RU

“Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişikliklər təsdiqləndi

“Tütün

Bakı, 24 may, AZƏRTAC

Milli Məclis “Tütün və tütün məmulatı haqqında” qanuna daəyişikliklərlə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi tütün məmulatlarının və alkoqollu içkilərin yerli istehsalının rəqabət qabiliyyətinin artırılması və ixracının genişləndirilməsi, tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkilini özündə ehtiva edir.

Sənədə əsasən, yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq, hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadənin həcmi artırılacaq.

Həmçinin sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalının həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin subyektlərin müraciəti əsasında qeydiyyata alınır.

Qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilir və həmin subyektlərə Reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış verilir. Reyestrdən çıxarışın verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.

Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, Reyestrin aparılması qaydası və Reyestrin əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilməklə müntəzəm olaraq yenilənir və bu məlumatlar istifadəçilər üçün açıqdır.

Qeydiyyata alınmadan tütün məmulatının idxalı və istehsalı fəaliyyətinin həyata keçirilməsinə, o cümlədən bu fəaliyyət üzrə bu Qanunun 10.2-ci və 10.3-cü maddələrində nəzərdə tutulan qeydiyyat şərtlərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləri aşağıdakılardır:

– avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan az olmayan məbləğdə investisiyanın qoyulması;

– Vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsində Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

– vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin olması;

– tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” qanuna uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması;

– keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması.

Bu Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə riayət etməlidirlər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

Избранный
90
7
azertag.az

10Источники