kimi sənədləşdirərək, vergidən yayınırdı. SMM-nin ləğvindən sonra Məmmədli ad dəyişikliyinə gedərək, "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"ni (SMDTM) yaratdı. Bu, həm fəaliyyətini davam etdirməyə hesablanmışdı, həm də seçkilərin keçirilmədiyi dövrlərdə "demokratiyanın tədrisi" adı altında daha çox qrant layihəsinin əldə edilməsinə. Məmmədli qanunun "radarına" düşsə də, qeyri-qanuni fəaliyyətindən əl çəkmədi. 2008-2013-cü illərdə SMDTM adı ilə aldığı qrantları yenə "fiziki şəxs" kimi rəsmiləşdirirdi. Məlumatlara görə, 5 il ərzində Məmmədlinin fiziki şəxs kimi yaratdığı bank hesabına 480 min dollar vəsait daxil olub. Bununla yanaşı, o, qrant layihələrini fərqli təşkilatların adından icra etmək fəndinə də əl atmışdı. Bu məqsədlə SMDTM-i Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və Demokratik Jurnalistika Məktəbi (DJM) ilə birləşdirmişdi.

2013-cü il prezident seçkilərinin gözdən salınması, Qərbdə anti-Azərbaycan dairələrin "istinad etdiyi" mənfi hesabatların hazırlanması üçün A.Məmmədliyə 276 min dollar qrant ayrılıb. Donor təşkilat Milli Demokratiya İnstitutu (NDİ) idi və cəmi bir il öncə - 2012-ci ildə Bakıda inqilab ssenarisi uğursuz olan Aleksey Qriqoryevs məhz Anar Məmmədliyə layihə ayrılmasında "zamin" rolunu üzərinə götürmüşdü. Məmmədli 276 min dollarlıq qrant layihəsini KBƏİB və DJM üzərindən rəsmiləşdirdi, çünki 2013-cü ildə qrantların qeydiyyatı ilə bağlı qanuna edilən dəyişikliklər pulların SMDTM üzərindən əldə edilməsini çətinləşdirmişdi. Məmmədlinin fəaliyyətində qanun pozuntuları aşkar edildiyi üçün o, 2014-cü ildə həbs edildi, iki il sonra - 2016-cı ildə Prezidentin əfv sərəncamı ilə azadlığa çıxdı. Və Qərb dairələrinin tapşırıqlarının yerinə yetirilməsi, qrant qaçaqmalçılığı işini qaldığı yerdən davam etdirməyə başladı.

2018-ci il prezident, 2019-cu il bələdiyyə və 2020-ci il parlament seçkilərində dövlət qeydiyyatı olmayan SMDTM mənfi hesabatların hazırlanması işini "layiqincə" yerinə yetirdi. Və çox maraqlıdır ki, Qərb dairələri dövlət qeydiyyatı olmayan bu təşkilatı "alternativ mənbə" kimi qəbul edir. Təkcə bu məqam A.Məmmədlinin Azərbaycanda "təsir agenti" kimi əsas missiyasının nədən ibarət olduğunu anlamağa imkan verir. Təsadüfi deyil ki, Məmmədlinin rəhbərlik etdiyi təşkilat fəaliyyəti dövründə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının tədbirlərində əsas iştirakçılardan biri olub, eləcə də Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması (EPDE) və ATƏT-in DTİHB-nin müşahidə missiyalarının tərkibində müxtəlif ölkələrdə seçki müşahidəçiliyini həyata keçirib. Bu, SMDTM-nin "beynəlxalq nüfuzlu" təşkilata çevrilməsi və Azərbaycandakı seçkilərlə bağlı hazırladığı mənfi, qərəzli hesabatlara istinadın legitimləşdirilməsi məqsədi daşıyır.

