BMT Azərbaycanla 2026-2030-cu illər üçün yeni Çərçivə sazişi istiqamətini müəyyənləşdirmək üzərində işləyir.
İnterpress.az bildirir ki bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.
“2021-2025-ci illəri əhatə edən proqramın dördüncü ilində olduğumuz üçün bu il fəaliyyətimizi müstəqil qiymətləndirmək, qarşımıza qoyduğumuz nəticələrə nail olub-olmadığımızı, nəyin yaxşı getdiyini və harada daha yaxşı edə biləcəyimizi müəyyən etmək üçün xarici qiymətləndirmə aparırıq. Ən əsası, hökumət və digər maraqlı tərəflərlə birlikdə 2025-ci ildə növbəti Əməkdaşlıq Çərçivəsini hazırlayarkən hansı tövsiyələri nəzərə almalıyıq”, – o bildirib.
V.Andreyevanın sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan ilə BMT arasında əməkdaşlığın strateji istiqamətləri dəyişilib. Yardımlara əsaslanan əməkdaşlıqdan tərəfdaşlığa əsaslanan əməkdaşlığa keçilib:
“Azərbaycan və BMT arasında DİM (Dayanıqlı İnkişaf Məqsədləri) irəlilədilməsi üçün tərəfdaşlığı müəyyən edən hazırkı BMT-Azərbaycan Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinə uyğun olaraq, biz hökumətlə aşağıdakı istiqamətlərdə işləyirik: həssaslığı azaldan və dayanıqlığı artıran inklüziv qrupların təşviqi, dövlət və sosial xidmətlərin təkmilləşdirilməsi üçün daha güclü institutların yaradılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli, qadınların və qızların səlahiyyətlərinin artırılması”.
O qeyd edib ki, 11-i Azərbaycanda yerləşən BMT-nin ümumilikdə 18 agentliyi, fond və proqramı milli inkişaf prioritetlərinə dəstək məqsədilə bu prioritet sahələrdə proqramlar həyata keçirir./Report