“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 33-cü turunun “Zirə” ilə ev oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Üzücü məğlubiyyətdir. 90 dəqiqə üstün oynadıq. Fərdi səhvlərdən sonra rəqib qollar vurdu. Çoxlu qol epizodlarımız oldu. Son üç oyunun hamısında rəqiblər bizdən oyun baxımından üstün olmayıb. Fərdi keyfiyyət öz sözünü dedi. Son matçlarda qırmızı vərəqələr bizi pis vəziyyətdə qoydu. Bu, olmamalıdır. Qarşımızdakı məqsəd liqada möhkəmlənməkdir. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. “Sumqayıt”la oyundan sonra şanslarımız azaldı. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer alardıq. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bilirik ki, bölgədə çalışmaq çətindir, təzyiq çoxdur. Bunun öhdəsindən gəlməliyik.
Bir şeyi qəbul etmək lazımdır ki, Tovuzda kütlə böyükdür. Biz onlarla mütəmadi danışırıq. Azarkeş fikirləri fərqlidir, hər kəsi razı sala bilmərik. Bəzən elə şeylər istəyirlər ki, reallıqdan kənara çıxırlar. Bəziləri hansı əziyyəti çəkdiyimizi bilmirlər.
“Turan Tovuz” mənə yad deyil, burada futbol oynamışam. Mənim yerimdə başqası olsa, yenə eyni problem yaranacaq. Bilmirəm, məndən niyə xoşları gəlmir. Keçən il deyirdilər ki, komada az qol vurur. Bu il qol vururuq, yenə narazıdırlar. Rəhbərliyə söz vermişəm. Bacarmasam, çıxıb gedəcəyəm. Buradan yapışıb qalmamışam. Digər komandalar qədər pul xərcləməmişik. Komanda baxımlı futbol oynayır. Ən çox qol vuran komandayıq”.