A.Məmmədlinin sonuncu missiyası 2024-cü ilin 7 fevral prezident seçkilərində təxribatların törədilməsi idi. O, 7 fevral tarixindən aylar öncə seçkinin legitimliyinə kölgə salmaq kampaniyasına başladı. Seçki günü isə məntəqələrdə "fakt"ların toplanması, mənqətə əməkdaşları və polislərlə qarşıdurmaya gedərək, neqativlərin yaradılması işini həyata keçirməyə çalışırdılar. Məlumatlara görə, A.Məmmədli 500 nəfərlik "müşahidəçi qrupu" yaradacağı vədi ilə Qərbin donor təşkilatlarından 350 min manat qrant əldə edib, seçki günü isə cəmi 15-20 nəfərlik qrup yaradaraq, ayrılan vəsaiti mənimsəyib. Təxribat planları baş tutmadı, lakin 7 fevral seçkisi Qərb şəbəkəsini tamamilə ifşa etdi.

- Anar Məmmədlinin rəhbərlik etdiyi SMDTM;
- "Toplum Tv" və kanalda Xədicə İsmayılın rəhbərlik altında fəaliyyət göstərən jurnalistlər;
- AXCP sədri Əli Kərimli və başının dəstəsi;
- Xaricdə Azərbaycan qarşı kampaniyalarda və hücumlarda iştirak edən, bir çox hallarda erməni diasporu/lobbisi ilə paslaşan "azərbaycanlı şəbəkəsi": misal üçün, Tükiyədə yaşayan, "Agos" və "ermənihaber" saytının əməkdaşı Arzu Qeybulla, Almaniyada yaşayan "Fakt Yoxla" layihəsinin rəhbəri Leyla Mustafayeva (Əfqan Muxtarlının keçmiş həyat yoldaşı olan L.Mustafayeva hazırda erməni diasporu/lobbisinin təşviqi ilə Fransanın Azərbaycana qarşı media üzərindən həyata keçirdiyi təxribat layihələrində də iştirak edir), hüquq müdafiəçisi İntiqam Əliyev və digərləri; Anar Məmmədli fəaliyyətini bu şəxslərlə sıx koordinasiya edir.

Əslində A.Məmmədlinin seçki günü təxribat törətmək məqsədilə donor təşkilatlarından aldığı 350 min manatın şəbəkə arasında bölüşdürüldüyü sirr deyil. Seçki günü təxribat qrupuna əsasən AXCP gənclər təşkilatının üzvlərinin daxil olması, onların təxribat məqsədli "faktlarının" "Toplum Tv"-nin redaksiyasına ötürülməsi də bunu deməyə əsas verir.
A.Məmmədlinin donor təşkilatlarını aldatdığı, ayrılan vəsaitləri mənimsədiyi faktı təkcə bununla bitmir. Mediada yayılan səs yazısı bu kontekstdə xüsusilə diqqət çəkir. SMDTM-nin qrantın xərclənməsi ilə bağlı hesabatında uyğunsuzluq tapan şəxs (səs yazısından aydın olur ki, bu şəxs xarici donor təşkilatlarının əməkdaşıdır) A.Məmmədliyə bildirir ki, "biz sizi bir neçə dəfə maliyyələşdirmişik, lakin siz 2011-ci ildə cəmi bir dəfə olduğunu yazmısınız. Mən xatırlayıram ki, ən azı 2 dəfə, bəlkə də 3 dəfə olub". A.Məmmədli bunu "arxiv sənədlərinin itməsi" ilə əlaqələndirir, daha sonra isə üç dəfə - 2008-ci ildə, 2010-cu ildə və 2011-ci ildə olduğu haqda məlumat verir. Yazışmada qeyd olunur ki, A.Məmmədli 2008-ci ildə 49 min dollar, 2010-cu ildə isə 25 min dollara yaxın vəsait alsa da, hesabatda yalnız 2011-ci ildə aldığı vəsaiti göstərir. Görünür, bununla qrant vəsaitlərini mənimsəməsini gizlətməyə çalışıb.

