Türkiyə Parlamentinin Rəqəmsal Media Komissiyasının rəhbəri Hüseyn Yayman “TikTok”un ölkədə bloklana biləcəyini deyib. Yeniavaz.com xəbər verir ki, o, bu barədə NTV telekanalının efirində bildirib. Komissiya sədri sosial şəbəkənin bloklanması ehtimalını onun türk ailəsinin təməlinə “dinamit qoyması” ilə əlaqələndirib. “TikTok ABŞ-də qadağan edildi, biz bu qadağaya qarşıyıq, ancaq Türkiyədə də vəziyyət mürəkkəbləşə və qanunvericilik səviyəsində qadağaya səbəb ola bilər”, - komissiya sədri bildirib. O, həmçinin “TikTok” sosial şəbəkəsini yaranmış ziddiyyətləri aradan qaldırmaq üçün öz nümayəndəsini Türkiyəyə göndərməyə çağırıb. Qeyd edək ki, bundan əvvəl Çinin “ByteDance” şirkəti ABŞ-nin şirkətin sahibi olduğu məşhur “TikTok” video tətbiqini satmağa məcbur edən qanunu qəbul etməsindən sonra biznesini satmaq niyyətində olmadığını bildirmişdi. Çin hökuməti isə “TikTok”un satılmasındansa, ABŞ-də qadağan olunmasına üstünlük verdiyini bəyan etmişdi.