A.Məmmədlinin son üç ildə əldə etdiyi vəsait isə sözün həqiqi mənasında fantastika hesab edilə bilər. Söhbət 1,5 milyon manata yaxın vəsaitdən gedir və bu, bir QHT üçün kifayət qədər böyük məbləğdir. Məlumatlara görə, A.Məmmədli 2021-2024-cü ildə aşağıdakı təşkilatlardan qrantlar alıb:

- Gürcüstanın "Human Rights House Tbilisi" təşkilatından 2.265 avro;
- Fransanın "Equal Rights İndependent Media" təşkilatından 4 570 avro;
- İsveçin "Swedish International Liberal Centre"(SILC) təşkilatından 12.625 ABŞ dolları;
- Norveçin "Norwegian Human Rights House Foundation" təşkilatından 24 850 avro;
- İsveçrədə yerləşən "Human Rights House Foundation" təşkilatından 27 020 avro;
- Belçikanın "İnternational Partnership for Human Rights" (IPHR) təşkilatından 43 290 avro;
- ABŞ-ın "The National Endowment for Democracy (NED) təşkilatından 53 770 avro və 75 010 dollar;
- Çexiyanın "Prague Civil Society Centre" təşkilatından 59 850 avro;
- ABŞ-ın "German Marshall Fund" təşkilatından 74 411 dollar və 27 215 avro;

Bununla yanaşı, 170 635 avro və 243 020 dollar təşkil edən layihələr də daxil olmaqla, ümumilikdə 1 milyon 441 min manat məbləğində "qrant" vəsaiti əldə edib. Və bu qədər vəsait Anar Məmmədlinin hesabına son üç ildə daxil olub. Bəllidir ki, Anar Məmmədli bu qədər vəsaiti təkbaşına "xərcləyə" bilməz, bunu ona nə vəsaiti verən dairələr, nə də ölkə daxilindəki Qərb şəbəkəsi imkan verməz. Bu vəsaitin ümumilikdə Azərbaycandakı Qərb şəbəkəsinə çatdığı və qrantların xərcləndiyi istiqamətlər bəllidir.

1. Seçkilərlə bağlı təxribatların təşkili və neqativ hesabatların hazırlanması: son seçkilərdə bu çılpaqlığı ilə ortaya çıxdı;
2. İnformasiya sektorunda Azərbaycanın ictimai rəyinin manipulyasiya edilməsi və dövlət siyasətinə kölgə salan infotəxribatların yayılması: "Abzas.net", "Toplum Tv" kimi informasiya resursları bu işi həyata keçirirdi;
3. Regionlarda təşkilatlanma, şəbəkəyə yeni üzvlərin cəlb edilməsi: SMDTM-in regionlar üzrə kooordinatorların sayı göstərir ki, şəbəkə bütün regionlara yayılıb. Bakı üzrə Aygün Veysəlova, Gəncə üzrə Asəf Əhmədov, Beyləqan üzrə Əmir Orucov, Kürdəmir üzrə Samir Məmmədov, Şəki üzrə Vüqar Cəfərov, İmişli üzrə Azər Əliyev və s.

Seçkilərdən sonra əsas hədəf COP29 olub. A.Məmmədli bu məqsədlə bir qrup "qrantyeyən" QHT-lərlə birləşərək, "Ədalət Mühiti Təşəbbüsü"nü təsis edib. COP29 tədbirindən öncə diqqəti "quru sərhədlərinin açılması", "qadınlara qarşı zorakılıq", "QHT-lər və Qrant haqqında qanunlara dəyişiklik edilməsi" kimi məsələlərə yönəltməyə çalışırlar. Məqsəd bəllidir:

- Ənənəvi olaraq, Qərbdə aralarında erməni diasporu/lobbisinin də olduğu anti-Azərbaycan dairələri Bakıda beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən vaxt diqqəti neqativ məqamlar üzərinə yönəldir, belə neqativlər tapmasalar belə "yeni problemlər" uydururlar: COP29 tədbiri öncəsi də eyni taktikadan istifadə edəcəkləri gözləniləndir;
- Məmmədli başda olmaqla "qrantyeyən şəbəkə" bütün dünyanın diqqətini Azərbaycana cəlb edəcək COP29 tədbiri ərəfəsində anti-Azərbaycan dairələrin planlarından yararlanmaq, yeni "qrant layihələri" almaq istəyirlər: bunun üçün artıq COP29 öncəsi diqqəti "neqativlərin" üzərinə çəkmək addımları atılır;

Bu məqamlar A.Məmmədli üçün milli maraqlar yox, məhz "qrant layihələri"ndən nə qədər gəlir əldə etməsinin vacib olduğunu göstərir. Son üç ildə 1,5 milyon manata yaxın vəsaiti də məhz milli maraqlara qarşı fəaliyyəti hesabına əldə edib.

A.Məmmədlinin milyon yarım manatı hansı yolla əldə etməsi isə "qrant qaçaqmalçılığı" şəbəkəsinin gizli mexanizmini yenidən gündəmə gətirir. Məlumatlara görə, Məmmədli xarici donor təşkilatlardan "qrant layihələri" adı altında aldığı vəsaiti Gürcüstanın TBC bankında öz adına açmış 4 hesab vasitəsilə nağdılaşdıraraq, qanunsuz yollarla Azərbaycana gətirib. O, "qrant qaçaqmalçılığı"na digər şəxsləri də cəlb edib. Bunun üçün əvvəlcə həmin şəxsləri xarici donor təşkilatları tərəfindən dəstəklənən beynəlxalq təlim və tədris proqramlarına göndərib, onların qəbul olunması üçün tövsiyə xarakterli məktublar yazıb, daha sonra donor təşkilatları tərəfindən "qəbul edilən" bu şəxsləri qaçaqmalçılıq işinə daxil edib. "Məclis.info" layihəsinin təsisçisi İmran Əliyev A.Məmmədli tərəfindən "qrant qaçaqmalçılığına" cəlb edilənlərdən biridir. Onun beynəlxalq təlim və tədris proqramlarında iştirakını da Məmmədli təşkil edib. Məlumatlara görə, İmran Əliyev son 5 ildə - 2019-2024-cü illər ərzində bir milyon manata yaxın vəsait əldə edib.

- ABŞ-ın "Freedom House INC" təşkilatından 890 dollar;
- ABŞ-ın "International Research & Exchanges" təşkilatından 1.761 dollar;
- Belçikanın "International Partnership for Human Rights" təşkilatından 2.600 avro;
- Gürcüstanın "Human Rights House Tbilisi" təşkilatından 9.069 lari (5.770 AZN);
- İsveçrənin "Human Rights Information and Documentation Systems" (HURIDOCS) təşkilatından 3.737 dollar;
- ABŞ-ın "Internews" təşkilatından 6.420 dollar;
- Fransanın "Equal Rights İndependent Media" təşkilatından 8.350 avro;
- Niderland Krallığının "Netherlands Helsinki Committee" təşkilatından 10.050 avro;
- ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə "USAİD" təşkilatından 16.434 avro;
- ABŞ-ın "Counterpart International İNC" təşkilatından 23.781 dollar;
- ABŞ-ın "Journalism Development Network Pred" təşkilatından 34.561 dollar;
- ABŞ-ın "The National Endowment for Democracy (NED)" təşkilatından "Azərbaycanda rəqəmsal hüquqların maarifləndirilməsi və qorunması" layihəsi çərçivəsində 39.240 dollar;
- Avropa İttifaqına üzv dövlətlər tərəfindən yaradılmış, mərkəzi Belçikada yerləşən "The European Endowment for Democracy" təşkilatından 54.450 avro;
- ABŞ-ın "German Marshall Fund" təşkilatından "Məclis info" layihəsi çərçivəsində 56.930 dolları (əlavə olaraq 2024-2025-ci illəri əhatə edən dövr üçün nəzərdə tutulmuş 30.010 avro);
- "Black Sea Trust for Regional Cooperation" layihəsi çərçivəsində 69.880 avro;
- Çexiyanın "Prague Civil Society Centre" təşkilatından 90.004 avro;

Bu dövr ərzində İ.Əliyevin əldə etdiyi vəsait ümumilikdə 833 min manat təşkil edir. Bu vəsaitin bir hissəsi - 297 min manatı Gürcüstanın "TBC Bank"ında açdığı şəxsi hesabına köçürülüb, qaçaq yolla ölkəyə gətirilib.

Qərb və onun Azərbaycandakı şəbəkəsi "Gürcüstan marşrutundan" ilk dəfə 2013-cü ildə qrantlarla bağlı qanuna dəyişiklik edilməsindən sonra istifadə etməyə başladı. Məqsəd "qrant layihələri" adı altında ayrılan vəsaitləri dövlətin diqqətindən yayındıraraq, qanunsuz şəkildə ölkəyə daxil etmək idi. Bu mexanizm bir neçə istiqamətdə işləyir.

- Vəsait müxtəlif ölkələrdə yaradılan bank hesablarına köçürülür və əsasən Gürcüstanda nağdlaşdırılaraq, gətirilir;
- Birbaşa Gürcüstanda yaradılan bank hesabına köçürülür, orada nağdlaşdırılaraq əldə edilir;
- İŞİD kimi terror təşkilatlarının istifadə etdiyi "hawala sistemi" üzərindən əldə edilir: "yeraltı bankçılır" adlandırılan bu sistemdə heç bir fiziki iştirak tələb olunmur, anonimlik qorunur, rəsmi qeydlər saxlanılmır və pulun mənbəyini izləmək mümkün deyil.

"Abzas Media" və "Toplum Tv" işində bir daha təsdiq edildi ki, "qrant layihələri" adı altında ayrılan vəsaitlər Azərbaycana bu yolla gətirilir. Bununla yanaşı, Qərb şəbəkəsinin metodlardan biri də "adsız bank kartları"ndan istifadədir. Məlumatlara görə, "Məclis.info"nun təsisçisi İmran Əliyev, "Abzas Media"nın rəhbəri Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı xarici ölkələrə məxsus olan "adsız bank kartları"ndan istifadə edib və bu kartlara köçürülən pulları nağdalaşdırıblar. "Adsız kartlar" Gürcüstanın TBC, Böyük Britaniyanın EML və ABŞ-nin "US Bank Reliakard" banklarına aid olub.

Maliyyələşmənin bu qədər gizli şəkildə aparılması, hətta terror təşkilatlarının mexanizmlərindən istifadə edilməsi səbəbsiz deyil. Qərb öz şəbəkəsinin ifşa olunmasını istəmir, əslində "qrant layihələrində" bu qədər yeyintinin olmasına donor təşkilatlarının "göz yumması" da bundan qaynaqlanır. Çünki məqsəd Qərbin Azərbaycandakı planlarını uyğun olaraq, ölkənin ictimai-siyasi həyatına müdaxilələr etmək və qarışıqlıq yaratmaqdır. Bunun uğrunda milyonlarla "yeyinti" Qərb üçün o qədər də vacib görünmür.

Qərb üçün vacib olan qanunsuz şəkildə maliyyələşdirdiyi QHT və media şəbəkəsinin mövcudluğunu davam etdirməsi, yerli hökumətlərə təzyiq rıçaqlarını əlində saxlamaqdır. Bu, Qərbin klassik siyasətinin tərkib hissəsidir. Məhz buna görə ABŞ başda olmaqla Qərb QHT və media sahəsində şəffaflıq və qanunun təmin olunmasına qarşı çıxır, bunu "demokratik prinsiplərə" zidd elan edərək, müxtəlif vasitələrlə mane olmağa çalışır. Azərbaycanda qrant layihələri ilə bağlı qanunun dəyişdirilməsi Qərb şəbəkəsinin maliyyələşdirməsində çətinlik yaratdığı üçün hələ də bunu tənqid edir, qanunun yumşaldılması üçün rəsmi Bakıya zaman-zaman təzyiq edirlər.

Bu gün Gürcüstanda baş verənlər də eyni siyasətin davamıdır. Gürcüstan hökumətinin "xarici agent" haqqında qanunu qəbul etmək istəyi süngü ilə qarşılanır. Halbuki, ABŞ-da "xarici agent" haqqında qanun 86 il əvvəl - 1938-ci ildə qəbul olunub, "Xarici Agentlərin Qeydiyyatı Aktı" (FARA-Foreign Agents Registration Act) adı ilə bu gün də mövcuddur. Maliyyə qaynaqlarının 20 faizdən çox hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və şirkətlər ABŞ-də "Xarici Agentlərin Qeydiyyatı Aktı"nın təsir dairəsinə düşür. Lakin ABŞ özündə mövcud olan qanunun digər ölkələrdə qəbul edilməsinə qarşı çıxır. Səbəb sadədir: bu qanun ABŞ-ın başqa ölkələrdə yaratdığı şəbəkənin fəaliyyətini məhdudlaşdırır və onun planlarının icrasına maneə yaradır, eləcə də yeni şəbəkə formalaşdırmaq imkanlarını azaldır. Gürcüstana edilən təzyiqlər də bundan qaynaqlanır.

90 faizi Qərbdən maliyyələşən 25 min QHT-nin mövcud olduğu Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsi gündəmə gələn kimi Qərb öz şəbəkəsini hərəkətə keçirir, həm küçələrdə xaos yaradır, həm də siyasi hakimiyyətdə özünə yaxın şəxsləri-qrupları aktivləşdirir. Bu qanun qəbul edilərsə, Qərbin Gürcüstandakı bütün şəbəkəsi çökəcək və bu, təkcə Gürcüstanı "nəzarətdə saxlamaq" imkanının itirilməsi yox, həm də Azərbaycana dair planlarının alt-üst olması deməkdir. Çünki Gürcüstan Qərbin Azərbaycanla bağlı planlarında əsas platforma kimi seçilib. Qərb şəbəkəsinin qanunsuz maliyyələşməsinin illərdir Gürcüstandan həyata keçirilməsi də bunu təsdiq edir. Qərb dairələri bununla həm Azərbaycandakı şəbəkəni təmin edir, həm də Gürcüstandakı şəbəkə ilə koordinasiyalı fəaliyyət göstərməsini həyata keçirir. Gürcüstanda "xarici agentlər" haqqında qanuna edilən etirazla Azərbaycanda şəbəkənin sıradan çıxması istiqamətində atılan addımların tənqid edilməsi bir-birinə bağlı məsələlərdir. Qərb dairələri Cənubi Qafqazda təsir rıçaqlarını itirməkdən qorxur. Artıq Azərbaycandakı məlum şəbəkə dağıdılır: "Abzas media", "Toplum Tv", SMDTM və şəbəkənin digər qanadlarının ifşası xarici güclərin Azərbaycana müdaxilə siyasətinin qarşısının alınması, təkcə bu gün yox, həm də gələcəkdə ölkəmizin milli maraqlarının qorunması məqsədi daşıyır. Bu baxımdan, Qərbə bağlı şəbəkənin bütün qanunsuz fəaliyyətinin ifşa edilməsi, qanunu pozanların hakim qarşısında çıxarılması zərurəti var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Избранный
139
3
milli.az

4Источники